Yaradılanlar üzərində düşünmək insana necə fayda verər?

Düşünməkdən qaçan insanın əksinə olaraq, hər şeyi Allahın yaratdığını düşünən insan baxdığı hər bir təfərrüatda Allahın sənətini görər, hər şeyin insan üçün xüsusi olaraq yaradıldığını anlayar.

Məsələn, insan da daxil olmaqla bütün canlılardakı mükəmməl sistemləri, yaşadığı planetin və içində olduğu kainatın fövqəladə bir qüdrətlə yaradıldığını düşünmək, insana ilk növbədə Allahı daha yaxşı tanımağa imkan verər. Bu isə həmin insanın qəlbində həssaslıq yaradar, Allaha olan hörmətini, sevgisini və qorxusunu artırar. Belə bir insan ətrafındakı ağaclardan quşlara, qarışqalardan kəpənəklərə qədər bütün canlılarda və onların sahib olduqları hər bir mexanizmdə daim Allahın sənətini və ucalığını görəcəyi üçün imanı güclənər. Allah yalnız düşünən insanların ətraflarındakı iman dəlillərini görüb qiymətləndirə biləcəklərinə belə diqqət çəkər:

Şübhəsiz ki, göylərin və yerin yaradılmasında, gecə və gündüzün bir- birini əvəz etməsində, insanlar üçün faydalı şeylərlə yüklənərək dənizlərdə üzən gəmilərdə, torpaq öldükdən (bitkilər quruduqdan) sonra Allahın göydən endirib onunla (bitkiləri) canlandırdığı suda, hər növdən heyvanları orada yaymasında, küləklərin (istiqamətinin) dəyişdirilməsində və göylə yer arasında ram edilmiş buludlarda düşünənlər üçün (Allahın varlığını və birliyini göstərən) dəlillər vardır. (Bəqərə surəsi, 164)

Allaha qəti biliklə iman edən insan dünyanın məqsədsiz bir yer olmadığını, üzərində düşünməsi və yerinə yetirməsi vacib olan çox mühüm məsələlərin mövcudluğunu da dərk edər. Ona verilən hər şeyin bir nemət olduğunu bilər və şükür edər. Axirəti daim düşünər və həmin günün qorxusundan uzaq olmaq üçün Allahdan bağışlanma diləyər.

Düşünməyin ən mühüm xüsusiyyətlərindən biri də, şübhəsiz ki, hər bir insanın onu öz səyi ilə əldə etdiyi bir qazanc olmasıdır. Heç kim başqa bir insanı düşünməyə məcbur edə bilməz. Buna görə də ətraflı və dərindən düşünən insan ilk növbədə özünə fayda vermiş olar. Allah Quranda ancaq düşünən insanın qarşılaşdığı hadisələrdən öyüd-nəsihət ala biləcəyinə və öyüd-nəsihətə açıq olan insanların sonsuz həyatını xilas edə biləcəklərinə diqqət çəkər. Digər şəxslərin isə öyüd-nəsihətdən qaçdıqlarını, buna görə də sonsuz bir peşmanlıqla qarşılaşacaqlarını xəbər verər:

Əgər öyüd vermək fayda verirsə, sən öyüd-nəsihət ver! Allahdan qorxan nəsihəti qəbul edəcəkdir. Bədbəxt (inkar edən) isə ondan uzaq duracaqdır. O, ən böyük oda girəcəkdir. onra orada nə öləcək, nə də yaşayacaqdır. (Əla surəsi, 9-13)