Zaman hissi və yaddaşın sirri

Allah qatında zaman yoxdur

Allah qatında zaman yoxdur. Bütün hadisələr bir anda baş verir və o “bu andır”. Bir çox təlqinlərə görə zamanın keçmiş, indi və gələcək olduğunu zənn edirik. Əslində isə keçmişi qavramağımızın yeganə səbəbi hafizəmizə bəzi hadisələrin verilməsidir. Məsələn, orta məktəbə getdiyimiz an hafizəmizdə olan hər hansı bir məlumatdır və buna görə də biz bunu keçmiş hadisə kimi qiymətləndiririk. Gələcəklə bağlı hadisələr isə hafizəmizdə yoxdur. Buna görə də biz hələ xəbərdar olmadığımız hadisələri “yaşanacaq”, “gələcəkdə baş verəcək” hadisələr kimi qəbul edirik. Əslində, necə ki, keçmiş hadisələr bizim üçün yaşanmış, təcrübədən keçirilmiş, görülmüş hadisələrdirsə, gələcək hadisələr də artıq yaşanmışdır. Ancaq bu hadisələr bizim hafizəmizə verilmədiyi üçün biz bunları bilmirik.

Əgər Allah gələcəklə bağlı hadisələri də hafizəmizə versəydi, onda gələcək də bizim üçün keçmiş olardı. Məsələn, 30 yaşlı insanın hafizəsində 30 illik xatirələr var və bu səbəbə görə bu insan 30 illik bir keçmişi olduğunu düşünür. Əgər bu insanın hafizəsinə 30-la 70 yaş arasındakı gələcəyinə dair xəbərlər verilsəydi, onda 30 yaşlı insan üçün həm 30 ili, həm də 30-la 70 yaşı arasındakı “gələcəyi” keçmiş zamana çevrilərdi. Çünki bu vəziyyətdə keçmişi də, gələcəyi də hafizəsində mövcud olacaq, hər ikisi də onun üçün yaşanmış, görülmüş, təcrübədən keçirilmiş hadisələr olacaq.

Allah hadisələri bizə kiçikdən böyüyə doğru, sanki keçmişdən gələcəyə doğru davam edirmiş kimi hiss etdirir. Buna görə də O, bizə gələcəyimizlə bağlı hadisələri bildirmir, bunlar haqqında məlumatı hafizəmizə yerləşdirmir. Gələcək bizim hafizəmizdə yoxdur, amma Allahın sonsuz hafizəsində bütün insanların keçmişi və gələcəyi vardır. Bu, bir insanın artıq mövcud olan filmi seyr etməsinə bənzəyir. Film artıq çəkilmiş və bitmişdir. Ancaq bu filmi irəliyə ötürə bilməyən insan kadrları bir-bir seyr etdikcə həyatını görür. Hələ seyr etmədiyi kadrların isə gələcək olduğunu zənn edərək yanılır.

Allah görüntülərin hamısını “bu an” bizim bilmədiyimiz şəkildə görür və eşidir. Allah bizim eşidə bilmədiyimiz dalğa ölçüsündəki səsləri eşidir və görə bilmədiyimiz görüntüləri görür. Bizim şahid olduğumuz və olmadığımız bütün hadisələr və səslər Allah qatında hər an canlı şəkildə mövcuddur. Onların heç biri itmir, hər zaman Allahın hafizəsində bütün detalları ilə yaşanır.

Amma bunu doğru anlamaq lazımdır: bu səhnələrin heç biri xatirə və ya xəyal deyil. Bunların hamısı eynilə yaşadığımız an kimi canlıdır. Hər şey canlı şəkildə qorunur. Allah bizə bu hissləri vermədiyi üçün biz onları keçmiş hadisələr kimi görürük. Allah istədiyi an bizə bu görüntüləri göstərə bilər, bu hadisələrə aid hissləri verərək bizə də bu hadisələri yaşada bilər.

Allah üçün keçmiş, indi və gələcək zaman eynidir. Elə buna görə də heç bir şey Allahdan gizli qalmır. Bir ayədə bu həqiqətə diqqət çəkilmişdir:

“Ey oğlum! Şübhəsiz, (etdiyin yaxşı və ya pis bir iş) xardal dənəsi ağırlığında olub bir qayanın içində, yaxud göylərdə və ya yerin içində olsa belə, Allah onu (sənin qarşına) gətirər. Həqiqətən, Allah lətifdir (ən gizli və ən incə işləri də görəndir), hər şeydən xəbərdardır. (Loğman surəsi, 16)

Allah Quranın bir çox ayəsində qeybi, yəni heç kəsin görmədiyi, bilmədiyi, şahid olmadıqlarını bilənin yalnız Özü olduğunu bildirir. Bir ayədə belə buyurulur:

De: “Qaçdığınız ölüm, əlbəttə, sizi yaxalayacaqdır. Sonra gizli olanı da, aşkar olanı da bilən Allaha qaytarılacaqsınız. O da etdiyiniz əməlləri sizə xəbər verəcəkdir. (Cümə surəsi, 8)

Adətən qeybin sadəcə gələcəyə aid məlumatlar olduğunu düşünürlər, ancaq əslində həm keçmiş, həm də gələcək qeyb hesab edilir. Keçmişdə və gələcəkdə baş verən hadisələr Allah qatında saxlanılan məlumatlardır. Amma Allah Öz qatında olan qeyb xəbərlərindən bəzilərini insanların hafizələrinə verərək bunları bilinən, yəni müşahidə edilən hala salır. Allah keçmişə aid məlumatlar verərək Peyğəmbərimizə bunların qeyb xəbərləri olduğunu söyləmişdir. Hud surəsində belə buyurulur:

(Ey Peyğəmbər!) Bunlar sənə vəhy etdiyimiz qeyb xəbərlərindəndir. Bundan əvvəl onları nə sən bilirdin, nə də qövmün. Ona görə də səbir et! Şübhəsiz ki, gözəl aqibət müttəqilərin olacaqdır. (Hud surəsi, 49)

Allah Peyğəmbərimizə hələ baş verməmiş bəzi hadisələrlə bağlı xəbərlər də vermişdir. Bunlar gələcəyə aid qeyb xəbərləri idi. Məsələn, Məkkənin fəthi (Fəth surəsi, 27) və romalıların bütpərəstlərə qalib gəlməsi (Rum surəsi, 3-4) kimi hadisələr hələ baş verməzdən əvvəl peyğəmbərimizə bildirilmişdir. Peyğəmbərimizin qiyamət əlamətləri, axırzamanla bağlı hədisləri də Allahın o dövrün insanları üçün qeyb xəbərlərini ona öyrətdiyini göstərir. Məsələn, hz. Yusifin qardaşlarının hiyləsinin boşa çıxacağı xəbər verilmiş (Yusif surəsi, 15), hz. Musanın anasına körpə oğlunun fironun zülmündən xilas olacağı və peyğəmbər olacağı bildirilmişdi (Qəsəs surəsi, 7).

Keçmiş, gələcək və hafizə ilə bağlı burada izah edilənlər Qurana əsaslanan və taleni dərk etməyə kömək edən əhəmiyyətli məlumatlardır. Bu mövzunu dərk edən mömin Allaha və Onun yaratdığı taleyə təslimiyyətin bəxş etdiyi təvəkkülü tam şəkildə yaşayar. Bir ayədə möminlərə belə demələri xəbər verilir:

De: “Allahın bizim üçün təqdir etdiyindən başqası bizə üz verməz. O, bizim himayədarımızdır (yardımçımızdır). Ona görə də möminlər Allaha təvəkkül etsinlər!” (Tövbə surəsi, 51)