İnsanlara həyatı boyu ehtiyacı olan hər məsələdə bütün məlumatları Allah Quranda açıqlamışdır. Dünya həyatının həqiqi üzünü, insanların yaradılış məqsədini, gözəl yaşamağın sirlərini, insan fitrətinə ən uyğun əxlaq anlayışını insanlara bildirmişdir. Quranda Allahın əmr etdiyi hökmlər qadın və kişilərə aiddir. Bəzi xurafatçı kütlələr qadın düşmənçiliyini və qadına dəyər verməməyi təlqin etməyə çalışsalar da, bu anlayışa Quranda yer yoxdur. Əksinə, Quranda Rəbbimiz qadınları qoruyan və dəyər verən bir çox ayə nazil etmişdir.
Xurafatçılıq Allahın Quranda bildirdiyi və Peyğəmbərimizin yaşadığı İslamdan çox fərqli anlayışı din kimi göstərməyə çalışan sistemdir. İslam dini sevgini, dostluğu, qardaşlığı, sevinci, estetika, incəsənət və elmə əhəmiyyət verməyi, qadına layiq olduğu dəyəri verməyi, mərhəməti, qısaca desək, gözəl olan hər şeyi əmr edir. Xurafatçılıq isə xurafat və bidətlərlə dolu tamamilə başqa dini ortaya qoyur. Sevginin olmadığı, nifrətin və qəzəbin hakim olduğu, təmizliyə, incəsənət və elmə qarşı olan, sevincin və gözəlliyin qadağan olunduğu, qadınlara və uşaqlara amansız qəzəb duyulan sistem şeytanın insanları din əxlaqından uzaqlaşdırmaq üçün meydana gətirdiyi bəladır.
Xurafatçılar insana və heç bir canlıya dəyər vermirlər. Ruhlarında incəliyə, şəfqətə və mərhəmətə yer yoxdur. Bütün bunların nəticəsi olaraq xurafatçı, qadına da nifrət edir. Xurafatçıların başlıca cəhətlərindən biri də qadın düşməni olmalarıdır. Qadına üçüncü sinif varlıq münasibəti göstərmək xurafatçılığın əsas xüsusiyyətidir.
Xurafatçılar qadına təzyiq göstərir, hörmət və sevgi bəsləmir, dəyər vermirlər. Qadınları ancaq təmizlik edən, xidmətçi varlıq kimi görürlər. Hətta qadının şəxsiyyətinin, əxlaqi xüsusiyyətlərinin və qabiliyyətinin fiziki quruluşu ilə əlaqədar olaraq daha məhdud olduğuna inanırlar. Məsələn, cəmiyyətdə kişi işi və ya qadın işi deyə ayırd edilən məsələlər var. Əlbəttə, fiziki gücləri və quruluşu baxımından qadınların görə biləcəyi işlərlə kişilərinki fərqlənir. Ancaq bu fərq qadının ağıl və bacarıq yönündən daha gücsüz olması demək deyil. Dövrümüzdə qadınlar bir çox sahədəki bilik və bacarıqları ilə bu ön mühakimənin əsassızlığını ortaya qoyurlar.
Qadının cəmiyyətdəki yeri haqqında dünyanın hər ölkəsində əsrlərdən bəri müzakirələr davam edir. Qadının cəmiyyətdəki statusu, ailə həyatındakı əhəmiyyəti, iş həyatında yer tutub-tutmaması kimi bir sıra sosial məsələlər illər boyu dünya gündəmindədir. Halbuki, bir müsəlman üçün qadının cəmiyyətdəki yeri çox vacibdir və həqiqi İslam əxlaqının mənimsəndiyi cəmiyyətdə bu cür müzakirələr olmaz. Çünki İslamda qadınla kişi bərabərdir.
Əlbəttə, fiziki cəhətdən qadınla kişi bir-birindən fərqlidir. Ancaq qadının fiziki baxımdan kişidən gücsüz olması ona cəmiyyətdə kişidən az dəyər verilməsi üçün əsaslı səbəb deyil.
İslam əxlaqına görə, bir insanın qadın və ya kişi olması deyil, Allaha dərin iman və Allah qorxusu ilə bağlanması önəmlidir. Allahın əmr və qadağalarına dəqiq tabe olması, Quran əxlaqına uyğun yaşamağa çalışmasıdır. Allah qatında insanın bu xüsusiyyətlərinə dəyər verilir. Allah Quranda qadın və ya kişi olmasından asılı olmayaraq, iman gətirən şəxsin lazımi xüsusiyyətlərini çox ətraflı açıqlamışdır.
Quran ayələrinə baxdıqda Allahın qadınla kişiyə ortaq xitab etdiyini görürük. Allah Quranda bir insanın gənc, yaşlı, qadın və ya kişi olmasının deyil, səmimi qəlbdən iman gətirməsinin vacib olduğunu bildirir. Buna görə, Allah Quran ayələrində qadına və kişiyə birlikdə xitab edir və hər ikisinin öhdəliklərinin eyni olduğunu xatırladır. Quranda bu cür bir çox ayə var.
Allah Quranda “Mömin olaraq yaxşı işlər görən kişilər və qadınlar cənnətə daxil olarlar. Onlara xurma çərdəyindəki ip qədər haqsızlıq edilməz!” (Nisa surəsi, 124) ayəsində səmimi iman gətirən insanın qadın və ya kişi olmasının heç bir əhəmiyyəti olmadığını bildirmiş, iman gətirənlərin heç bir haqsızlıq edilmədən mütləq Allahın rəhməti və cənnəti ilə mükafatlandırılacağını xəbər vermişdir.
Xurafatçılar Quranda olmayanları İslam dininə daxil etməyə çalışır, öz xurafatlarına uyğun olmayan hökm və əmrləri inkar edirlər. Quranın sevgi, şəfqət, qardaşlıq və sülhü nəsihət etməsi, bütün gözəlliklərin təriflənməsi, incəsənətə və elmə təşviq edilməsi, qadınlara üstünlük verilməsi, qorunması onların qəzəbinə səbəb olur.
Xurafatçı düşüncə tərzində kişinin üstün olduğu düşünülür. Ancaq Allahın Quranda bildirdiyi kimi, üstünlüyü qadın və ya kişi olmaqda, fiziki gücdə və ya başqa meyarda axtarmaq böyük aldatmadır.
Allah bir ayədə: “…Allah gördüyünüz hər bir yaxşı işi bilir. Tədarük görün. Ən yaxşı tədarük isə təqvadır. Ey təmiz ağıl sahibləri, Məndən qorxun!” (Bəqərə surəsi, 197) şəklində buyuraraq insanlara dünyada əldə edəcəkləri ən xeyirli tədarükün təqva olduğunu xəbər vermişdir, yəni Qurana əsasən, insanlar arasındakı yeganə üstünlük ölçüsü təqvadır.
Quranda qadına verilən dəyəri bildirən bəzi ayələr
– Anaya verilən dəyər
Biz insana ata-anasına yaxşı davranmsını tövsiyə etmişik. Anası onu çətinliklərə dözərək bətnində daşımışdır. Onun süddən kəsilməsi də iki il ərzində olur. Mənə şükür et və ata-anana təşəkkür et! Axır dönüş Mənədir. (Loğman surəsi, 14)
– Ailə həyatında qadına verilən dəyər
Ünsiyyət edəsiniz deyə sizin üçün özünüzdən zövcə xəlq edib aranızda sevgi və mərhəmət yaratması da Onun (varlığının) dəlillərindəndir. Şübhəsiz ki, bunda düşünənlər üçün ibrətlər vardır. (Rum surəsi, 21)
– Qadınların könlünü alaraq və razı salaraq boşamaq
Qadınlarınızı boşadığınız və onların gözləmə müddəti başa çatdığı zaman onları ya xoşluqla saxlayın, ya da xoşluqla ayrılın! Zərər verərək haqlarına təcavüz etmək üçün onları saxlamayın! Kim bunu edərsə, özünə zülm etmiş olar. Allahın ayələrinə istehza etməyin! Allahın sizə olan nemətini, öyüd-nəsihət vermək üçün sizə göndərdiyi kitabı və hikməti xatırlayın! Allahdan qorxun və bilin ki, Allah hər şeyi biləndir. (Bəqərə surəsi, 231)
– Qadınların boşandıqdan sonra maddi cəhətdən təmin edilməsi
Boşanmış qadınları qəbul olunmuş tərzdə faydalandırmaq müttəqilərin vəzifəsidir. (Bəqərə surəsi, 241)
– Qadına verilən malların boşandıqdan sonra geri alınmaması
Əgər bir arvadın yerinə başqa bir arvad almaq istəsəniz, onlardan birinə çoxlu mal vermiş olsanız da, ondan heç bir şey geri almayın! Məgər bu malı böhtan atmaq və aşkar bir günah iş görməklə gerimi alacaqsınız?! Siz onu necə geri ala bilərsiniz ki, bir-birinizlə yaxınlıq etmişdiniz və onlar sizdən möhkəm əhd-peyman almışdılar. (Nisa surəsi, 20-21)
– Boşandıqdan sonra qadınlar üçün sığınacaq yeri təmin edilməsi
Onları gücünüz çatdığı qədər yaşadığınız yerin (evinizin) bir hissəsində məskunlaşdırın və sıxışdırmaq (evdən çıxarmaq) məqsədilə onlara zərər verməyin! Əgər onlar hamilədirlərsə, uşağı dünyaya gətirənə qədər onların dolanışığını təmin edin! Sizin üçün uşaq əmizdirərlərsə, onlara ücrətlərini verin və aranızda gözəl bir şəkildə razılaşın! Əgər (razılaşmaqda) çətinliyə düşsəniz, uşağı başqa bir qadın əmizdirə bilər. (Talaq surəsi, 6)
– Qadına zorla varis çıxmamaq
Ey iman gətirənlər! Qadınlara zorla varis çıxmaq sizə halal deyildir! (Qadınlar) açıq-aşkar pis bir iş görməyincə, onlara verdiyiniz şeylərin bir hissəsini geri qaytarmaq məqsədilə onlara əziyyət verməyin. Onlarla gözəl rəftar edin… (Nisa surəsi, 19)
– Yetim qadınların hüquqlarının qorunması
Səndən qadınlar barəsində fitva istəyirlər. De: “Verilməsi vacib olan (mirası) verməyib nikahlamaq istədiyiniz yetim qadınlar, aciz uşaqlar və yetimlərə qarşı ədalətlə rəftar etməyiniz barəsində fitvanı sizə Allah və Kitabda oxunan (ayələr) verir. Şübhəsiz ki, etdiyiniz hər bir xeyir işi Allah bilir. (Nisa surəsi, 127)
Qadınlar Allahın yaratdığı çox mübarək və möhtərəm varlıqlardır. Allah onları dünyanın ən gözəl bəzəyi kimi yaratmışdır. Şeytan isə qadın düşmənidir və qadına nifrət edir. Darvinistlər, kommunistlər, faşistlər və xurafatçılar da qadına nifrət edirlər. Qadını üçüncü sinif varlıq kimi görürlər. Halbuki, qadınlar çox zəkalı, ağıllı, incə düşüncəli, incəsənətə meyilli gözəl varlıqlardır. Quranda xurafatçılar, münafiqlər, müşrik və saxtakarlarla bağlı çoxlu ayə var. Ancaq istər Quranda, istərsə də Peyğəmbərimizin hədislərində xurafatçıların Quran və hədislərə əsaslandırdığı qadınları alçaldan sözlərə və xurafata yer yoxdur. Unutmaq olmaz ki, hər xalqın arasında pislər var, qadınların da pisi Quranda münafiq adlandırılır və axirətdə eynilə münafiq kişilər kimi cəza çəkəcəkləri bildirilir. Ancaq xurafatçıların qadınların hamısını pisləyən, böyük qisminin cəhənnəmə gedəcəyini bildirən sözləri tamamilə xurafatdır və bu şəxslər Allahın adından yalan danışırlar.

