Gördüyümüz görüntülərin maddi həqiqətə sahib olmadığı, Allahın davamlı ruhumuza göstərdiyi görüntülər olduğu elmi və məntiqi bir həqiqətdir. İnsanlar ümumiyyətlə “xarici dünya” anlayışının içinə hər şeyi daxil etməzlər, ya da etmək istəməzlər.
Bu mövzuda bir az səmimi və cəsur düşünəcək olsanız, evinizin, içindəki əşyalarınızın və ya bağ evinizin, yeni aldığınız avtomobilinizin, ofisinizin, ləl-cəvahiratlarınızın, bankdakı hesabınızın, qarderobunuzun, həyat yoldaşınızın, uşaqlarınızın, iş yoldaşlarınızın və sahib olduğunuz digər şeylərin də sizə göstərilən bu “xəyali xarici dünya”ya daxil olduğu həqiqətinin fərqinə vararsınız. Ətrafınızda gördüyünüz, eşitdiyiniz, iylədiyiniz qısacası beş duyğunuzla qəbul etdiyiniz hər şey bu “xəyali dünya”ya aiddir; ən sevdiyiniz sənətçinin səsi, oturduğunuz stulun sərtliyi, qoxusu xoşunuza gələn ətir, sizi istilədən günəş, rəngləri ilə göz oxşayan çiçək, pəncərənizin xaricində uçan quş, dənizin üzərində sürətlə irəliləyən gəmi, bol məhsul verən bağçanız, işinizdə istifadə etdiyiniz kompüter ya da dünyadakı ən keyfiyyətli texnologiyaya sahib musiqi setiniz…
Həqiqət budur, çünki dünya yalnız insanı sınamaq üçün yaradılan bir görüntülər bütünüdür. İnsanlar qısa həyatrı boyunca, əslinə heç bir zaman çata bilməyəcəkləri hisslərlə sınanarlar. Bu hisslər isə, xüsusilə bəzəkli və cazibədar göstərilər. Bu həqiqət, Quranda belə xəbər verilməkdədir:
Qadınlara, uşaqlara, qızıl-gümüş yığınlarına, yaxşı cins atlara, mal-qaraya və əkin sahələrinə qarşı nəfsani istəklər insanlara gözəl göstərilmişdir. Bunlar dünya həyatının (müvəqqəti) mənfəətləridir. Ən gözəl dönüş yeri Allah dərgahındadır. (Ali İmran surəsi, 14)
İnsanların çoxu sahib olduqları ya da olmağa çalışdıqları malların, pulların, yığdıqları qızılların, dollarların, ləl-cəvahiratların, kredit kartlarının, istifadə etdikləri şkaf dolusu paltarların, son model avtomobillərin, qısacası hər cür zənginliyin sehri ilə dinlərini bir kənara buraxar, axirəti unudar və yalnız dünyaya yönələrlər. “İşim var”, “ideallarım var”, “məsuliyyətlərim var”, “vaxtım məhduddur”, “çatdırmam lazım olan işlər var”, “sonra edəcəyəm” deyərək, dünyanın “bəzəkli və cazibədar” üzünə aldanaraq namaz qılmaz, mallarını kasıblara verməz, axirətdə qazanc təmin edəcəkləri ibadətlərə yönəlməzlər. Əksinə yalnız dünyada qazanc təmin etməyə çalışaraq ömürlərini sərf edərlər. “Onlar, dünya həyatının zahirini (xaricdə olanını) bilərlər, axirətdən isə xəbərsizdirlər” (Rum surəsi, 7) ayəsində tam olaraq bu yanılma təsvir edilir.
Hər şeyin görüntü olduğu həqiqəti isə, bütün bu ehtirasları və bağlılıqları mənasızlaşdırması baxımından çox əhəmiyyətlidir. Çünki bu həqiqətin başa düşülməsi, insanların sahib olduqları və olmağa çalışdıqları hər şeyin, ehtirasla sahib olduqları mülklərinin, varlıqlarıyla öyündükləri uşaqlarının, özlərinə ən yaxın sandıqları yoldaşlarının, dostlarının, ən sevdikləri bədənlərinin, bir üstünlük olaraq gördükləri mövqelərinin, oxuduqları məktəblərin, keçirdikləri tətillərin bir xəyaldan ibarət olduğunu göstərməkdədir.
Bunların bənzərlərini yuxuda da tez-tez görərlər. Yuxuda da evləri, çox sürətli avtomobilləri, son dərəcə qiymətli ləl-cəvahiratları, dollarları, yığın-yığın qızıl və gümüşləri vardır. Ancaq necə yuxuda sahib olduqları ilə öyünmək onları gülməli vəziyyətə salırsa, eyni şəkildə bu dünyada gördükləri görüntü ilə öyünmək də buna bərabərdir. Yuxularında gördükləri də, bu dünyada ünsiyyətdə olduqları da nəticədə zehinlərindəki bir görüntüdən ibarətdir.
Bilinməlidir ki, “dünya” dediyimiz görüntüləri yaradan Allah olduğuna görə, bu dünyadakı bütün malın həqiqi sahibi də yalnız Allahdır. Bu həqiqət Quranda xüsusilə vurğulanar:
Göylərdə və yerdə nə varsa, hamısı Allaha məxsusdur. Allah hər şeyi (elmi və qüdrəti ilə) əhatə etmişdir. (Nisa surəsi, 126)
Əsli xəyal olan ehtiraslar uğruna dini bir kənara buraxmaq və bunun nəticəsində sonsuz həyatı itirmək isə, çox böyük bir ağılsızlıqdır. Dahası insana sonsuz itki gətirər.
İnsan bu həqiqəti indi qəbul etmək istəməsə və bütün sahib olduqlarını var qəbul edərək özünü aldatsa belə, nəticədə ölümünün ardından hər şey çox dəqiq ortaya çıxacaq. O gün insanın görüş gücü itiləşəcək “…Artıq bu gün gözündən pərdəni götürdük. Sən bu gün sərrast görürsən.” (Qaf surəsi, 22) və hər şeyi daha dəqiq anlayacaq. Amma əgər dünyadakı həyatını xəyali məqsədlər arxasında qaçaraq sərf edibsə, orada heç yaşamamış olmağı diləyəcək, “Kaş ölüm əbədi (qəti) olaydı. Mal dövlətim mənə heç bir fayda vermədi. Mülküm, səltənətim də məhv olub getdi!” (Haqqə surəsi, 27-29) deyərək həlak olacaq.
Ağıllı insan isə, bütün kainatın ən böyük həqiqətini zaman varkən dünyada qavramağa çalışmalıdır. Əks halda bütün ömrünü xəyallar arxasında qaçmağa sərf edib sonunda böyük hüsrana uğrayar. Allah, dünyada xəyallar arxasında qaçıb öz Yaradıcısını unudan bu insanların son vəziyyətini belə bildirməkdədir:
Kafirlərə gəldikdə, onların əməlləri çöldəki ilğıma bənzəyər ki, susamış kimsə onu su zənn edər. Nəhayət, onun yanına çatdığı zaman orada heç nə tapmaz. O, öz (əməlinin) yanında Allahı görər. Allah da onun cəzasını verər. Allah tezliklə haqq-hesab çəkəndir. (Nur surəsi, 39)

