Yaxşılıq edənlərin dünyada və axirətdə mütləq yaxşılıqla qarşılıq görəcəkləri Allahın Quranda bildirdiyi sirlərdən biridir. Bu mövzu ilə bağlı ayələrdən biri belədir:
De: “Ey İman edən bəndələrim, Rəbbinizdən qorxun! Bu dünyada yaxşılıq edənlər üçün yaxşılıq vardır. Allahın yer üzü genişdir. Ancaq səbir edənlərə mükafatları saysız-hesabsız veriləcəkdir”. (Zumər surəsi, 10)
Ancaq bunun üçün əsl yaxşılığın nə olduğunun bilinməsi lazımdır. Hər cəmiyyətdə yayılmış bir yaxşılıq anlayışı var; gülərüzlü olmaq, dilənçilərə pul vermək və ya hər şeyi anlayışla qarşılamaq kimi. Halbuki əsl yaxşılıq Quranda bildirildiyi kimidir. Allah, bir ayədə əsl yaxşılığın nə olduğunu belə açıqlayır:
Yaxşı əməl üzünüzü şərqə və qərbə tərəf çevirməyiniz deyildir. Yaxşı əməl sahibləri o kəslərdir ki, Allaha, axirət gününə, mələklərə, kitablara və elçilərə inanar, mal-dövlətini sevməsinə baxmayaraq onu yaxınlara, yetimlər, yoxsullar, yolda qalanlar, istəyənlər və qulların azad olunması üçün sərf edər, namazı qılar, zəkatı verər, əhd etdikləri zaman əhdlərinə sadiq qalar, xəstəlikdə, darlıqda, çətinlikdə, eləcə də cihad vaxtı səbir edərlər. Onlar sadiqlərdir, əsil müttəqilərdir. (Bəqərə surəsi, 177)
Ayədə də diqqət çəkildiyi kimi, bir insanın yaxşılıq etməsi, Allahdan qorxub çəkinərək, axirətdəki hesabını düşünməsi və vicdanını istifadə edərək hər an Allahı ən çox razı salacaq davranışı seçməsidir. Allah, imanlarından, Allah qorxularından və Allaha duyduqları sevgidən ötrü həmişə yaxşı işlər görənləri sevəcəyini və onlara yaxşılıqla qarşılıq verəcəyini bildirməkdədir:
Allah da onlara dünya savabını (nemətini) və axirət savabının gözəlliyini verdi. Allah yaxşı əməl sahiblərini sevər. (Ali İmran surəsi, 148)
…Bu dünyada yaxşılıq edənlər üçün yaxşı mükafat vardır. Axirət yurdu isə, əlbəttə, daha xeyirlidir. Müttəqilərin yurdu necə də gözəldir! (Nəhl surəsi, 30)
Bu, yaxşılıq edərək fədakarlıq edənlərə, Allahın razılığını qazanmaq üçün ciddi səy göstərənlərə Allahın Quranda bildirdiyi bir müjdədir. Allah, həm dünyada, həm də axirətdə bu cür insanları gözəl bir həyatla yaşadacağını müjdələməkdədir. Bu, həm maddi, həm də mənəvi nemətlərdə bir artım deməkdir.
Quranda heç kimin çata bilməyəcəyi qədər böyük bir mülkə qovuşan Hz. Süleyman, Misir xəzinələrinin idarəsinə keçən Hz. Yusif bu mövzuda nümunədir. Allah, Hz. Məhəmməd üçün də “Məgər O, səni yetim ikən tapıb sığınacaq vermədimi? Və səni çaşqın ikən tapıb doğru yola yönəltmədimi? Və səni yoxsul ikən tapıb zəngin etmədimi?” (Duha surəsi, 6-8) ayəsiylə, Peyğəmbərimizə verdiyi nemətini bildirməkdədir.
Unutmamaq lazımdır ki, dünyada gözəl və ehtişamlı bir yaşam yalnız keçmişdə yaşamış möminlərə verilmiş bir nemət deyil. Allah hər dövrdə iman edən bəndələrini gözəl həyatla yaşadacağını da vəd etmişdir:
Kişi və ya qadınlardan mömin olaraq kim yaxşı işlər görərsə, ona mütləq gözəl bir həyat yaşadacağıq və əlbəttə, onları etdikləri əməllərin ən gözəli ilə mükafatlandıracağıq. (Nəhl surəsi, 97)
İman edənlər heç bir zaman dünyanın arxasınca qaçmazlar. Dünya malının, etibarının və gücünün hərisliyini etməzlər. Allahın ayəsində də bildirdiyi kimi, onlar axirəti satın almaq üçün canlarını və mallarını satarlar. Nə alış-verişləri, nə ticarətləri onların ibadətlərinə, Allahı zikr etmələrinə, din üçün xidmət etmələrinə mane olmaz. Hətta, aclıq və yoxsulluqla sınandıqları zaman belə, son dərəcə təslimiyyətli və səbirli olurlar və heç vaxt şikayət etməzlər.
Peyğəmbərimiz dövründə hicrət edən möminlər buna bir nümunədir. Onlar, Allah yolunda evlərini, işlərini, ticarətlərini, bütün mallarını, bağlarını, bağçalarını arxada qoyaraq, başqa bir şəhərə getmişlər və çox azla kifayətlənməyi bacarmışlar. Bunların qarşılığında isə yalnız Allahın onlardan razı olmasını diləmişlər.
Allah, möminlərin bu səmimi, sırf axirət yurdunu düşünən qənaətkarlıqlarına qarşılıq olaraq onları həmişə ruziləndirmiş, gözəl və təmiz nemətlər içində yaşatmışdır. Bu nemətlər və zənginliklər isə onların dünyaya bağlanmalarına deyil, əksinə Allaha şükür edib Onu zikr etmələrinə səbəb olmuşdur. Allahın vədinin bir nəticəsi olaraq, bu əxlaqa qarşılıq hər mömin dünyada gözəl həyat yaşayar.
Allah yaxşılıq edən bəndələrinə verdiyi qarşılığı qat-qat artıracağını da vəd etmişdir. Allahın Quranda bu mövzu ilə bağlı bildirdiyi ayələrdən bəziləri belədir:
Kim (Allahın hüzuruna) yaxşı bir əməllə gələrsə, onun üçün on qat (mükafat) vardır. Kim pis bir əməllə gələrsə, ona ancaq o əməlin eynisi qədər cəza verilər. Onlara heç bir haqsızlıq edilməz. (Ənam surəsi, 160)
Şübhə yoxdur ki, Allah zərrə qədər də zülm etməz. Əgər (insanın) yaxşı bir əməli olarsa, Allah onu (o əməlin mükafatını) ikiqat artırar və Öz dərgahından (ona) böyük bir mükafat verər. (Nisa surəsi, 40)
Allahın yaxşılığın qarşılığını qat-qat artırmasının ən gözəl göstəricisi dünya həyatı ilə axirət həyatı arasındakı fərqdir. Dünya həyatı ortalama 60 il davam edən çox qısa bir zaman kəsiyidir. Halbuki bu dünyada saleh olan, yaxşılıq edən insanlar, qısacıq bir ömürdə etdikləri yaxşılıqlara qarşı axirətdə sonsuz gözəlliklə qarşılıq görəcəklər. Allah bu vədini bir ayəsində belə bildirmişdir:
Yaxşı işlər görənlər üçün ən gözəl mükafat (cənnət) və daha da artığı vardır… (Yunis surəsi, 26)
Bunun nə qədər böyük bir mükafat olduğunu anlaya bilmək üçün “sonsuz” anlayışı üzərində bir az düşünmək lazımdır. Yer üzündə bu günə qədər yaşamış və bundan sonra yaşayacaq olan bütün insanların, həyatının hər saniyəsini sayı sayaraq keçirdiklərini düşünək. Şübhəsiz ki, bu insanların hamısının saydıqları rəqəmlər ard-arda əlavə edilərək bir rəqəm əldə edilsə, burada tələffüz edilə bilməyəcək böyüklükdə bir rəqəm ortaya çıxar.
Amma bu fövqəladə rəqəm belə “sonsuz” anlayışının yanında sıfırdan fərqsizdir. Çünki “sonsuz” demək, heç vaxt bitməyən və tükənməyən bir müddət deməkdir. Dünyada Allah üçün yaşayan insanların axirətdə yurdları cənnət olacaq və orada müddətsiz qalacaq, nəfslərinin istədiyi və ruhlarının zövq aldığı hər şeyə sahib olacaqlar. Şübhəsiz ki, bu, Allahın rəhmətinin genişliyini qavraya bilmək üçün üzərində düşünülməsi lazım olan bir nümunədir.

