Xoşbəxtliyin sirri

Xoşbəxtlik dünyada hər insanın sahib olmağa çalışdığı nemətdir

Xoşbəxtlik dünyada hər insanın sahib olmağa çalışdığı nemətdir. Ancaq xoşbəxtlik insanların düşündükləri kimi, dünyəvi şərtlərə bağlı olan hiss deyil. Daimi və həqiqi xoşbəxtliyi isə ancaq iman gətirənlər yaşaya bilərlər. Çünki həqiqi xoşbəxtlik nə insanlara, nə hadisələrə, nə maddiyyata, nə də mövqeyə bağlıdır. Xoşbəxtliyin tək bir sirri vardır, o da Allah sevgisi və Allaha təvəkküldür.

İman gətirən insan bu dünyanın həqiqi mahiyyətini, yaradılış məqsədini, Uca Allahın onu imtahan etdiyini və Ona qulluq etməklə məsuliyyət daşıdığını bilir. Buna görə də, həyatı boyunca Allahın razılığını, rəhmətini qazanmağa çalışır və möminlərin həqiqi yurdu olan cənnətə girmək üçün səy göstərir.

Xoşbəxtlik Uca Allahın saleh qullarına səmimi iman və bağlılığına görə həm dünyada, həm də cənnətdə verdiyi çox böyük nemətdir. Möminlərin xoşbəxtliyinin və hüzurunun qaynağı yalnız imanıdır. Allah səmimi imanın əvəzində onların qəlbinə xoşbəxtlik və rahatlıq hissini nemət kimi bəxş edir. Möminlərin yaşadığı bu xoşbəxtlik dünya şərtlərinə bağlı deyil, Allah və axirətə iman gətirmənin verdiyi mənəvi xoşbəxtlikdir. İmandan uzaq yaşayan insanlar isə iman gətirmədikləri müddətcə həqiqi xoşbəxtlikdən uzaq qalırlar. Sonsuz güc sahibi Allah din əxlaqını yaşamadıqları üçün bu insanların qəlbinə narahatlıq və sıxıntı salacağını Quran ayəsində belə bildirmişdir:

Allah kimi doğru yola yönəltmək istəyərsə, onun qəlbini İslama açar, kimi (haqq yoldan) azdırmaq istəyərsə, göyə çıxırmış kimi onun qəlbini daraldar. Allah iman gətirməyənləri bu şəkildə əzaba məruz qoyar. (Ənam surəsi, 125)

  • Möminləri xoşbəxt edən nədir?

İman gətirməyən insanlar axirət həyatının çox yaxın olduğunu və onunla qarşılaşacaqlarını düşünmədən yaşayırlar. Ölümü, ölümdən sonra nələrlə qarşılaşacaqlarını, bütün həyatı boyu əməllərinə görə Allaha hesab verəcəklərini, bunun nəticəsində də cənnət, ya da cəhənnəmdə sonsuza qədər qalacaqlarını ağıllarına gətirmir, yaxud da gətirmək istəmirlər. İnsanları bu cür davranmağa vadar edən ən əhəmiyyətli fakt isə sonsuz axirət həyatını özlərindən uzaq görmələridir.

Bu düşüncədəki insanların istədiyi kimi yaşayacaq daha çox vaxtlarının olduğunu düşünürlər. Buna görə də, heç düşünmədikləri, ya da reallaşacağına az inandıqları bir şey üçün həyatını, mənfəətini və qurduqları planlarını fəda etmək istəmirlər. Böyük səhv edərək dünya həyatını və dünya mənfəətlərini axirətdə qazanacaqları ilə müqayisədə daha yaxın və asan görürlər, dünya həyatını üstün tuturlar. Dünyaya bağlanıb axirəti gözardı edirlər, bütün istəklərini bu qısa dünya həyatına sığdırmağa çalışırlar. Bütün həyatını Allahı razı edəcək davranışlardan və din əxlaqını yaşamaqdan uzaq keçirir, yalnız dünyəvi ehtirasları üçün zaman sərf edirlər.

Dünya həyatına duyulan ehtiras isə insanları bədbəxt edir. Quran əxlaqından uzaq yaşayan bu insanların dünya həyatında xoşbəxt ola bilməyəcəklərini, həmişə çətinlik yaşayacaqlarını Allah Quranda belə bildirir:

Kim Zikrimdən (Qurandan) üz çevirərsə, şübhəsiz, onu məşəqqətli bir həyat gözləyir və qiyamət günü onu kor olaraq həşr edəcəyik. (Taha surəsi, 124)

İman gətirməyən insanları bədbəxt edən və onlara narahat edən başqa mövzu isə qarşılaşdıqları çətin anlarıdır. Bu insanların xoşbəxtliyi tamamilə dünyəvi xeyir və qazanclara bağlı olduğundan çətin anlarda mənfəətlərini itirmə təhlükəsi ilə qarşı-qarşıya qalırlar. Hər şeyləri dünyaya bağlı olduğundan heç gözləmədikləri hadisə ilə bunların əlindən çıxması onları ümidsizliyə salır. Keçici sevinci də bu yolla tamamilə itirirlər, içindən çıxa bilməyəcəkləri sıxıntılara qapılırlar.

Möminlərin xoşbəxtliyi isə çətin hallarda göstərdikləri Quran əxlaqı ilə daha da artır. Möminlərin ürəyində Allahın razılığını qazanma ümidi və bu yolda etdiyi cəhdin verdiyi sevinc və hüzur vardır. Yaşadıqları bu sevinc onları həm dünya həyatında xoşbəxt və hüzurlu edir, həm də Allahın razılığını daha çox qazanmaq üçün həyəcan yaradır. Bu sevinc və xoşbəxtlik insanların iman gətirmədikləri təqdirdə, heç vaxt əldə edə bilməyəcəkləri və təqlid edə bilməyəcəkləri sevincdir. Çünki bu, Allahın yalnız möminlərə hiss etdirdiyi və Allahın razılığını, rəhmətini və sonsuz cənnətini ümid etmənin verdiyi xoşbəxtlik və hüzurdur.

  • İmanın sevinci

Möminlər Allaha və Onun yaratdığı taleyə iman gətirdikləri üçün sevinc və xoşbəxtliyi daimidir. Bu vəziyyət onların gündəlik həyatına da əks olunur və möminlərin xarakterinin əsasını təşkil edir. İman etməyənlər isə Allahdan və Onun ayələrindən xəbərsiz yaşadıqları üçün həmişə bədbəxt olurlar.

Möminlərin Allaha qarşı duyduqları sevgi, bağlılıq və taleyə təslimiyyət onları maddi və mənəvi hər cür sıxıntından uzaq tutur. Çünki mömin üçün həyatı boyunca “pis” kimi xarakterizə edə biləcəyi heç bir şey yoxdur. Göstərəcəyi Quran əxlaqı ilə Allahın bütün “pis” kimi görünən vəziyyət onun üçün “xeyirə”“yaxşılığa” çevirəcəyini çox yaxşı bilir. Bu da möminin hər zaman imandan qaynaqlanan sevincə və xoşbəxtliyə sahib olmasını təmin edir. Hər kəsin kədərləndiyi və məyus olduğu mühitdə onu üzəcək hər hansı səbəb mövcud olmadığı üçün sevincindən və xoşbəxtliyindən heç bir şey azalmır.

Möminlərin davranışları hər zaman səmimi və rahat olur. Hər zaman Allaha təvəkkül etdikləri üçün hərəkətləri qarşılarındakı insanlara da hüzur və sevinc bəxş edir. Bu baxımdan, hər kəs bir möminlə danışmaqdan və yoldaşlıq etməkdən böyük zövq alır. Çünki həqiqi mənada səmimiyyətə və sevincə yalnız möminlər malikdir. Mömin Allahın ona verdiyi bu bənzərsiz nemət sayəsində yaşamaqdan zövq alan, həqiqi mənada gözəl vaxt keçirən, xoşbəxt olan və gülən tək insandır. Çünki möminlər hər şeyin Allahın iradəsində olduğunu bilirlər. Allah bu mövzunu bir ayədə belə bildirir:

De: “Allahın bizim üçün təqdir etdiyindən başqası bizə üz verməz. O, bizim himayədarımızdır (yardımçımızdır). Ona görə də möminlər Allaha təvəkkül etsinlər!” (Tövbə surəsi, 51)

Din əxlaqından uzaq yaşayan insanlar, ümumiyyətlə, gözəl vaxt keçirmənin, sevincin və sevginin zövqünü həqiqi mənada yaşaya bilmirlər. Bu insanların əksəriyyəti bəzən yaxşı vaxt keçirir və ya əylənir kimi görünsələr də, bu vəziyyət bütün həyatına hakim ola bilmir. Çünki yaşadıqları problemləri düşünmələri və onları özlərinin həll edəcəklərini zənn etmələri keflərini pozur, çətinlik və gərginlik yaradır.

Möminlər isə Allaha səmimi şəkildə iman gətirdikləri üçün Allahın onlara bəxş etdiyi “həqiqi” sevinclə dolu həyat yaşayırlar.

  • Həmişə xoşbəxtlik yalnız möminlərindir

Nəticə etibarı ilə, möminlər yaşadıqları çətinliklərdən asılı olmayaraq, həmişə Allaha güvənən, həmişə Ona yönəlib dönən, həmişə Onu razı etməyi düşünən və hər zaman Quran əxlaqına uyğun yaşayan əxlaqa sahib olduqlarından, Allahın heç bitməyən rəhməti, fəzli və sevgisi həmişə onların üzərindədir. Uca Allah iman gətirənləri heç bir zaman tək və köməksiz buraxmayacağını vəd etmişdir. Allah səmimi şəkildə səy göstərən, heç bir şübhəyə qapılmadan malını və canını Allahın razılığını qazanmaq üçün sevərək sərf edən bu sadiq qullarını sonsuza qədər qalacaqları, nemətlərlə dolu cənnətlə müjdələmişdir:

Dünyada da, axirətdə də onlar üçün müjdə vardır. Allahın sözlərində əsla dəyişiklik olmaz. Əsil böyük uğur budur! (Yunis surəsi, 64)

Onlar iman gətirən və Allahı zikr etməklə qəlbi rahatlıq tapan kimsələrdir. Bilin ki, qəlblər (ancaq) Allahı zikr etməklə rahatlıq tapar. (Rad surəsi, 28)