Xəstəliyin hikməti

Cahil cəmiyyət daima gələcək üçün plan qurar və bunun həmişə öz istədiyi kimi davam etməsini

Cahil cəmiyyət daima gələcək üçün plan qurar və bunun həmişə öz istədiyi kimi davam etməsini istəyir. Buna görə də, anidən gələn bir xəstəlik və ya gözlənilməz qəza ilə bütün həyatı alt-üst olur. Çünki plan qurarkən xəstəlik və ya qəza kimi hadisəni heç düşünmürlər. Hətta bir çoxu sağlam bədənə sahib olsa da (hər gün minlərlə insanın başına gələn) bu cür hadisə ilə qarşılaşacaqlarını heç düşünmürlər.

Buna görə, cahiliyyə toplumu belə bir vəziyyətdə üsyankarlığa başlayır. “Mənim başıma niyə bu gəldi” kimi düşüncə ilə taleyə zidd davranırlar. İnkarçıların bu məntiqlə xəstəlik və ya qəza zamanı təvəkkül etməsi və ya hadisəyə xeyirlə baxması mümkün deyil.

Tale həqiqətini qavramayan bu insanlar xəstəliyin səbəbini yalnız virus və mikroblarda görürlər. Yenə eyni şəkildə, maşın qəzasında bunun tək səbəbini pis sürücüdə axtarırlar. Halbuki həqiqət belə deyildir. Xəstəliyə səbəb olan hər mikroorqanizm və ya insana zərər verən hər vasitə, hər insan Allahın səbəb olaraq yaratdığı varlıqlardır. Bu varlıqların heç biri başıboş deyil. Hamısı ancaq və ancaq Allahın idarəsi ilə hərəkət edir. Əgər insan bir virusa görə ağır xəstəliyə tutulursa, bu, uca Allahın bilgisi daxilindədir və taledə baş verir. Əgər maşın adamı vurub şikəst edirsə, bu da Allahın yaratdığı taledir. İnsan nə edirsə-etsin, bunları dəyişdirə bilməz, taleyindən tək bir anı çıxara bilməz. Çünki tale bir bütün olaraq yaradılır. Sonsuz qüdrət sahibi Allaha təslim olan, Onun sonsuz ağıl və rəhmətinə güvənən insan üçün xəstəlik də, qəza da, digər müsibət kimi görünən hadisələr də sonu xeyirlə bitəcək keçici imtahanlardır (təhsildir). Əhəmiyyətli olan Allaha iman edən, Onun yaratdığı taleyə təslim olan insanların çətinlik və xəstəlik vaxtında gözəl əxlaq göstərməsidir.

Xəstəlik və qəzalarda möminlər səbirli və əxlaqlı davranırlar və bu hadisələr onlar üçün Allaha yaxınlaşmağa bir fürsətdir. Quranda çətinliklə yanaşı, xəstəlik zamanı da səbir etməyin əhəmiyyəti vurğulanmışdır:

Yaxşı əməl üzünüzü şərqə və qərbə tərəf çevirməyiniz deyildir. Yaxşı əməl sahibləri o kəslərdir ki, Allaha, axirət gününə, mələklərə, kitablara və peyğəmbərlərə inanar, mal-dövlətini sevməsinə baxmayaraq onu qohum-əqrəba, yetimlər, yoxsullar, yolda qalanlar, dilənçilər və qulların azad olunması üçün sərf edər, namazı qılar, zəkatı verər, əhd etdikləri zaman əhdlərinə sadiq qalar, xəstəlikdə, çətinlikdə, eləcə də döyüş vaxtı səbir edərlər. Onlar sadiqlərdir, əsil müttəqilərdir. (Bəqərə surəsi, 177)

Yuxarıda qeyd olunduğu kimi, ayədə xəstəlik dövrünün də vurğulanması düşündürücüdür. Fiziki narahatlıqla qarşılaşan insan gözəl əxlaq göstərmək üçün bütün bunların imtahan olduğunu, xəstəliyi və şəfasını da yaradanın yalnız Allah olduğunu düşünməlidir. Əgər insan bunlardakı xeyir və hikmətləri düşünərsə, bunları həmin vaxt görməsə də, həmin çətinlikdən qazancla çıxar. Dünyada müvəqqəti çətinlik çəkər, lakin Allahın izni ilə, axirətdə Rəbbimizə təslim olduğundan dolayı mükafat almağı ümid edə bilər.

Ancaq unutmaq olmaz ki, bu həqiqəti anlamaq və həqiqətən, belə hadisə ilə qarşılaşdıqda gözəl əxlaq göstərmək çox önəmlidir. Buna görə, bütün xəstəliklərin hikmətlə yaradıldığını unutmamalıdır. Allah diləyərsə, insan heç vaxt xəstə olmaz, ağrı və acı çəkməz. Lakin insan belə çətinliyə rast gələndə bilməlidir ki, bunun həm dünyanın keçici olduğunu, həm də Allahın sonsuz gücünü anlaması baxımından çox hikməti vardır.

Xəstəlik zamanı insanın o günə qədər sağlam olduğu bədəni gözlə belə görülməyən virus və mikroblara məğlub olur. Bilindiyi kimi, bir çox xəstəlik halsızlıq, müxtəlif ağrı və acı ilə özünü büruzə edir. Hətta bəzi xəstəliklərdə insan yataqdan belə qalxa bilməyəcək dərəcədə yorğun olur, yaxud çox ağrıyır. Mikroskopik bir virusun bədəndə meydana gətirdiyi bu zəifliyə əngəl ola bilməyən insan bu zaman acizliyini və Allaha nə qədər möhtac olduğunu çox yaxşı başa düşür. Beləcə, sağlam ikən böyüklənən, sahib olduqları ilə qürrələnən insan lazımi kimi düşünmədiyi bu həqiqəti görə bilər və hər şeyin yaradıcısı Rəbbimizin sonsuz qüdrətini daha yaxşı təqdir edər.

Gündəlik həyatda insanların düşünmədiyi mövzulardan biri də sağlam olmağın nə qədər böyük nemət olmasıdır. Uzun müddət xəstə olmayan, rahatsızlıq və ya ağrı-acı hiss etməyən insan bu vəziyyətə alışır. Lakin ani bir xəstəliklə qarşılaşanda sağlam olmağın Allahın bir lütfü olduğunu dərk edir. Çünki bir şeyin dəyəri o şey itəndə və ya ondan məhrum olanda çox yaxşı bilinir. Məşhur İslam mütəfəkkiri Səid Nursinin dediyi kimi: “Soyuq olmazsa, isti bilinməz. Zövqü olmaz. Aclıq olmazsa, yemək ləzzət verməz. Mərəz olmazsa, səhhət ləzzətsizdir. Yəni hər şey ziddi ilə anlaşılır və qiymət qazanır”.

İnsanların çoxu təhlükəli xəstəliyə tutulanda və ya bədəninin bir üzvünü itirəndə bunu çox pis hadisə kimi görürlər. Halbuki həmin adamın xəstəliyi bəla kimi deyil, axirətdə xilas olması və Allaha yönəlməsi üçün ona verilə bilər. Çünki ciddi xəstəliyə tutulan insanın şüuru təbii olaraq daha açıq olur. Çətin xəstəlik insanın vərdişlərə əsaslanan əhvaldan, yəni qəflətdən çıxıb həyatın mənasını və axirət həqiqətini daha çox düşünməsinə səbəb olur. İnsan dünyaya bağlılığın mənasız olduğunu və ölümün nə qədər yaxın olduğunu başa düşür. Bütün həyatını qəflət içində keçirdiyi halda, heç gözləmədiyi anda xəstələnməsi axirət həyatının və Allahın rizasını qazanmağın əhəmiyyətini anlamağına vəsilə olur.