“Kişi qadınını yatağa dəvət etdikdə, o gəlmədiyinə görə gecəni əsəbi halda keçirərsə, mələklər o qadına səhərə kimi lənət edər.” (Səhihi-Buxari, 9/36)
“Ey qadınlar! Əgər ərlərinizin sizə olan haqlarını bilsə idiniz, ayaqlarının tozunu üzünüzlə silərdiniz.” (Hafiz Zəhəbi, Böyük günahlar, səh.187)
“Ərin vücudu irinlə dolu olsa və zövcəsi onu yalayaraq təmizləsə, yenə də ərinin haqqını ödəmiş olmaz.” (İbni Həcər əl-Heytəmi 2/121, Əhməd bin Hənbəl, Müsnəd, V, 239)
“Bir qadın ərindən boşanarsa, o qadına cənnət qoxusu haram olar.” (Qadınlar üçün dini məlumatlar, səh.61)
“Bir qadın dili ilə ərinə əziyyət verərsə, onu özündən razı edənədək Allah onun heç bir tövbəsini, kəffarəsini və yaxşı əməlini qəbul etməz, hətta gündüzlər oruc tutub, gecələr ibadətlə məşğul olsa belə.” (Bixarül-ənvar, cild 103, səh.244)
“Bir qadın ərinin haqqını ödəmədiyi müddət boyu Allahın da haqqını ödəmiş olmaz.” (Məkarimül-əxlaq, səh.247)
“İmam Musa Kazıma (ə.s) ərini hirsləndirən qadından danışdılar. O da belə buyurdu: “Əri ondan razı olana qədər günahkar sayılır””. (Qisarül-Cüməl, cild 2, səh.258)
Saxta hədislərdə dinimizin qadını guya ikinci dərəcəli və ərinin boyunduruğu altında yaşayan varlıq kimi gördüyü vurğulanır. Bu şeytani məntiqə əsasən, ərinin qadın üzərində haqqı o qədərdir ki, qadın ərinin ayaqlarının tozunu üzünə çəkib, irinli dərisini yalasa da, borcunu ödəyə bilməz. Bu qəribə məntiqə baxmayaraq, heç kim kişinin xanımı üzərində niyə bu qədər böyük haqq sahibi olduğunu əsrlər boyu araşdırmamış, bu batil inancın kor-koranə kök salmasına vəsilə olmuşdur. Belə ki, bir çox müsəlman bu yanlış məntiqi normal qəbul etmişdir.
Bu axmaq zehniyyətin hakim olduğu cəmiyyətlərdə qadınlar onlara qarşı hərəkət və davranışlardan razı olmasalar da, ərlərinə qarşı “qadınlıq vəzifəsi” deyilən cəhalət dolu bir məntiqi yerinə yetirməyə məcbur ediliblər. Bunu yerinə yetirməyənlərlə pis davrananlara qalan haqlarını da əllərindən alıblar. Bu minvalla qadınları gücsüz və əzilməyə məhkum varlıq kimi qələmə verib, bu zehniyyəti bütün İslam cəmiyyətlərinə köklü şəkildə hakim ediblər.
Yüz illər boyu bir adam çıxıb Quranda belə bir anlayışın olmadığını, qadın və kişinin bərabər hüquqa malik olduğunu və Allahın qadınlara istənilən azadlığı verdiyini deyə bilməmişdir. Bunun əksinə olaraq xurafatçı düşüncə “din belə əmr edir, bunu etməyənə Allah və mələkləri lənət edər, Allahın rizasını qazanıb cənnətə girə bilməz” kimi yalanlarla bəzi cahil müsəlmanları Qurana uyğun gəlməyən hərəkətlərə yönəldiblər. Müsəlman qadınların çoxunun şəxsiyyəti xurafat təlimi almış ərləri tərəfindən yox edilmişdir. Çünki xurafatçıların dinində qadın ərinin istəklərini mütləq yerinə yetirməlidir. Qadınların böyük hissəsinin təhsilinə, işləməyinə, sosial həyatda iştirakına, hətta pəncərədən belə baxmağına icazə verilmir. Beləliklə, maddi və mənəvi baxımdan ərlərinə bağlı hala gətirildiklərinə görə (eyni zamanda cəmiyyətin adət-ənənələri də xurafata təsir etdiyinə görə) qadınlar bu təzyiqdən demək olar ki, xilas ola bilməmişdir.
Burada belə bir sual ortaya çıxır: Xurafatçı cəmiyyətlərdə kişi hansı xüsusiyyətinə görə bu qədər üstündür ki, qadın onun haqqını heç ödəyə bilmir? Qurana görə, üstünlük yalnız təqvaya görədir və bunun qarşılığını ancaq Allah verir. Bir kişi qadın üzərində hansı haqqa sahibdir ki, qadın onun üzərindəki murdar irini yalasa belə, o haqqı ödəyə bilməz? Onu bu qədər haqqı ödənilməz edən nədir və ya kimdir? Ona bu üstünlüyü təqvasından başqa nə verə bilər? Allah ona belə bir özəllik verməyib, yəni Quranda belə bir şey yoxdur. Bu halda, bu haqq üstünlüyünü haradan əldə edib? Dindar və ya dinsiz, müşrik və ya münafiq, günahkar, yaxud da zalım olmasına baxmayaraq, istisnasız bütün ərlər nəyə əsasən bu mərtəbəyə çatıblar?
Onları belə bir saxta dərəcəyə yüksəldən xurafatın İslama əlavə etdiyi saxta hədislərdir. Xurafatçılar Quranda olmayan, Allahın lənət etdiyi bu düşüncəni din adından uydurub cəmiyyətlərə hakim ediblər. Hal-hazırda İslam cəmiyyətlərinin böyük hissəsi, hətta bu cəmiyyətlərin eyni təlqinlə böyümüş zərif nümayəndələri belə bundan fərqli düşüncə tərzi tanımırlar. Xurafatın dünyaya gətirdiyi ən böyük bəlalardan biri də budur.

