Yaxşılıq edənlərin dünyada və axirətdə mütləq yaxşılıqla qarşılıq görəcəklərini, Quranda bildirilən sirlərdən biridir. Bu mövzu ilə əlaqədar ayələrdən biri belədir:
De: “Ey İman edən bəndələrim, Rəbbinizdən qorxun! Bu dünyada yaxşılıq edənlər üçün yaxşılıq vardır. Allahın yer üzü genişdir. Ancaq səbir edənlərə mükafatları saysız-hesabsız veriləcəkdir”. (Zumər surəsi, 10)
Ancaq, bunun üçün həqiqi yaxşılığın nə olduğunu bilmək lazımdır. Hər cəmiyyətdə məşhur olan bir yaxşılıq anlayışı var; gülərüzlü olmaq, dilənçilərə pul vermək və ya hər şeyi anlayışla qarşılamaq kimi. Halbuki həqiqi yaxşılıq Quranda bildirildiyi kimidir. Allah bir ayədə həqiqi yaxşılığın nə olduğunu belə açıqlayır:
Yaxşı əməl üzünüzü şərqə və qərbə tərəf çevirməyiniz deyildir. Yaxşı əməl sahibləri o kəslərdir ki, Allaha, axirət gününə, mələklərə, kitablara və elçilərə inanar, mal-dövlətini sevməsinə baxmayaraq onu yaxınlara, yetimlər, yoxsullar, yolda qalanlar, istəyənlər və qulların azad olunması üçün sərf edər, namazı qılar, zəkatı verər, əhd etdikləri zaman əhdlərinə sadiq qalar, xəstəlikdə, darlıqda, çətinlikdə, eləcə də cihad vaxtı səbir edərlər. Onlar sadiqlərdir, əsil müttəqilərdir. (Bəqərə surəsi, 177)
Ayədə də bildirildiyi kimi, bir adamın yaxşılıq etməsi, Uca Allahdan qorxub çəkinərək, axirətdəki hesabını düşünməsi və vicdanını istifadə edərək hər an Allahı ən çox məmnun edəcək davranışı seçməsidir. Allah imanından, Allah qorxusundan və Allaha duyduğu sevgiyə görə həmişə yaxşılıq edənləri sevəcəyini və onlara yaxşılıqla cavab verəcəyini bildirir:
Allah da onlara dünya savabını (nemətini) və axirət savabının gözəlliyini verdi. Allah yaxşı əməl sahiblərini sevər. (Ali İmran surəsi, 148)
…Bu dünyada yaxşılıq edənlər üçün yaxşı mükafat vardır. Axirət yurdu isə, əlbəttə, daha xeyirlidir. Müttəqilərin yurdu necə də gözəldir! (Nəhl surəsi, 30)
Yaxşı işlər görərək fədakarlıq edənlərə, Allahın razılığını qazanmaq üçün ciddi səy göstərənlərə Allahın Quranda bildirdiyi bir müjdədir. Allah həm dünyada, həm də axirətdə belə insanları gözəl həyat yaşadacağını müjdələməkdədir. Bu, həm maddi, həm də mənəvi nemətlərdə artımdır. Quranda heç kimin əldə edə bilməyəcəyi qədər böyük mülkə qovuşduğu bildirilən Hz. Süleyman, Misir xəzinələrinin rəhbəri olan Hz. Yusif bu mövzuda nümunədirlər. Allah Hz. Məhəmməd üçün də “Səni yoxsul ikən zəngin etmədimi?!” (Duha surəsi, 8) ayəsi ilə, Peyğəmbərimizə verdiyi nemətini bildirir.
Unutmamaq lazımdır ki, dünyada gözəl və ehtişamlı həyat sadəcə keçmişdə yaşamış möminlərə verilmiş bir nemət deyil. Allah hər dövrdə iman edən bəndələrini gözəl həyat yaşadacağını vəd etmişdir:
Kişi və ya qadınlardan mömin olaraq kim yaxşı işlər görərsə, ona mütləq gözəl bir həyat yaşadacağıq və əlbəttə, onları etdikləri əməllərin ən gözəli ilə mükafatlandıracağıq. (Nəhl surəsi, 97)
İman edənlər heç vaxt dünyanın arxasınca qaçmazlar. Dünya malının, etibarının və gücünün ehtirasına qapılmazlar. Allahın ayəsində də bildirdiyi kimi, onlar axirəti almaq üçün canlarını və mallarını satarlar. Nə mal-mülk, nə ticarətləri onların ibadətlərinə, Allahı xatırlamalarına, din üçün xidmət göstərmələrinə maneə törətməz. Hətta, aclıq və yoxsulluqla sınandıqlarında belə, son dərəcə təslimiyyətli və səbirli olarlar və heç vaxt şikayət etməzlər.
Peyğəmbərimiz dövründə hicrət edən möminlər bunun nümunəsidir. Onlar, Allah yolunda evlərini, işlərini, ticarətini, bütün mallarını, bağlarını, bağçalarını buraxıb, başqa bir şəhərə getmiş və çox az şeylərlə kifayətlənməyi bilmişlər. Bunların qarşılığında isə sadəcə Allahın özlərindən razı olmasını diləmişlər.
Allah möminlərin bu səmimi, qarşılıqsız olaraq axirət yurdunu düşünən qənaətkarlığa qarşılıq olaraq onları daim ruziləndirmiş, gözəl və təmiz nemətlər içində yaşatmışdır. Bu nemətlər və zənginliklər isə onların dünyaya bağlanmalarına deyil, əksinə Allaha şükür edib Onu xatırlamalarına vəsilə olmuşdur. Allahın vədinin nəticəsi olaraq, bu əxlaqına qarşılıq hər mömin dünyada gözəl həyat yaşayar.

