“Yorğunam, xəstəyəm”, deyərək Allaha ibadət etməyənlər

İnsanların din əxlaqını yaşamamaları üçün gətirdikləri bəhanələrdən biri də fiziki

İnsanların din əxlaqını yaşamamaları üçün gətirdikləri bəhanələrdən biri də fiziki problemləridir. Məsələn, Allaha ibadət etməyə istəksiz olan insan, əslində, xəstə olmadığı halda, “xəstəyəm, yorğunam” kimi bəhanələrlə özünü və ətrafındakıları aldadır və məsuliyyətini yerinə yetirmir. Halbuki, unutmamalıdır ki, Allah hər şeyi bilir. İnsanın heç bir hərəkəti, heç bir düşüncəsi Allahdan gizli qalmaz. Ağlından keçən hər düşüncə, ürəyində hiss etdikləri və düşüncələrində gizli olanları Allah bilir. Quranda xəbər verildiyi kimi:

… Şübhəsiz ki, Allah qəlbdə olanları biləndir. (Ali İmran surəsi, 119)

Amma dindən və Quran əxlaqından uzaq insanlara Allahın razılığını və cənnətini qazanma fürsəti verilmiş ikən fiziki problemlərini bəhanə edib ibadətlərini etməz, nəfsə tabe olarlar. Bu səmimiyyətsizliyin qarşılığını isə axirətdə çətin əzab olaraq alarlar. Çünki Allahın əmrlərini yerinə yetirməmə haqqında qarşıya qoyduqları bəhanələrdə səmimiyyətsizdirlər. Həqiqətən, fiziki problemləri olsa belə, Quranda bu kimi hallarla əlaqədar bir çox asanlıq tanınmışdır. Məsələn, oruc tutmaq Allahın insanlara fərz buyurduğu ibadətlərdən biridir. Dolayısilə, insanlar Allahın bu hökmünü yerinə yetirməklə məsuldurlar. İnsanların bu ibadəti yerinə yetirə bilməyəcəkləri halları isə yenə Allah ayəsində açıq şəkildə bildirmişdir:

(Oruc tutmaq) sayı müəyyən olan günlərdədir. Sizdən kim xəstə və ya səfərdə olarsa, tutmadığı günlərin sayı qədər başqa günlərdə oruc tutsun! Oruc tutmağa tab gətirməkdə çətinlik çəkənlər isə bir yoxsulu doyuracaq qədər fidyə verməlidirlər. Kim yaxşı bir iş görməkdə könüllü olarsa, bu onun üçün daha xeyirlidir. Ancaq oruc tutmağınız daha xeyirlidir. Kaş bunu biləydiniz! (Bəqərə surəsi, 184)

Bu ayədən göründüyü kimi, Allah səfərdə olanın, xəstənin vəziyyətini xatırlatmış və onlara oruc ibadətini yerinə yetirmə haqqında asanlıq göstərmişdir. Ayənin davamında da qulları üçün ən xeyirli olana diqqət çəkmişdir. Bir sonrakı ayəsində isə Allah yenə orucla əlaqədar bir asanlıq daha bildirmiş və bəndələri üçün həmişə asanlıq dilədiyini xatırlatmışdır:

Ramazan ayı insanlara doğru yolu göstərən və içində haqqı batildən ayırmanın açıq dəlilləri olan Quranın nazil edildiyi aydır. Sizdən kim o aya (ramazan ayına) şahid olarsa, o ayı oruc tutsun! Kim xəstə və ya səfərdə olarsa, tutmadığı günlərin sayı qədər başqa günlərdə oruc tutsun! Allah sizin üçün çətinlik istəməz. O, sizin üçün asanlıq istəyər ki, (orucun) sayını tamamlayasınız, sizi doğru yola yönəltməsinə görə Allahı uca tutasınız və bəlkə şükür edəsiniz. (Bəqərə surəsi, 185)

Bu nümunədən də aydın olduğu kimi, Allaha səmimi olaraq iman edənlər üçün hər zaman asanlıq yolu mövcuddur. Çünki Allahın dini çox asandır. Allah insanlara onların din əxlaqını yaşamalarında heç bir çətinlik verməmişdir. Allah insanların hansı şeylərdə çətinlik çəkəcəyini, hansı yükü qaldıra bilməyəcəyini ən yaxşı biləndir. Allah Quranda heç kimə gücü çatdığından artıq yükləməyəcəyini bildirmişdir:

Allah sizin yükünüzü yüngülləşdirmək istəyir. Axı, insan zəif olaraq yaradılmışdır. (Nisa surəsi, 28)

Biz heç kəsi gücünün çatmadığı bir şeydən məsul tutmarıq. Bizim dərgahımızda haqqı söyləyən bir kitab vardır. Onlara heç bir haqsızlıq edilməz. (Muminun surəsi, 62)

İnsanların çoxu isə Allahın mərhəmətinə və lütfünə qarşılıq çox nankor olurlar. Dünyaya olan həvəs və bağlılıqlarına görə, ibadətlərini yerinə yetirməmək üçün həmişə başqa şərtləri bəhanə gətirərlər. Əlbəttə, bunu etməklə yalnız özlərini aldadırlar. Çünki Quranda bildirildiyi kimi, Allah heç bir şeyə ehtiyacı olmayandır:

Əgər inkar edərsinizsə, bilin ki, Allah sizə möhtac deyildir. Buna baxmayaraq O, bəndələrinin inkar etməsinə razı olmaz. Əgər şükür etsəniz, O sizin bu şükrünüzdən razı qalar. Heç bir günahkar başqasının günahını yüklənməz. Sonra dönüşünüz Rəbbinizədir. O da etdiyiniz əməlləri sizə xəbər verəcəkdir. Şübhəsiz ki, Allah qəlbin içindəkini biləndir. (Zumər surəsi, 7)

Diqqət edin! Siz də Allaha qulluq etməkdə bəhanələr irəli sürməyin. Əsla belə bir səmimiyyətsizliyə yaxınlaşmayın. Unutmayın, insan səmimiyyətsiz bəhanəni ağlından keçirərkən belə Allah bunu bilir. Siz bununla özünüzü aldadıb əyləndirərkən bir anda ölüm mələklərini yanınızda görsəniz, nə qədər çox istəsəniz də, Allaha ibadət etmək üçün bir daha əsla geri qaytarılmazsınız. Allah Quranda dünyada sağlam ikən ibadət etməkdən qaçan insanların hesab günü qarşılaşacaqları peşmançılığı və hiss edəcəkləri qorxunu belə bildirir:

O gün işlər çətinləşər və onlar səcdə etməyə dəvət olunarlar, lakin onların buna gücü çatmaz. Gözləri yerə zillənmiş bir vəziyyətdə onları zillət bürüyər. Halbuki onlar sağlam ikən səcdə etməyə dəvət olunurdular. (Qələm surəsi, 42-43)