Xurafatçıların saxta dini

Quranın əmrlərini ən mükəmməl şəkildə həyata keçirən Peyğəmbərimizdir (4)

Quranın əmrlərini ən mükəmməl şəkildə həyata keçirən Peyğəmbərimizdir. Peyğəmbərimiz bütün həyatı boyu Qurana uyğun yaşamışdır və müsəlmanlar üçün ən mükəmməl nümunə olmuşdur. Bütün əməlləri və sözləri Qurana uyğundur və bunların bəziləri dövrümüzə qədər gəlib çatmışdır. Hədis adı verilən bu sözlərin bir hissəsi Qurana uyğundur. Buna görə də onların Peyğəmbərimizə aid olduğu məlumdur və səhihdir. Xüsusilə Axırzamana işarə edən bir çox hədis heç dəyişmədən qalmış, həmin hədislərdə gələcəkdə baş verəcək fövqəladə hadisələrdən bəhs edilmişdir. Bu hədislər dövrümüzdə bir-bir reallaşmağa davam edir. 1400 il əvvəl bildirilən Lulin quyruqlu ulduzunun keçməsi, Əfqanıstanın işğalı, İraq müharibəsi, 11 sentyabr kimi bəşər tarixində bir dəfə olan hadisələr baş vermişdir. Beləliklə, Peyğəmbərimizin müjdələri bizim üçün çox qiymətlidir. Bu da öz növbəsində onu göstərir ki, hədislərin hamısını rədd etməməliyik, səhih olanlarını müjdə və nemət olaraq görməliyik.

Ancaq bu bir həqiqətdir ki, hədis kitablarına sonradan əlavə edilən, Peyğəmbərimizin sözlərinə və əməllərinə heç uyğun gəlməyən bəzi açıqlamalar dövrümüzdə hədis kitablarında yer alır. Bu sözlərin səhih hədislərdən ayırd edən xüsusiyyəti Qurana tamamilə zidd olmasıdır. Qurana zidd olan söz və əməllərin Peyğəmbərimizə aid olması mümkün deyil.

İslam dinindən tam fərqli olan xurafatçıların dinini araşdırdıqda hədislər mövzusunda bəzi həqiqətləri bilməliyik. Çünki xurafatçıların dini İslamın yeganə kitabı olan Quranda yoxdur. Bəs bu batil din haradan gəlir? Bu din adət-ənənələrdən, ağızdan-ağıza yayılan xurafatlardan, ən çoxu isə guya Peyğəmbərimizə aid olan uydurma hədislərdən gəlir.

Quranın nazil olmasından sonrakı əsrlərdə Peyğəmbərimizin bəzi əməlləri və sözləri hədis olaraq bir yerə toplanmışdır. Hədislərin hicri 2-ci əsrdən etibarən yazılmağa başlandığı zənn edilir. Həmin hədislərin bir hissəsi qorunmuşdur. Bir hissəsi isə uydurulmuş və sonrakı dövrlərə tamamilə yanlış ötürülmüşdür. Bir hədisin, həqiqətən, Peyğəmbərimizin sözü və ya əməli olub-olmadığını bilmək üçün Qurana baxmalıyıq. Əgər bir hədis Qurana uyğun gəlirsə, deməli, doğrudur. Əgər gələcəyə işarə edən bir hədis reallaşarsa, yenə də doğrudur. Lakin həmin hədis Qurana ziddirsə, tərəddüd etməyə gərək yoxdur və hədis heç cür doğru qəbul edilə bilməz. Əgər qəbul edilərsə o zaman Quranı inkar etmiş sayılar.

Bəs yaxşı, hədislər müsəlmana lazımdırmı? İlk öncə, müsəlmanların əvəzolunmaz yeganə qaynağı Qurandır və Quran bir müsəlman üçün təkbaşına kifayətdir. Uca Rəbbimizin hökmünə əsasən, müsəlman yalnız Qurandan hesaba çəkiləcək. Bununla belə, Peyğəmbərimizin Qurana əsaslanan əməllərini və ya möcüzələrini bilmək böyük nemətdir. Hədislərə tabe olmaq müsəlmana fərz deyil, lakin Peyğəmbərimizin söz və əməlləri, gələcəyə dair verdiyi müjdələr əhəmiyyətli yol göstəricidir. Elə buna görə də doğru sözü səhv olandan ayırmaq və dövrümüzə qədər gəlib çatan hədisləri aydınlaşdırmaq çox əhəmiyyətlidir. İslam ölkələrinin bir çoxunun problemi isə budur, Quranı tamamilə tərk edib yerinə uydurma hədisləri yol göstərici kimi qəbul edirlər.