Quranda “İnsanlar elə güman edirlər ki, təkcə: “İman gətirdik!” – demələri ilə onlardan əl çəkiləcək və onlar imtahan edilməyəcəklər?” (Ənkəbut surəsi, 2) ayəsi ilə insanlara əhəmiyyətli bir həqiqət xatırladılır. Bu ayədən aydın olur ki, bir insan “mən iman etdim” dedikdən sonra həyatında həqiqətən Allahı razı etmək üçün yaşadığını, Onun bəyəndiyi əxlaqı tətbiq etdiyini hərəkətlərində də göstərməlidir. Qarşısına çıxan hər cür vəziyyətdə Allahın razı olacağı ümid edilən gözəl əxlaqı yaşamalı və bunun əksinə bir rəftar sərgiləməməlidir. Bir kimsənin həqiqi və səmimi bir mömin olduğunun ən əhəmiyyətli əlamətlərindən biri budur. Başqa sözlə insanın səmimiyyəti Allahın gözəl gördüyü əxlaqı yaşamaq üçün göstərdiyi səylə aydın ola bilər.
Hər insan vicdanının səsini dinləyib, səmimiyyətdə güzəştə getmədikdə Allahın iznilə Quran əxlaqını, Quranda nümunə göstərilən saleh möminlər kimi ən gözəl şəkildə yaşaya bilər.
Bəzi insanlar Allahın çağırdığı doğru yola gəlməyib zərərə uğrayarlar. Ancaq bəziləri də yarışıb önə keçər və qurtuluşa çatanlardan olmağı ümid edə bilərlər. Güclü imana sahib hər mömin gücünün çatdığı ən üstün əxlaq səviyyəsinə çatmağa çalışar. Çünki Allahın sevgisini və məmnuniyyətini ancaq bu şəkildə qazana biləcəyini bilər. Onsuz da insanın əsl yaranma məqsədi də budur. Rəbbimizi haqqı ilə təqdir edib, Onun razılığını, sevgisini və cənnətini qazana bilmək…
Allahın Quranda “Yaxşı işlər görməkdə bir-birinizlə yarışın. …” (Maidə surəsi, 48) əmri ilə bildirdiyi yarış Quran əxlaqından uzaq cəmiyyətlərdə yaşanan “bir-birini əzmə” yarışı deyil. Tam əksinə gözəllikləri və xeyirləri artırma yarışıdır. Çünki möminlərin yarışmaqdakı məqsədləri dünyəvi bir mənfəət əldə etmək və ya insanlar arasında bir üstünlük meydana gətirmək deyil. Onlar yalnız Allahın əmrlərini yerinə yetirməkdə, Onun bəyəndiyi əxlaqı yaşamaqda və Rəbbimizi razı etməkdə yarışarlar. Belə ki, Quranda möminləri Allah Qatında önə keçirən ünsürün belə bir səylə xeyirlərdə yarışmaları olduğu bildirilmişdir.
Hər insan üstün bir əxlaqı hədəfləməklə və buna cəhd göstərməklə məsuldur. Bu mövzuda insanların qarşısında hər hansı bir sərhəd yoxdur. Allaha könüldən iman edən, Ona səmimiyyətlə yaxınlaşmağa çalışan hər mömin bu əxlaqı qazana bilər və “imani yetkinliyə” çata bilər. Bu “imani yetkinlik” hər işdə Allaha yönəlib dönmənin, daim Allahın razılığını və dostluğunu qazanmağa çalışmağın və qeyd-şərtsiz gözəl bir əxlaq sərgiləmənin nəticəsində yaranan “kamil iman”dır.

