Allah, inkar etməni vicdansızlıq sayır. Çünki məntiqli insan “bu kainatı kim yaratdı?” deyə düşünməlidir. “Bütün bunlar nədir?” deyə özündən soruşmalıdır. Təsəvvür edək ki, bir insan qaranlıq bir otaqdadır. Əgər orada çəyirtkə, böcək, quş varsa, heyrətlənməli, “nə baş verir?” deməlidir. Bu görüntünü kimin gördüyünü, bu səsi kimin eşitdiyini sorğulamalıdır.
Əgər bütün bunlarla qətiyyən maraqlanmırsa, deməli, ortada bir vicdan problemi var. Bu, təkcə Quranın haqq olduğu və ona tabe olmağın zəruriliyi şəklində bir xəbərdarlıq deyil. Bu, daha çox “Siz Allahı və Onun dəlillərini necə görməzlikdən gəlirsiniz? Necə belə bir vicdansızlıq edirsiniz? Məhz buna görə də cəzalandırılacaqsınız” məntiqinə əsaslanan bir izahdır.
Ətrafımızda sincablar, ağaclar, quşlar var. O dövrlərdə molekulyar quruluş, dünyanın və kainatın mikro və makro səviyyədəki quruluşu hələ məlum deyildi. Canlıların mikro aləmdə, kainatın isə makro səviyyədə necə nizamlandığı bilinmirdi. Araşdırmalar aparıldıqca bir-birindən heyrətamiz həqiqətlər üzə çıxdı. Kainatın dəqiq riyazi tarazlıq üzərində qurulduğu anlaşıldı. Hüceyrə tədqiq edildikdə isə ağlasığmaz bir mənzərə ilə qarşılaşıldı.
Bu həqiqətə bir ayədə belə işarə edilir: “O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı xatırlar, göylərin və yerin yaradılışı haqqında düşünər və deyərlər: “Ey Rəbbimiz! Sən bunları boş yerə yaratmamısan. Sən pak və müqəddəssən. Bizi Odun əzabından qoru!” (Ali-İmran surəsi, 191)
Əsl məsuliyyəti yaradan da məhz budur. Məsələ təkcə Quranı oxuyub ona inanmamaq deyil. Canlılar aləminə, oradakı quşlara, heyvanlara diqqət yetirin. Qəfəsdəki o rəngarəng tutuquşular nə qədər heyrətamizdir. Onlar sanki xüsusi olaraq bəzədilmiş canlılardır. Bu bəzəkli canlılar bir-birini tanıyır, cütləşir və nəticədə yumurta əmələ gəlir.
Sonra heyvan o yumurtanın üzərində yatır və oradan özü kimi bir quş çıxır. Burada mükəmməl bir nizam var. Axı yumurtanın içində quşun nə işi var? Yumurta maye halında bir maddədir, lakin bir müddət sonra içindən qanadlı, ətrafa heyrətlə baxan bir canlı çıxır. Sanki möcüzələr diyarındayıq. Əgər insan bütün bunları görüb “mənə nə?” deyirsə, deməli, bir günah işləyir. Bunun başqa bir izahı yoxdur.
Bu vəziyyəti başqa bir ayə belə təsvir edir: “Əgər təəccüb edirsənsə, onların: “Doğrudanmı biz torpaq olduqdan sonra yenidən yaradılacağıq?”– demələri daha təəccüblüdür. Onlar Rəbbini inkar edənlərdir. Onlar boyunlarında zəncir olanlardır. Onlar Od sakinləridirlər. Onlar orada əbədi qalacaqlar.” Digər bir ayədə isə “Siz ilk yaradılışı bildiyiniz halda, məgər düşünüb ibrət almırsınız?” (Vaqiə surəsi, 62) buyurulur.
Allah buyurur: “Mən bir dəfə yaratdım, bir daha yarada bilərəm, yoxsa bilmərəm? Məgər bunu düşünmürsünüz?” Bir şeyi bir dəfə edən, onu ikinci, üçüncü dəfə də edə bilər. Təsəvvür edin ki, əlimdə bir qələm var. Çox gözəl bir qələmdir. Onunla maraqlanırsınız və mən də sizə göstərirəm. Möhtəşəm bir qələmdir.
İndi mən bu qələmin fabrikinə gedib “siz bunu bir daha düzəldə bilməzsiniz” desəm, şübhəsiz ki, mənə gülərlər. Kainatın möcüzələri ilə müqayisədə bu qələm çox sadə bir əşyadır. Hüceyrənin, xromosomların quruluşu yanında olduqca bəsitdir. Üstəlik, bütün bunlar beynimizin içində bir görüntü olaraq yaradılır. Əgər mən bu qələmin bir daha hazırlana bilməyəcəyini iddia etsəm, vicdansızlıq etmiş olaram.
Kim düzəldirsə düzəltsin, bunun təkrar istehsalının mümkün olduğunu bildiyimə görə, Allahın da hər şeyi yenidən yarada biləcəyini qəbul etməliyəm. Əgər bir insan bunu inkar etdiyini söyləyirsə, əlini vicdanına qoyub düşünməlidir, çünki o, çox ciddi bir günah işləmiş olur. Belə birinə onun Sahibi bir daha elə bir nemət vermək istəməz, çünki bu, nankorluq və vicdansızlıqdır.
Bu mövzu ilə bağlı bir ayədə belə buyurulur: “Sizi Biz yaratdıq. Bəs nə üçün təsdiq etmirsiniz?” (Vaqiə surəsi, 57)
Allah o qədər çox dəlil yaratmışdır ki, bunları anlamaq əsla çətin deyil.
Digər bir ayədə isə Uca Rəbbimiz belə buyurur: “…Allahdan Öz bəndələri arasında ancaq alimlər qorxar. Həqiqətən, Allah Qüdrətlidir, Bağışlayandır.” (Fatir surəsi, 28)

