Yaxşı insan hər kəs üçün nemətdir

Cahil cəmiyyətlərdə yaxşı insanlara qarşı çox yanlış və mərhəmətsiz bir baxış tərzi hakimdir

Cahil cəmiyyətlərdə yaxşı insanlara qarşı çox yanlış və mərhəmətsiz bir baxış tərzi hakimdir. Bəzi insanların ətrafında olan bu insanlara qarşı olmaları yanlış bir düşüncədir. Qarşı tərəf nə qədər təvazökar, nə qədər xoş niyyətli, əfvedici, güzəştə gedən və səbirli əxlaq göstərirsə, bu insanlar da onların bu xüsusiyyətlərindən o qədər çox istifadə edirlər. Onların yaxşı niyyətlərinin əvəzinə təkəbbürlü, böyüklənən və qarşı tərəfi xor görən əxlaq göstərirlər.

Ancaq təəccüblüdür ki, həmin insanlar bu yanlış düşüncələrinin əksinə, özlərinə pis davranan, təkəbbürlü, qürurlu, tərs, zalım, ədalətsiz və aqressiv şəxslərə qarşı isə səssiz və hörmətcil olurlar. Bu insanlara qarşı ən kiçik bir qüsur etməkdən çox çəkinir, belə bir vəziyyətin olmaması üçün əllərindən gələni edirlər. Demək olar ki, bu insanların bir dediklərini iki etmir, gücləri çatdığı qədər onların gözünə girməyə çalışırlar. Özlərinə nümunə götürdükləri insanlar da elə qarşılarında hörmətlə əyildikləri təkəbbürlü insanlar olur.

İnsanlar arasında geniş yayılmış bu düşüncə tərzinin tamamilə yanlış olduğu, əlbəttə ki, aydındır. İnsanlar mənfəətlərinə uyğun olaraq zehinlərində iki cür əxlaq formalaşdırıblar. Bu iki əxlaqa aid olan qaydaları qarşılarına çıxan hər kəsə standart şəkildə tətbiq edirlər. Kimə yaxşı və itaətkar davranacaqlarını, kimə qarşı isə təkəbbürlü və laqeyd münasibət göstərəcəklərini əzbər bilir və bunları həyata keçirirlər.

Bu yanlış anlayış belə insanlardakı Allah inancının və Allah qorxusunun azlığından qaynaqlanır. Belə insanlar əxlaqını sadəcə dünya mənfəətlərinə əsaslanaraq formalaşdırır və bunu da istədikləri vaxt və istədikləri tərzdə dəyişdirirlər.

Ancaq bu da bir həqiqətdir ki, bu insanlar özlərinə bu şəkildə davranılmasını əsla istəməzlər. Yanlarında hər zaman etibarlı, sadiq, dürüst, doğru danışan, xoş niyyətli, səmimi, mənfəət ardınca düşməyən, gözəl əxlaqlı insanlar axtararlar. Özlərinin isə nə qədər riyakar, ikiüzlü, təhlükəli və güvənilməz bir insan görünüşündə olduqlarını düşünməzlər.