Xurafatçıların dinində Musəvi və Xristianlar

Kitab əhlinə qarşı xurafatçı məntiqi

Xurafatçıların müharibə və qadın barəsində gördüyümüz qorxunc məntiqlərini kitab əhlinə, yəni musəvi və xristianlara qarşı baxışlarında da görmək mümkündür. İllər boyu kitab əhlinə qarşı şiddətlə düşmənlik bəsləyən müsəlman cəmiyyətləri yenə saxta hədislərdən təsirləniblər. Peyğəmbərimizin adından rəvayət edilən bu saxta hədislərə görə müsəlmanlar Quranda təriflənən kitab əhlini görməzlikdən gəliblər. Onların müsəlmanların himayəsi altında yaşamalı olduqları həqiqətindən demək olar ki, bixəbər olublar. Bu yanlış düşüncəyə görə səmimi xristian və musəvilərdən bəhs edilən Quran ayələrini belə inkar ediblər. Quran ayələrini inkar etmək isə İslama görə dindən çıxmaq mənasına gəlir ki, buna belə əhəmiyyət verməyiblər.

Xristianlıq və musəvilik İslamdan əvvəl göndərilən haqq dinlərdir və müsəlmanlar Qurana görə, bütün haqq dinləri və haqq peyğəmbərləri qəbul etməklə məsuliyyət daşıyırlar. Ayədə belə vurğulanır:

Deyin: “Biz Allaha, bizə nazil olana, İbrahimə, İsmayıla, İshaqa, Yaquba və onun nəslinə nazil olana, Musa və İsaya verilənlərə, özlərinin Rəbbi tərəfindən peyğəmbərlərə verilənlərə iman gətirdik. Biz onların arasında fərq qoymuruq. Biz yalnız Ona təslim olanlarıq!” (Bəqərə surəsi, 136)

Şübhə yoxdur ki, bu haqq dinlər belə xurafatçılar tərəfindən zamanla yanlış şərh olunmuş, bu öz kitablarına əks olunmağa qədər gedib çıxmışdır. Lakin biz Qiyamətə qədər pozulmayacaq Qurana baxanda anlayırıq ki, xristianlıq və musəvilik dinlərinin ilkin və orijinal variantlarına iman etməliyik və buna görə davranmalıyıq.

Quranda kitab əhli bir çox ayədə təriflənsə də, onlara qarşı həddən artıq düşmənlik siyasəti yürüdən bəzi müsəlman cəmiyyətləri Quran müsəlmanlığının deyil, uydurulan xurafat dininin təmsilçiləridir. Bəziləri bu xətaya bilərək düşür, bəziləri də bilmədən.