Yanlış bilinən anlayış: Təqiyyə

Təqiyyə” kəlməsi qorunmaq, gizlənmək mənalarını ifadə edir

“Təqiyyə” kəlməsi qorunmaq, gizlənmək mənalarını ifadə edir. Ayədə müstəsna vəziyyətdən bəhs olunur: şəxs iman etsə də, təzyiq altındadır və çətin vəziyyətdən xilas olmaq üçün keçici olaraq Allahı inkar etdiyini deməsi və ya imanını gizlətməlidir. Qurana əsasən, təqiyyənin bundan başqa mənası yoxdur.

Halbuki təqiyyə bir çox xurafatçı din anlayışına sahib şəxslər tərəfindən fərqli şəkildə tətbiq olunur. Bəzi İslam əleyhdarları isə bunu yanlış anlayırlar. Xurafatçı İslam anlayışına sahib şəxslər çalışırlar ki, təqiyyəni ikiüzlülük metodu kimi bütün həyatlarına hakim etsinlər. Beləliklə, heç bir həyati təhlükə olmadıqda belə saxta hədislərə əsaslanaraq İslama zidd işlər görür, özlərinə düşmən bildikləri insanlarla yalandan dost kimi davranırlar.

Bir çox İslam əleyhdarları və radikallar ucbatından İslama şübhə ilə yanaşanlar bunu hamıya aid edib heç bir müsəlmanın sülh və sevgi sözlərinə inanmırlar. Elə düşünürlər ki, Quranda bəhs edilən təqiyyə elə bu şəkildə tətbiq olunur və müsəlmanlar sülh və barışıq sözlərindən istifadə etməklə böyük müharibəni səbirsizliklə gözləyirlər. Belə ki, bu şəxslərə görə, sevgi və sülhdən bəhs edən hər müsəlman yalan danışır. Burada hər iki tərəfin problemi odur ki, onlar Qurandan xəbərsizdirlər.

İlk öncə, Quranda işlənən təqiyyə kəlməsində xüsusi şərt var: qəlbi imanla sabit qaldığı halda, (haqqı danmağa) məcbur edilən kəslər istisna olmaqla… Ayədə müəyyən edilən şərt insanın təzyiq və ya təhdid altında, yəni çətin vəziyyətdə olmağıdır. Buna görə də vəziyyətdən çıxış yolu kimi imanını gizlədir, düşmənliyini deyil.

Uca Allah Quranda Fironun ailəsindən olan və imanını gizlədən şəxsdən bəhs edir:

Firon ailəsindən olub imanını gizlədən mömin bir kişi dedi: “Siz bir adamı: “Rəbbim Allahdır!”– dediyinə görə öldürəcəksinizmi? … (Ğafir surəsi, 28)

İmanını gizlədən bu şəxs açıq-aşkar təhlükə altındadır. Firon kimi dövrün ən zalım hökmdarının yanında yaşayır və ölüm təhdidi altında olduğuna görə imanını gizlədir, yəni təqiyyə edir. Bu vəziyyət tam olaraq Qurandakı təqiyyə şərtinin yerinə yetirildiyi vəziyyətdir. Həmin şəxs ciddi şəkildə təhdid altında olduğuna görə iman etsə də, bunu gizlədir. Təqiyyənin Qurana görə tətbiq olunması yalnız bu formadadır.

Hal-hazırda xurafatçıların təqiyyə adı verdikləri əməlləri və bunun İslama uyğun olduğunu düşünən bəzi din əleyhdarları Qurandan uzaq olduqları üçün bu minvalla sülh və sevginin də önünü kəsirlər. Təqiyyənin Qurandakından fərqli şəkildə başa düşülüb tətbiq olunması hazırda dünyada böyük bir müharibə mühitinə zəmin yaradır. Buna yol verilməklə bəşəriyyətə əsla sülhün olmayacağı təlqini verilir; kütləvi və dəhşətli qırğınların davam edəcəyi bəyan edilir.

Bu anlayış Qurana zidd olduğu üçün məntiqə də ziddir. Təsəvvür edin ki, bir müsəlman Allah rizası üçün bütün həyatını sülhə, qardaşlığa və insanları dost etməyə həsr edir; bu yolda radikallardan, müharibə tərəfdarlarından təhdid alıb həyatını təhlükəyə atır; kitab əhlini dost olmağa çağırır və bunun üçün bütün zamanından, imkanlarından və maddi durumundan keçir… Sonra da min bir əziyyətlə aralarında sevgi bağı qurduğu insanları anidən qətlə yetirməyə qərar verir!

Bu, olduqca təhlükəli düşüncədir. Bir insan əgər şeytani fikirlərə sahibdirsə və insanları qətlə yetirməyə qərar veribsə, bunu etməyə imkan qazanmaq üçün heç də əziyyət çəkmir. Bu şeytani fikrini onsuz da bütün şərtlərdə tətbiq edə bilir. Əgər bunu din adından etməyi düşünürsə, dindən istifadə edib qətliamlar törədənlər heç də az deyildir.

Müsəlman həyatını yalan üzərində qurmaz, bu, haramdır. Həqiqi müsəlman daima Quran əsasında yaşayar. Müsəlmanlar dünyaya Quran ayələri işığında sevgi gətirməklə məsuliyyət daşıyırlar.

Şübhəsiz, Rəhman (olan Allah) iman gətirib yaxşı işlər görənlərin qəlblərində bir-birinə qarşı sevgi yaradacaqdır. (Məryəm surəsi, 96)