Bir insanın nə zəngin olması, nə də dünyada güc və ya hakimiyyət sahibi olması axirətdə ona heç bir fayda verməyəcəkdir. İnsan dünyada nə qədər çox mal-dövlətə sahib olsa da, ölümündən sonra bu sərvət ona heç bir yarar gətirməz. Əgər inkar edənlərdəndirsə, digər inkar edənlərlə eyni aqibəti yaşayaraq cəhənnəm əzabına düçar olacaqdır. Dünyada zənginliyinə görə fərqli münasibət görən bu insanlar axirətdə görünməmiş bir alçaldılma ilə üzləşəcəklər. Bu da onların dünyada mal-dövlətlərinə güvənərək təkəbbür göstərmələri və Allahın ayələrini qəbul etməmələri səbəbindəndir.
Axirətdə insanlar Allaha iman etmələrinə və Ondan qorxaraq Onun istədiyi davranışları göstərmələrinə görə qiymətləndiriləcəklər. Dünyadakı zənginlik və ya mövqe onlara heç bir üstünlük qazandırmayacaqdır. Zənginliyin Allah qatında heç bir dəyərinin olmadığını bildirən ayələrdən biri belədir:
Biz hansı bir məmləkətə xəbərdar edən bir elçi göndərdiksə, oranın naz- nemət içində yaşayan başçıları: “Biz sizinlə göndərilənləri inkar edirik”, – dedilər. Onlar: “Biz mal-mülk və övlad cəhətdən daha çoxuq, əzaba düçar olası da deyilik”, – dedilər. De: “Həqiqətən, Rəbbim istədiyinin ruzisini artırar, istədiyinin ruzisini də azaldar. Lakin insanların çoxu bunu bilmir”. Sizi bizə yaxınlaşdıran nə malınızdır, nə də övladlarınız. İman edib yaxşı işlər görənlər isə bundan istisnadır. Onlar üçün etdikləri əməllərin qat-qat çoxu vardır. Onlar (cənnətdəki) otaqlarda əmin-amanlıq içində olacaqlar. (Səba surəsi, 34-37)

