Ölüm olduğu zaman günlərlə yas tutmaq, gülməmək, sevincə dair hər şeyi həyatdan çıxarmaq cahiliyyə adətidir. Ölüm müsəlmanlar üçün dünyadakı imtahanın sona çatması, əsl yurd olan axirətə keçid və hər şeydən əhəmiyyətlisi ən sevimli olan Rəbbimizə qovuşmaqdır. Buna görə müsəlmanlar biri öldüyünə görə matəm tutmazlar. Tam əksnə, sevdiklərinin Allaha qovuşmasından ötrü sevinər, “inşaAllah Rəbbim ondan razı olmuşdur” deyə dua edərlər. Matəm qədərdəki hikməti qavraya bilməyən, qədərə könüldən təslim olmamış, Allahın yaratmasındakı gözəllikləri görə bilməyən, dünyanın keçici olduğunu bilməyən insanların batil bir adətidir.
Buna görə ölüm hadisəsi olanda müsəlmanlar bir-birlərinə yas tutmağı, kədərlənməyi tövsiyə etməzlər. Hüznlü olmağı, bədbəxt olmağı məsləhət görməzlər. Ölüm olduğunda müsəlmanlar bir-birlərinə gözəl şəkildə səbir etməyi, Allahın qədərdə təqdir etdiyini sevinclə qarşılamağı tövsiyə edərlər. Çünki yas tutmaq , haşa, Allahın təqdir etdiyi qədərdən razı olmamaq deməkdir. Yas tutmaq demək, haşa, Allahın yaratdığına üsyan etmək deməkdir.
“Suriyada, Fələstində, Misirdə insanlar ölərkən, siz necə əylənə bilərsiniz?” kimi düşünən bəzi insanlar da bu həqiqəti unudurlar. Suriyada, Misirdə, İraqda və dünyanın hər hansı bir yerində yaşanan itkilər, əzablar qarşısında müsəlmanların etməli olduqları şey yas saxlamaq deyil, bu əzabların sona çatması üçün səy göstərməkdir. Qaldı ki, bu tənqidi söyləyən insanların özləri də dünyadakı bütün bu ağrı-acılara baxmayaraq, toylarda gülüb-oynayır, televiziya söhbətlərini gülərək izləyir, seriallara, filmlərə baxaraq yaxşı vaxt keçirirlər.
Mömin üçün ölüm son demək deyildir. Tək gerçək sevgilisi və dostu olan Allaha qovuşmaqdır. Mömin özü üçün ölümü necə sevinclə qarşılayırsa, sevdiyi bir insanın ölümünü də sevinclə qarşılayar. Ölüm qarşısında kədərlənməyin vacib olduğu inancı isə cahiliyyəyə aid bir düşüncədir. Allahın gücünü və qüdrətini gərəyi kimi qavramayan insanlar ölümdəki hikmətləri də təqdir edə bilməzlər. Ölümü yox olmaq hesab etdiklərinə görə kədərlə qarşılayırlar.

