Tarix boyu yaşayan bütün xalqlara Allahın vədinə uyğun olaraq xəbərdarlıq edilmişdir. Bu xalqların hamısına Rəbbimizin varlığından və qüdrətindən bəhs edən elçilər göndərilmiş, onlara yaradılışın dəlilləri göstərilmişdir. Allahın adətullahına uyğun olaraq hər xalqın içindən mütləq Peyğəmbərlərə və elçilərə qarşı çıxan, Allahın Uca varlığını var gücü ilə inkar edən inkarçılar çıxmışdır. Uca Allah bu xalqların bəzilərini bizə Quranda xəbər vermişdir. Quranda bildirilən və təbliğ edilən qövmlərin inkarçıları fərqli xüsusiyyətlərinə görə ön planda olmuşdurlar.
Hz. Səmudun qövmünün inkarçıları tərəzini və çəkini əskildən mənfəətçi və saxtakar insanlardan ibarət idi. Hz. Lutun qövmünün inkarçıları həyasızca cinsi pozğunluq və homoseksuallıqla məşğul olurdular. Hz. Musanın təbliğini dinləyərkən Firon hərbi və sosial cəhətdən çox güclü olduğuna inanmış, təkəbbür və lovğalıq hissi onu və tərəfdarlarını inkara sürükləmişdir. Hz. İbrahim, onu dinləməyən inkarçı və bütpərəst qövmü tərəfindən oda atılmışdır. Uca Allah bütün peyğəmbərləri bu çətin şəraitlə imtahan etmiş, bir çox peyğəmbərə iftira atılmış, haqsız yerə yurdlarından sürgün edilmiş, həbs olunmuş, hətta bəziləri şəhid edilmişdir. Ancaq Allah Qatında üstün olanlar həmişə peyğəmbərlər və onlara tabe olan saleh möminlər olmuşdur. Peyğəmbərlərin əleyhinə ağılsızlıqla tələ quranlar isə həm dünyada, həm də axirətdə inanılmaz əzabla qarşılaşmışlar.
Bu, Uca Allahın adətullahıdır. İman gətirənlərlə inkar edənlər arasındakı bu güclü fikri mübarizə dünya həyatındakı imtahanın tələbinə uyğun olaraq, Allahın izni ilə, qiyamətə qədər davam edəcəkdir. Lakin Allah dünyanın qiyamətə yaxın dövrünü, yəni Axırzamanı digər dövrlərdən fərqli yaratmışdır. Quran ayələri və səhih hədislərdə bildirildiyi kimi, bu dövr inkarçıların dünya tarixində heç olmadığı qədər azğınlaşdıqları, Allahı açıq şəkildə inkar etdikləri, hər cür azğınlıq və əxlaqsızlığı son həddə qədər yaşadıqları dövrüdür.
Hz. İsa və hz. Mehdinin birlikdə İslam əxlaqını bütün dünyaya hakim etmələrinə qədər iman gətirənlər sayca az olacaq və inkarçıların Uca Rəbbimizə qarşı ağılsız və cahil itaətsizliyi bütün dünya səviyyəsində yaşanacaqdır. Bu itaətsizlik, azğınlıq o qədər geniş yayılacaq ki, Allahın açıq-aşkar inkar edilməsi, hər cür əxlaqsızlığın açıq şəkildə edilməsi qəribə qarşılanmayacaqdır.
Axırzamanın bu böyük əxlaqi degenerasiyası içində Allah insanları xilaskar kimi hz. İsa və hz. Mehdi ilə müjdələmişdir. Dünyada böyük əxlaqi degenerasiyanın yaşandığı Axırzamanda bütün azğınlıqların sanki bir həyat tərzinə çevrilərək şiddətli şəkildə və eyni anda baş verdiyinə görə Uca Allah bu əxlaqsızlıq və azğınlığı dünya səviyyəsində məhv etmək və aradan qaldırmaq üçün hz. İsa və hz. Mehdini göndərəcək. Axırzamanın bu iki mübarək şəxsi, Allahın izni ilə, dünya səviyyəsində bütün batil sistemləri və düşüncələri aradan qaldıracaq, Allahın uca dini İslamın yer üzündə hakim olmasına səbəbkar olacaqlar. Rəbbimiz ayəsində hz. İsanın yenidən yer üzünə göndərilməsi ilə dünyada ona inanmayan bir nəfərin də qalmayacağını bildirmişdir:
Kitab əhlindən elə bir kəs olmaz ki, ölümündən əvvəl ona iman gətirməsin, lakin o, qiyamət günündə onların əleyhinə şəhadət verəcəkdir. (Nisa surəsi, 159)
Bu vaxt gələnə qədər Allah hz. Mehdini yer üzündə həddindən artıq çətin şəraitlə imtahan edəcəkdir. Hz. Mehdinin mübarizə mühiti keçmişdəki peyğəmbərlərdən bu cəhəti ilə fərqlənəcəkdir. Hz. Mehdi bir xalqa deyil, bütün dünyaya imam göndərilmişdir. Onun dövründə dünya keçmişdə olmadığı qədər çaxnaşma və əxlaqi degenerasiya içində olacaq. Peyğəmbərlərdən hər birinin qarşılaşdığı bütün çətinliklər hz. Mehdinin qarşısına birlikdə çıxacaq. Hz. Mehdi cəmiyyətin təkcə bir azğın xüsusiyyəti ilə deyil, bütün ideoloji azğınlıqları, degenerasiyası, əxlaqsızlıqları, imansızlıqları ilə fikri mübarizə aparacaq. Onun dövründə azğınlığı həyat tərzi, hətta ideologiya seçmiş geniş kütlə bu mübarək şəxsə fikri və maddi gücü ilə qarşı çıxacaqdır. Bu çətin mühit Axırzamanın mübarək şəxsləri üçün xüsusi yaradılmışdır.
Hal-hazırda yaşadığımız dövr Allahın Peyğəmbərimizdən rəvayət edilən hədislərlə bizə xəbər verdiyi və hərtərəfli tərif etdiyi Axırzamandır. Yaşadığımız dövrün kəskin şərtlərinə əsasən Axırzamandakı imtahan mühitinin nə qədər çətin və böyük olduğunu anlamaq mümkündür.
Bu dövr insanların böyük əksəriyyətinin yaxşı, doğru, düzgün, bağışlayan, ədalətli, mərhəmətli, namuslu olmaq kimi əxlaqi dəyərləri tamamilə tərk etdiyi dövrdür. Yaşadığımız dövrdə insanlar acgözlük, insafsızlıq, laqeydlik kimi xəstəlikləri sanki həyat tərzinə çevirmişlər. Acgöz və ya mərhəmətsiz olmayanın bu dünyada yaşaya bilməyəcəyi yalanına inanmış və ətrafındakı insanları da buna inandırmışlar.
Əlbəttə, bu əxlaqdan kənar həyat fəlsəfəsinin təməli darvinizmə əsaslanır. Darvinizm ilk dəfə qədim Misir və Şumerdə ortaya çıxmış və yayılmış inancdır. Fironun hz. Musaya ağılsızlıqla qarşı gəlməsi darvinist təfəkkürdən irəli gəlir. Canlıların Nil çayının palçığından təsadüfən əmələ gəldiyini iddia edən, ancaq maddənin mütləq varlığına inanan, ona görə də Allahın verdiyi güc və hakimiyyəti üstünlük zənn edən Firon özünü hz. Musanın canına qəsd edən ən azğın inkarçıya çevirən batil dinini həyatı boyu tərk etməmiş, ancaq ölüm anında Allahın üstün qüdrətini qavradıqda iman gətirdiyini söyləmişdir.
Firon ölüm anında iman gətirdiyini deyərək xilas olacağını zənn etmişdir. Allah isə onun tək və mütləq varlıq kimi görüb inandığı maddi varlığını, yəni bədənini xilas etmişdir. Əsla yox olmayacağını düşünən, təkəbbürünə görə Allahın uca və üstün Varlığını təqdir etməyən, təsadüfləri saxta ilah qəbul edən Firon məhz öz inancına uyğun şəkildə (maddi varlığı, yəni bədəni ilə) sonrakı qövmlərə ibrət vəsiləsi kimi qalmışdır. Bu, Allahın çox böyük möcüzəsidir.
Fironun inanıb yeganə güc kimi gördüyü darvinizm bu gün bütün dünyaya yayılmış və bütün dünyanı hakimiyyəti altına almış bəladır. İnsanlar dünyanın bir çox ölkəsində dövlət qanunlarına əsasən, uşaq yaşlarından etibarən bütün canlıların təsadüfən əmələ gəldiyinə dair təhsil alaraq böyüyürlər.
Getdikləri hər yerdə meymundan insana doğru şaxələnən saxta həyat ağacı ilə rastlaşırlar. Televizorda, məktəbdə, filmlərdə, cizgi filmlərində, reklamlarda bu yalan daim təlqin edilir. Universitetə qəbul olduqda, karyera qurduqda və darvinizm cəfəngiyatının iç üzünü dərk etdikdə isə darvinizmi inkar edənlərə qarşı təzyiq siyasəti başlayır. Darvinizmi inkar etmək dövlətlərin qanunları ilə qadağan edilmişdir. Əgər kimsə bunu edərsə, dərhal işindən məhrum olar, maddi imkanları əlindən çıxar, cəmiyyətdən təcrid edilər, yaxın ətrafını, sosial statusunu, hətta dost hesab etdiyi insanları da bir anda itirər. Elə bu, bütün dünyanı təəccüblü şəkildə hökmranlığı altına almış darvinist diktatorluğun saxta hakimiyyətini göstərir.
Bu saxta hakimiyyət Axırzamandakı bütün bəlaların ən böyük mənbəyidir. Məhz bu səbəbdən dəyərli İslam alimi Bədiüzzaman Said Nursi hz. Mehdinin üç böyük vəzifəsindən birincisinin darvinizm və materializmi fikrən tam mənada məhv etmək olduğunu xəbər vermişdir:
VƏ ONUN ÜÇ BÖYÜK VƏZİFƏSİ OLACAQ. Birincisi: Fənn və fəlsəfənin təsallutu ilə (təsiri ilə) və maddiyyün və təbiiyyün taununun (materializm, Darvinizm və ateizm epidemiyasının) bəşər içində intişar etməsi ilə (insanların içində yayılması ilə) hər şeydən əvvəl FƏLSƏFƏNİ VƏ MADDİYYÜN (MATERİALİZM, DARVİNİZM) FİKRİNİ TAM SUSDURACAQ ŞƏKİLDƏ İMANI XİLAS ETMƏKDİR. Əhl-i imanı dəlalətdən mühafizə etmək (iman gətirənləri azğınlıqdan qorumaq)… (Əmirdağ Lahikası, səh. 259)
Axırzamanda insanların böyük əksəriyyəti darvinist diktatorluğun bu dəhşətli təzyiqinin təsiri ilə böyük əxlaqi çöküntü yaşayırlar. Cinayətlərin, müharibələrin, zülmün, azğınlığın və əxlaqsızlığın baş verdiyi və getdikcə yayıldığı bu dövr bütün ideoloji əsasını darvinizmdən alır. İnsanlar “heyvandan” əmələ gəldiklərini düşündükləri üçün darvinizmin əsasını təşkil edən “güclü zəifi əzər” yalanına kor-koranə inandırıldıqlarına görə bunu sosial həyata tətbiq etməkdə gecikməmişlər. Beləliklə, dövrümüzdə yaşanan insafsızlıq, vəfasızlıq, acgözlük, mənfəətçilik, etibarsızlıq, amansızlıq və düşmənçiliyin ən əsas mənbəyi, müharibələrin, əxlaqsızlığın, degenerasiyanın səbəbi darvinizmdir.

