Nə üçünsə xurafatçıların Quranla bağlı izahları saxta hədislərin də təsiri ilə həmişə qadını evdə dustaq kimi saxlamaq və ya qadının bədənini örtməklə bağlı olmuşdur. İddia etdikləri ən böyük səbəb isə təhrikedicilik ünsürüdür. Halbuki qadın bədəni kişi üçün nə qədər cazibədardırsa, kişi bədəni də bir qadın üçün eyni şəkildə cazibədardır. Qurana görə iki cins arasında hər hansı bir ayrı seçkilik olmadığına görə, kişilərin təhrik olma qorxusuna görə qadınları örtməyə və ya yox etməyə çalışmalarının da məntiqi yoxdur. Əgər problem kişilərin təhrik olmasıdırsa, bu vəziyyətdə kişilərin evdən bayıra çıxmamaları və ya ətrafı görməyəcək şəkildə örtük ilə çıxmaları daha məntiqlidir. Öz təhrik olma ehtimallarına görə qadını örtməkdənsə, belə bir riski tamamilə aradan qaldırmalıdırlar.
Bu vəziyyət başqa mövzulara da aid edilə bilər. Məsələn, qadının səsi bəziləri tərəfindən təhrikedici olaraq düşünülür və bu səbəbdən danışmasına mane olunursa, eyni şey kişilərə də aid edilməlidir. Əgər qadının səsinə, söylədiyi mahnılara qulaq asılmayacaqsa, eyni şəkildə qadınların da kişi səsindən təhrik ola biləcəyi nəzərə alınaraq bu məhdudiyyətin kişilərə də aid edilməsi lazımdır. Əgər xurafatçı məntiqin saxta qanunlarını doğru olaraq elan etmək istəyir və bu mövzunu hər kəsə qəbul etdirməyə çalışırlarsa, eyni şeyi kişilərə də tətbiq etmək lazımdır.
Lakin əlbəttə ki, İslamda ən doğru olan Quran məntiqidir və Quranın məntiqində belə bir məhdudiyyət yoxdur. Xurafatçıların qoymağa çalışdığı bu məhdudiyyətlər şübhəsiz ki, azadlığı aradan qaldırmaq məqsədilə qəsdən uydurulmuşdur və bunlar ancaq cəmiyyəti çətinliyə salaraq, özlərinə də, yaşadıqları mühitə də fəlakət gətirə bilər.
Qadın və kişi hər mövzuda olduğu kimi, iffət mövzusunda da bərabərdir. Qadına zina haram olduğu kimi, kişiyə də haramdır. Əhzab surəsinin 35-ci ayəsində “iffətlərini qoruyan kişilər və iffətlərini qoruyan qadınlar” ifadəsi ilə açıq şəkildə bildirildiyi kimi, qadın əxlaqlı olmalı, iffətini və namusunu qoruyacağı kimi, kişi də əxlaqlı olmalı, iffətini və namusunu qorumalıdır.
Ancaq bunun yolu insanları örtmək, çölə çıxarmamaq, görüşdürməmək, danışdırmamaq deyil. İnsan, instinktləri ilə hərəkət edən, hissləri onu hara aparsa ora sürünən vəhşi varlıq deyil. İnsan ağlı, şüuru və ən vacibi Allah qorxusu və sevgisi ilə doğrunu yanlışdan ayıran və insan xüsusiyyətini daşıyan bir varlıqdır.
Dolayısilə, bir insanın iffətli davranıb-davranmayacağını müəyyən edən amil qarşı tərəfin nə qədər açıq geyindiyi, saç telinin nə qədərinin göründüyü deyil, onun Allah qorxusu və əxlaqıdır. Allah bir ayədə “…Allah gizlində (yaxud Onun Özünü görmədən) kimin Ondan qorxduğunu üzə çıxarmaq üçün” (Maidə surəsi, 94) buyuraraq insanları heç kimin görmədiyi mühitlərdə də sınayacağını bildirmişdir. Belə ki, insanların məcbur edilərək, evlərə həbs edilərək, əngəllənərək, təzyiqlə dini yaşamaları və ya halal-haramlara diqqət etmələri mümkün deyil, iman, əxlaq, ibadət sadəcə qəlb işidir.
Ey Adəm oğulları! Sizin üçün ayıb yerlərinizi örtən geyim və bər-bəzəkli libas nazil etdik (yaratdıq). Təqva geyimi isə daha xeyirlidir. Bu, Allahın dəlillərindəndir ki, bəlkə, düşünüb öyüd alalar. (Əraf surəsi, 26)
Ayədə deyilən “ayıb yerləri” kişilər üçün cinsi orqan, qadınlar üçünsə cinsi orqan və sinədir. Nur surəsi, 31-ci ayədə sadəcə qadınlara “sinələrini örtsünlər deyilir”, çünki kişilər üçün sinəni bağlamağa gərək yoxdur.
“Bər-bəzəkli libas nazil etdik” – Allah bəzəkli geyimlər geyməyə icazə verir, yoxsa xurafatçılar qadınları sadəcə qara rəngə məhkum edirlər.
“Təqva geyimi isə daha xeyirlidir” – Əsas təqvadır və bu geyimlə olmur. Təqva kişi və qadına eynilə əmr edilibdir.

