Qurana əməl olunmadığı bir mühitdə əsl mənada bir dinin yaşandığını düşünmək qeyri-mümkündür. Bu mərhələdə, Qurandakı din ilə, bəzi cəmiyyətlərdə görülən din anlayışının fərqini yaxşı müəyyənləşdirmək lazımdır. Buna çox diqqət yetirilməlidir: Əgər din, Quranın və sünnələrin tətbiq olunması deyil, əksinə atalardan qalma bəzi səhv düşüncə və batil inancların davam etdirilməsi olaraq başa düşülərsə, o din artıq əsl İslam dini ola bilməz.
Bu gün bəzi cəmiyyətlərdə dindar kimi tanınan bir çox insanın Qurandan xəbərsiz olması vəziyyətin təhrif olunduğunu göstərir. Bu kəslər üçün din, sanki atalardan qalan batil bir miras kimi davam edir ki, bunun da Allah Qatında hər hansı bir dəyəri olmasını gözləmək səhv olar.
Buddistlərdən totemlərə tapınan Afrika qəbilələrinə qədər bir çox cəmiyyət, dinlərini atadan qalma miras kimi tətbiq edir və bunların heç biri haqq din deyil. Çünki bu dinlərdə məqsəd, haqq dində olduğu kimi Allahın razılığını qazanmaq deyil, çox vaxt bəzi insanlar üçün ənənəni davam etdirmənin bəxş etdiyi nostalji zövqü yaşamaq, bəzən də mənfəət əldə etməkdir.
Quranda bildirilən dindəki təməl isə Allahın razılığıdır. Müsəlman bunu özünə təməl kimi qəbul etməlidir. Bu mövzudakı bir ayə mövzunu izah edir:
Binasını Allah qorxusu və Onun rizası üzərində quran kəs daha yaxşıdır, yoxsa binasını dağılmaqda olan uçurumun lap kənarında quran və onunla birlikdə Cəhənnəm oduna yuvarlanan kəs? Allah zalım qövmü doğru yola yönəltməz. (Tövbə surəsi, 109)
Ayədən də aydın olacağı kimi, Allah rizası üzərində qurulmamış bir iman, bunun üzərində qurulmamış bir din anlayışı qəbul olmadığı kimi özü ilə birlikdə qorxunc bir aqibət də gətirir.

