Yaradılış məqsədini unutmamaq

Əgər küçədəsənsə ətrafına ya da evdə olsan pəncərədən bax

Əgər küçədəsənsə ətrafına ya da evdə olsan pəncərədən bax. Ağaclar, çiçəklər, təpələr, səma, insanlar və digər canlılar… Dünyada indi görə bilmədiyiniz digər yerləri də düşünün; dənizlər, göllər, dağlar, ətrafınızda gördüklərinizdən başqa milyardlarla insan, həyatda heç qarşılaşmadığınız milyonlarla növ canlı… Son olaraq da dünyadan kənara çıxın və kainatı düşünün; içində yüz milyardlarla ulduz olan yüz milyardlarla qalaktika, günəş, planetlər, peyklər, kometalar və digər göy cisimlərinin olduğu ucsuz-bucaqsız məkan…

İndi səmimi olaraq vicdanınızın səsinə qulaq asın və düşünün. Bütün bu saydıqlarımız niyə və necə var olmuşdur? Canlı və cansız hər şey necə belə qüsursuz sistemdə və uyğunluq içində mövcud ola bilir? Kainatdakı bu ehtişamın, canlıların, xüsusilə də insanın sahib olduğu üstün xüsusiyyətlərdəki hikmət nədir? Bütün bunlar, ən əsası da yer üzündəki yeganə şüur sahibi varlıq olan insan hansı məqsədlər üçün dünyadadır?

Allah insanın həqiqi yaradılış məqsədini qullarına yol göstərici olaraq endirdiyi Quranda bildirmişdir. Bu məqsəd insanı yaradan və yaşadan Rəbbimizə qulluq etməkdir. Allah bir ayəsində bu məqsədi belə bildirir:

…insanları yalnız Mənə ibadət etsinlər deyə yaratdım. (Zəriyət surəsi, 56)

Budur dünya; yuxarıda saydığımız bütün detalları ilə dənizləri, gölləri, okeanları, çiçəkləri, ağacları, dağları, canlıları ilə birlikdə insanın bu qulluq vəzifəsini yerinə yetirib-yetirmədiyinin sınanması üçün Allahın xüsusi olaraq yaratdığı məkandır. Kainat, kainatdakı bütün sistemlər, ulduzlar, planetlər, göy cisimləri də insanın Rəbbimizin böyüklüyünü və sonsuz qüdrətini görməsi və Onun gücünü təqdir edə bilməsi üçün yaradılmışdır. Eyni şəkildə, insanın dünya həyatı boyu yaşadığı bütün hadisələr, olduğu bütün məkanlar, qarşılaşdığı bütün insanlar da dünyada yaşadığı imtahanın bir hissəsidir. Allah insanın yaradılış və dünyada mövcud olma məqsədinin sınaq olduğunu bir ayədə belə xəbər verir:

Şübhəsiz ki, Biz insanı sınamaq üçün qarışıq bir nütfədən yaratdıq, sonra da onu eşidən və görən bir varlıq halına gətirdik. (İnsan surəsi, 2)

Buna baxmayaraq, insanların böyük əksəriyyəti qəribə formada laqeyd yaşayırlar. Həyatının əsl məqsədini unudaraq özlərinə tamamilə fərqli mövzular tapır, tamamilə fərqli məqsədlərlə yaşayırlar. Dünyaya aid əhəmiyyətsiz mövzu üçün aylarla, illərlə çalışıb səy göstərir, amma Allaha qarşı olan məsuliyyətini ağıllarına belə gətirmək istəmirlər. Dünyadakı məsuliyyətsizliyin qarşılığı olaraq axirətdə cəhənnəmlə qarşılıq görəcəkləri ehtimalını isə heç vaxt düşünmürlər. Halbuki, yer üzündə bu həqiqətlərdən xəbərsiz olduğunu deyə biləcək tək bir insan belə yoxdur. Allah hz. Adəmdən bu yana hər dövrdə insanlara Özünü tanıdan, onlara Özünə necə qulluq edəcəklərini öyrədən kitablar endirmiş, xəbərdaredici elçilər göndərmişdir ki, insanlar “biz bunlardan xəbərsiz idik” kimi bəhanələr gətirə bilməsinlər. Bu həqiqət bir ayədə belə bildirilir:

Müjdə verən və xəbərdar edən (peyğəmbərlər göndərdik ki,) peyğəmbərlərdən sonra insanların Allaha qarşı bir bəhanəsi qalmasın. Allah qüdrətlidir, hikmət sahibidir. (Nisa surəsi, 165)

Allahın göndərdiyi elçilər və qatından endirdiyi kitablarla yanaşı, möminlərin insanlara etdikləri təbliğ də bu öyrətmə yollarından biridir. Tarix boyu bir çox imanlı insan digər insanları Allahın dininə dəvət etmiş, ətrafındakı insanlara cənnət və cəhənnəmin varlığını xatırladaraq onları hesab gününə qarşı xəbərdar edib qorxutmuşdur.

Bütün bunlarla yanaşı, fərz edək ki, bir insan həyatın əsl məqsədi haqqında heç bir şey eşitmədiyini, indiyə qədər heç kim tərəfindən xəbərdar edilmədiyini, Allahın kitabını bir dəfə belə oxumadığını desin. Yenə də bu insan yuxarıda da ifadə etdiyimiz kimi, ətrafındakı varlıqları, qüsursuz sistemləri düşünərək bunların sonsuz qüdrət sahibi Yaradıcı tərəfindən mütləq bir məqsədlə yaradıldığını anlaya bilər. Özünün də yaradılmış varlıq olaraq Yaradıcıya qarşı məsuliyyətləri olduğunu qavraya bilər. Çünki Allah insanı ona doğrunu və həqiqəti deyən vicdanı ilə birlikdə yaratmışdır. Ətrafındakı varlıqları və hadisələri vicdanına görə qiymətləndirən, yəni vicdanının səsini dinləyən insan bu həqiqətləri əldə edə bilər.

Ətrafınıza bir daha baxın; uşaqlar, gənclər, kişilər, qadınlar, yaşlı insanlar… Çoxu sanki ölümlə və hesab günü ilə heç qarşılaşmayacaqmış kimi gündəlik işlərinə davam edir. Biri məktəbə gedir, biri iş yerinə gecikməmək üçün sürətli addımlarla avtomobilinə doğru gedir, başqa biri axşam gələcək qonaqları üçün alış-veriş təlaşına qapılır, digəri isə bir neçə həftə sonra dünyaya gələcək nəvəsi üçün hazırlıq görür… Şübhəsiz ki, bütün bunlar hər bir insanın gündəlik həyatının təbii axışı içində yaşadıqlarıdır. Bu sadalananlar, əlbəttə, çox normal davranışlardır. Burada yanlış olan insanların bütün bunları qafil halda yaşamaları və Allahın onları əhatə etmiş olduğunu, ölümün sürətlə gəldiyini, Allahın hüzurunda Rəbbimizi unudaraq keçirdikləri illərin hesabını verəcəklərini heç düşünməmələridir.

Bəs insanlar bu qədər açıq həqiqətlərə, Allahın varlığının saysız dəlillərinə, Onun qarşısında öz acizliklərinin bir çox əlamətlərinə baxmayaraq, necə bu cür məsuliyyətsiz ola bilirlər? Başını quma basdıran dəvəquşu kimi necə həqiqətlərə gözlərini bağlaya bilirlər? Üstəlik, bu davranışlarının fəsadları onlara toxunacaq ikən…

Şübhəsiz ki, bu, insanların bir çoxunun etməli olduqlarını anlaya bilməmələrindən deyil, əksinə, vicdani olaraq doğrunu gördükləri halda, bilə-bilə özlərini aldatmalarından qaynaqlanır. Ona görə, aldatmaq deyirik ki, bir az əvvəl də bəhs etdiyimiz kimi, bir çox insanın bu mövzuda məlumatsızlıq və ya qavrayışsızlıq kimi problemi yoxdur. Problem bu insanların dünyaya həvəslə bağlılıqları, gizli və ya aşkar olaraq axirəti inkar etdiklərinə görə həqiqətlərə səmimi yanaşmamalarıdır.

Əgər siz də özünüzü öz əllərinizlə əsla bərpa edilməyən peşmançılığa aparmaq istəmirsinizsə, diqqət edin! Əsla dünyəvi məqsədlərlə özünüzü aldadıb əyləndirməyin. Sizin bu dünyada olmağınızın həqiqi məqsədi, nə yaxşı bir karyeraya yiyələnmək, nə çox zəngin olmaq, nə də yaxşı ailə qurub oğul-uşaq sahibi olmaqdır. Bunların heç biri əsl yaradılış məqsədiniz deyil. Ən böyük məqsəd Allaha qulluq edərək Onun razılığını, rəhmətini və cənnətini qazanmaqdır. Əlbəttə, insan müvəffəqiyyətli iş adamı ola bilər, evlənib çoxlu uşağa, nəvəyə də sahib ola bilər və ya bunlara sahib olmaq üçün səy göstərə bilər. Amma bunları dünyaya aid yeganə məqsəd halına gətirməmək və bunları yaşayarkən də Allahın razılığını axtarmaq şərti ilə…

Onsuz da dünyaya aid bu dəyərlərin hamısı insanın ölümü ilə birlikdə mənasını tamamilə itirəcək və insan keçərli olan tək şeyin Allaha olan qulluğu olduğunu anlayacaq. Allah bir ayəsində bu həqiqətə belə diqqət çəkir:

Sizi bizə yaxınlaşdıran nə malınızdır, nə də övladlarınız. İman gətirib yaxşı işlər görənlər isə bundan istisnadır. Onlar üçün etdikləri əməllərin qat-qat çoxu vardır. Onlar (cənnətdəki) otaqlarda əmin-amanlıq içində olacaqlar. (Səba surəsi, 37)

Allah başqa ayələrində dünyada malı və sahib olduğu imkanları ilə özünü aldadaraq yaradılış məqsədini unudan, bu səbəbdən, axirətdə böyük hüsrana düçar olan insanların vəziyyətindən belə bəhs edir:

Kaş ölümlə hər şey bitmiş olaydı. Mal-mülküm mənə heç bir fayda vermədi. Səltənətim də yox olub getdi”. (O gün mələklərə belə deyiləcək:) Onu tutub bağlayın! Sonra cəhənnəmə atın! (Haqqə surəsi, 27-31)