“Yaralı” təqlidi edən quşlar

Bəzi quşlar isə “yaralı təqlidi” edirlər və beləliklə, düşmənlərinin diqqətini balalarının üzərindən yayındıraraq öz üzərlərinə çəkirlər. Bir düşmənin yaxınlaşdığını görən dişi quş səssizcə yuvasından uzaqlaşır. Düşməninin önünə gəldikdə yerdə çırpınmağa və bir qanadını yerə vurmağa başlayır. Quş yerdə çarəsizcəsinə çırpınan kimi görünür. Ancaq hər zaman tədbirli davranır və düşmənin çata biləcəyi məsafənin önündə dayanır. “Yaralı” quşu asan bir ov olaraq görən yırtıcı heyvan ovunu yaxalamağa çalışarkən, yuvadan bir xeyli uzaqlaşdırılmış olur. Ovçu yuvasından kifayət qədər uzaqlaşdıqda, dişi quş bir anda təqlid etməyi buraxır və təcavüzkar heyvan quşa çatarkən dişi quş birdən qanadlanaraq uçur. Bu “teatr səhnəsi” adətən çox inandırıcıdır. İtlər, pişiklər, ilanlar və hətta digər quşlar belə bu oyuna aldanırlar. Quşların “yaralı quş” ssenarisinə bu gün də alimlər heç bir açıqlama gətirə bilmirlər.

Bir quş belə bir ssenarini öz-özünə hazırlaya bilərmi? Bunun üçün quşun çox şüurlu bir varlıq olması lazımdır. Bu davranış hər şeydən əvvəl təqlid, zəka və qabiliyyət tələb edir. Həmçinin bir heyvanın özünü tərəddüdsüz düşməninin önünə ata bilməsi üçün çox cəsarətli olması lazımdır. Maraqlı olan isə odur ki, bu quşlar bu davranışı başqalarından görərək təqlid etmirlər. Bu müdafiə etmə taktikasına və qabiliyyətinə doğuşdan sahibdirlər.

Bu heyvanların belə şüurlu, şəfqətli, mərhəmətli hərəkət etməsini təmin edən, onları bu xüsusiyyətləri ilə yaradan göylərin və yerin Rəbbi olan Allahdır. Allah bu canlılara ilhamıyla sonsuz şəfqət və mərhəmətinin nümunələrini göstərir. Allah Quranda qullarına Özünü belə tanıdır:

“O, (hər şeyi) yaradan, yoxdan var edən, (hər şeyə) surət verən Allahdır. Ən gözəl adlar (əsmayi-hüsna) ancaq Ona məxsusdur. Göylərdə və yerdə nə varsa (hamısı) Onu təqdis edib şəninə təriflər deyər. O, yenilməz qüvvət sahibi, hikmət sahibidir!” (Həşr surəsi, 24)