Hz. Yusifin sarsılmaz itaəti

Möminlər üçün şər kimi görünən hadisələrin xeyirə çevrilməsi ilə bağlı Quranda verilən ən

Möminlər üçün şər kimi görünən hadisələrin xeyirə çevrilməsi ilə bağlı Quranda verilən ən gözəl nümunələrdən biri də hz. Yusifin həyatıdır. Hz. Yusif uşaqlığından etibarən başına gələn hər hadisədə kamilliyi və Allaha olan bağlılığı ilə tanınır. Çətin anlarda təvəkküllü davranmaqla saleh möminlərə nümunə olmuşdur. Allahı dost edən hz. Yusif hər şeyin dostundan gəldiyini bilib rahat olmuş və hər hadisədə xeyir axtarmışdır. Bu şəkildə, həyatı boyu qarşısına çıxan hər imtahanı fürsət bilmiş, hər an kamil və təvəkküllü xüsusiyyət göstərmişdir.

Hz. Yusifə birinci dəfə qardaşları haqsızlıq etmişdir. Hz. Yusifi qısqanan qardaşları onu bir quyuya atıb atalarından və evlərindən uzaqlaşdırmışlar. Allah bir karvanı vəsilə edib hz. Yusifi bu hiylədən qurtarmışdır. Həmin karvan uşaq yaşındakı hz. Yusifi quyudan çıxarıb özləri ilə aparmışdır. Bundan sonra Yusif peyğəmbəri Misirdə sarayda vəzifəli biri satın alıb evinə aparmışdır. Hz. Yusifin gözəlliyinə heyran olan sahibinin arvadı ayədə bildirildiyinə görə onu yoldan çıxartmaq istəmişdir. Lakin hz. Yusif onu zinaya məcbur edən qadından qaçmışdır. Üstün əxlaqı olan hz. Yusif yenə başqa haqsızlıq görmüş, bu dəfə də qadının iftirasına məruz qalmışdır. Araşdırıldıqdan sonra hz. Yusifin günahsız olduğu sübut edilsə də, o, zindana atılmışdır:

Dəlilləri gördükdən sonra, yenə də onu bir müddət zindana salmaq qərarına gəldilər. (Yusif surəsi, 35)

Göründüyü kimi, hz. Yusif iffətini qoruduğu üçün iftiraya məruz qalmışdır. Bunun nəticəsində uzun müddət zindanda qalan hz. Yusif həbs həyatının hər cür çətinliyinə səbir edib Allaha təvəkkül etmişdir. Hz. Yusif zindanda uzun müddət qalmış, lakin Qurana görə, çox itaətkar davranıb əxlaqı ilə möminlərə örnək olmuşdur. Hz. Yusif həyatı boyu göstərdiyi səbir, təvəkkül və hər şeyi xeyirə yozmağın qarşılığını ən gözəl şəkildə görmüşdür.

Allah bir çox hadisəni vəsilə edib hz. Yusifə dünyada böyük mülk və hökmdarlıq vermişdir. Hz. Yusifin yaşadığı bütün bu hadisələri xeyirə yozması və Rəbbimizə olan duası Quranda belə xəbər verilir:

(Yusif) ata-anasını taxtın üzərinə oturtdu. Onlar (ata-anası və qardaşları) onun üçün səcdə etdilər. (Yusif) dedi: “Atacan! Bu, daha əvvəl gördüyüm yuxunun yozumudur. Rəbbim onu gerçəkləşdirdi. Həqiqətən, O mənə (çoxlu nemətlər) lütf etdi. Çünki məni zindandan çıxartdı və şeytan, mənimlə qardaşlarımın arasını vurduqdan sonra sizi səhradan (bura) gətirdi. Həqiqətən, Rəbbim dilədiyinə lütf edəndir. O həqiqətən, hər şeyi biləndir, hikmət sahibidir. Ey Rəbbim! Mənə mülkündən bir pay verdin və mənə yuxuların yozumunu öyrətdin. Ey göyləri və yeri yaradan! Sən dünya və axirətdə mənim sahibimsən. Canımı müsəlman olaraq al və məni əməlisalehlərə qovuşdur!” (Yusif surəsi, 100-101)

Şübhəsiz, bu hekayə möminlərin səmimi şəkildə təvəkkül etdiklərinə görə mükafatlandırılmasına gözəl bir nümunədir. Saleh bir mömin, hz. Yusif kimi qarşılaşdığı hər hadisənin hikmət və xeyrini anlamağa çalışmalıdır. Allaha təvəkkül edib, Ona sığınıb bu elmi, bu anlayışı istəməlidir. Mömin unutmamalıdır ki, insanları hər gün narahat edən böyük-kiçik hər hadisə heç bir şəkildə möminin əleyhinə deyildir. Bu, Allahın tale qanununa ziddir. Allah hər hadisəni mütləq möminin lehinə yaradır. Allah möminin qəlbinə hadisənin xeyir və hikmətini ilham edə bilər ki, bu, böyük nemətdir. Lakin Allah ilham etməsə də, müsəlman səbir edib: “Mütləq xeyir vardır”, deməlidir. Çünki bu, Allahın razı olduğu əməldir.