Müsəlman Allahın əmrlərinə uyan, Quran əxlaqını diqqətlə yaşamağa çalışan, dünyanı gözəlləşdirən, iman gətirən, sülh və rahatlıq yaradan insandır. Məqsədi insanlara gözəllik, yaxşılıq, xeyir bəxş etməkdi. Qəsəs surəsində belə bildirilir:
“…Allah sənə yaxşılıq etdiyi kimi, sən də başqalarına yaxşılıq et. Yer üzündə fitnə-fəsad törətməyə çalışma. Şübhəsiz ki, Allah fitnə-fəsad törədənləri sevmir.” (Qəsəs surəsi, 77)
İslam dinini yaşayan bir insanın məqsədi Allahın rizasını, rəhmətini və cənnətini qazanmaqdır. Bunun üçün də çox ciddi səy göstərməli, Allahın razı qaldığı əxlaqı dünya həyatında ikən qazanmalıdır. Bu əxlaqın ən əsas xüsusiyyətləri isə mərhəmət, şəfqət, ədalət, dürüstlük, bağışlayıcılıq, təvazökarlıq, incə düşüncəlilik, fədakarlıq və səbirdir. Mömin insanlara qarşı gözəl davranmalı, xeyir işlərdə yarışmalı, yaxşılıq edib fədakarlıq göstərməlidir. Allah ayələrdə belə buyurur:
“Biz göyləri, yeri və onların arasında olanları yalnız haqq olaraq yaratdıq. O Saat mütləq gələcəkdir. Odur ki, Sən onları gözəl tərzdə bağışla.” (Hicr surəsi, 85)
“…Yaxşılıq etməkdə və Allahdan qorxmaqda bir-birinizə yardım edin. Günah işlər görməkdə və düşmənçilikdə bir-birinizə köməkçi olmayın. Allahdan qorxun. Həqiqətən, Allah şiddətli cəza verəndir.” (Maidə surəsi, 2)
Allah iman gətirənlərdən insanlara qarşı gözəl davranmalarını, xeyir işlər görərkən bir-birlərinə kömək etmələrini, ara vurmaqdan uzaq durmalarını istəyir. Yaxşılıq edənləri ”Kim yaxşılıq gətirərsə, ona gətirdiyinin on qat əvəzi verilər…” ayəsi ilə müjdələyir, pislik edənlərə isə ”Kim pislik gətirərsə, ona ancaq gətirdiyinin misli qədər cəza verilər. Onlara haqsızlıq edilməz.” (Ənam surəsi,160) şəklində xəbərdar edir.
Peyğəmbərimizin bütün bəşəriyyətə nümunə olan bu gözəl xüsusiyyətləri Tövbə surəsində belə bildirilir: ”Sizə özünüzdən elə bir Elçi gəldi ki, sizin əziyyətə düşməyiniz ona ağır gəlir. O, sizə qarşı qayğıkeş, möminlərə şəfqətli, rəhmlidir.” (Tövbə surəsi, 128)

