Dünya həyatındakı yeganə məqsədləri Allahın razılığını, rəhmətini və cənnətini qazanmaq olan və Allaha qəlbən təslim olan möminlər bütün həyatlarını Allah üçün yaşayarlar. Quranın “De: “Mənim namazım da, ibadətim də, həyatım və ölümüm də aləmlərin Rəbbi olan Allah üçündür” (Ənam surəsi, 162) ayəsində bildirildiyi kimi, etdikləri hər işdə, göstərdikləri hər rəftarda Allahın razılığını qazanmağı düşünürlər. Sahib olduqları hər şeyi Allahın razılığını qazanmağa həsr edən möminlərin sevgiləri də ancaq Allah üçündür. Allahı bütün sifətləri ilə tanıyan, Onun gücünə və böyüklüyünə hər an şahid olan, Rəbbimizin rəhmətini, sevgisini və şəfqətini bütün həyatı boyu hər an hiss edən möminin Allah sevgisi heç bir sevgi ilə müqayisə edilməyəcək qədər güclüdür. Allah “Bəqərə” surəsində möminlərin Özünə olan güclü sevgiləri ilə, müşriklərin yanlış sevgi anlayışları arasındakı fərqi belə bildirir:
“İnsanların içərisində Allahdan qeyrilərini şərik qoşub, onları, Allahı sevən kimi sevənlər də vardır. Halbuki, iman gətirənlərin Allaha məhəbbəti daha qüvvətlidir”. (Bəqərə surəsi, 165)
Ayədə bildirildiyi kimi insanların bir qismi Allaha şərik qoşur və digər varlıqları Allahı sevən kimi sevirlər (Allahı tənzih edirik). Möminlər isə heç bir insanın, maddənin, ya da canlının əslində özünə aid bir gücü və ya gözəlliyi olmadığını bilirlər. Bunların hamısını bütün xüsusiyyətləri ilə birlikdə yoxdan yaradan yalnız Allahdır. Heç bir canlı öz gözəlliyini özü yarada bilməz. Bir insanın üzündəki gözəlliyi və ya bir heyvanın sahib olduğu sevimliliyi müəyyən bir qədərlə yaradan və əcəlləri gəldiyində hamısını yox edəcək olan Allahdır, hər şey yalnızca Allahın idarəsindədir. Buna görə də mömin qarşılaşdığı bütün gözəllikləri, insanları, heyvanları, təbiəti Allahın yaratdığını bilərək sevər. Bu səbəbə görə onun əsl sevgisi bütün bu gözəllikləri ona bəxş edən və hər şeyin sahibi olan Allaha yönəlir.
“Göylərin və yerin hökmü Onundur. O, heç bir övlad götürməmişdir; mülkündə heç bir şəriki yoxdur. O, hər şeyi yaratmış və onu təqdir etmişdir”. (Furqan surəsi, 2)

