Xoşbəxtlik pul ilə olmur

Xoşbəxtlik dünya üzərində hər insanın sahib olmağa çalışdığı nemətdir

Xoşbəxtlik dünya üzərində hər insanın sahib olmağa çalışdığı nemətdir. Ancaq xoşbəxtlik insanların düşündükləri kimi, dünyəvi şərtlərə bağlı olan hiss deyil. Daimi və həqiqi xoşbəxtliyi isə ancaq iman gətirənlər yaşaya bilərlər. Çünki həqiqi xoşbəxtlik nə insanlara, nə hadisələrə, nə maddiyyata, nə də mövqeyə bağlıdır.

Xoşbəxtliyin tək bir sirri vardır, o da Allah sevgisi və Allaha təvəkküldür.

İman gətirən insan bu dünyanın həqiqi mahiyyətini, öz yaradılış məqsədini, Uca Allahın onu imtahan etdiyini və Ona qulluq etməklə məsuliyyət daşıdığını bilir. Buna görə də, həyatı boyunca Allahın razılığını, rəhmətini qazanmağa çalışır və möminlərin həqiqi yurdu olan cənnətə girmək üçün səy göstərir.

Xoşbəxtlik Uca Allahın saleh qullarına səmimi iman və bağlılıqlarına görə həm dünyada, həm də cənnətdə verdiyi çox böyük bir nemətdir. Möminlərin xoşbəxtliyinin və hüzurunun qaynağı yalnız imanlarıdır. Allah səmimi imanlarının əvəzində onların qəlbinə xoşbəxtlik və rahatlıq hissini nemət kimi bəxş edir. Möminlərin yaşadığı bu xoşbəxtlik dünya şərtlərinə bağlı deyil, Allah və axirətə iman gətirmənin verdiyi mənəvi xoşbəxtlikdir. İmandan uzaq yaşayan insanlar isə iman gətirmədikləri müddətcə həqiqi xoşbəxtlikdən uzaq qalırlar. Sonsuz güc sahibi Allah din əxlaqını yaşamadıqları üçün bu insanların qəlbinə narahatlıq və sıxıntı salacağını Quran ayəsində belə bildirmişdir:

Allah kimi düz yola yönəltmək istəsə, onun köksünü islam (dini) üçün açıb genişləndirər, kimi azdırmaq istəsə, onun qəlbini daraldıb sıxıntıya salar. O, sanki (sıxıntının şiddətindən) göyə çıxar. Allah iman gətirməyənlərə pisliyi belə edər! (Ənam surəsi, 125)