Gələcək üçün planlar quran, hər zaman hadisələri planlaşdırdıqları şəkildə baş verməsini gözləyən və başqa ehtimalları fikirləşmədən yaşayan bir insan təsəvvür edək. Xəstəlik və ya qəza baş verdikdə, bu cür planlar quran insanın bir anda bütün həyatı alt-üst olacaq. Çünki qurduğu planlar içərisində nə xəstəlik, nə də bədbəxt hadisəyə yox yoxdur. Əksər insanlar sağlam bədənə sahib olduqlarına görə, hər gün minlərlə adamın başına gələn bu cür hadisələrin onların da başına gələ biləcəklərini düşünmürlər.
Belə insanlar bədbəxt hadisə ilə qarşılaşdıqda dərhal üsyan edirlər: “Niyə mənim başıma belə hadisə gəldi?” və s. kimi üsyanlar edirlər. Onlar din əxlaqından uzaq olduqları üçün, xəstəlik və ya qəza zamanı təvəkkül etmək ya da qarşılaşdıqları hadisəyə xeyir gözü ilə baxmaq istəmirlər.
Halbuki insan bir çox acizliklə yaradılmışdır. Çox tez xəstələnə bilər, kiçik bir virusun təsiri ilə günlərlə yataqda qala bilər. Xərçəng, sarılıq, yatalaq kimi xəstəliklərlə müqayisədə, “sadə” kimi xarakterizə edilən qrip virusu belə bir insanın bədən müqavimətinin ciddi mənada gücsüzləşməsinə səbəb ola bilər.
Xəstəliyə səbəb olan virusları da, insanların sağalmasına səbəb olan dərmanları da Allah yaradır. Tale həqiqətini qavraya bilməyən insanlar, başlarına gələn xəstəliyin səbəbi kimi yalnız virusları və ya mikrobları görürlər. Yol qəzası baş verdikdə də bunun səbəbkarının avtomobili pis sürən sürücü olduğunu zənn edirlər. Halbuki həqiqət belə deyil. Xəstəliyə səbəb olan hər mikroorqanizm və ya insana zərər verən hər vasitə və ya insan Allahın səbəb kimi yaratdığı varlıqlardır. Bu varlıqların heç birinin müstəqil gücü yoxdur və Allahın idarəsi ilə hərəkət edirlər. Əgər bir virusa görə insan ağır xəstəliyə tutulursa, bu, Allahın izni ilə baş verir. Əgər bir avtomobil insana dəyib onu şikəst edirsə, bu da Allahın yaratdığı taledə baş verən hadisədir. Xəstəliyi yaradan Allahdır, müalicəni edən həkimi yaradan, ona bildiklərini öyrədən, dərmanı yaradan və şəfaya vəsilə edən də Allahdır.
Bir insan əlindən gələni hər şeyi etsə də, taleyini dəyişə bilməz. Taleyindəki tək bir anı belə dəyişdirməyə gücü çatmaz, çünki tale bütün olaraq yaradılır. Sonsuz qüdrət sahibi Allaha təslim olan, Onun sonsuz ağlına və rəhmətinə güvənib səbir edən insan üçün xəstəlik də, qəza da, müsibət kimi görünən hadisələr də sonu xeyirlə bitəcək keçici imtahanlardır.
Xəstəliklərin arxasındakı əsas hikmətlərdən biri də odur ki, Allaha iman gətirən, Onun yaratdığı taleyə təslim olan insanların bu cür çətinlik və xəstəlik anlarında göstərdikləri gözəl əxlaqdır.
İman gətirən insan xəstələnəndə də şəfa tapması üçün Allaha dua edər. Feili dua kimi həkimə gedər. Dərman istifadə etməyə başlayar, ancaq tam əminliklə şəfanın Allahdan gəldiyini unutmaz. Allah Quranda bu həqiqəti Hz. İbrahimin sözləri ilə bildirmişdir:
O məni yaratdı və doğru yola yönəltdi. O məni yedirir və içirir. Xəstələndiyim zaman O mənə şəfa verir. O məni öldürəcək, sonra da dirildəcəkdir. (Şuəra surəsi, 78-81)
Dərman xəstəliyə çarə olsa da, olmasa da iman gətirənlər bunda da xeyir olduğunu bilirlər. Dərmanın təsir etməməsi həmin insanın sağalmamasına səbəb kimi görünə bilər, amma o adamın xəstəlik zaman Allaha olan imanı, təvəkkülü və gözəl əxlaqına görə cənnətə gedə bilər. Yaxud dərman dərhal təsir edib, adamın yaxşılaşmasına səbəb olar, amma bu adam da cəhənnəmə gedə bilər.
Allah dərmanı xəstələrin sağalması üçün bir səbəb kimi yaradır. Bir dərman dəqiqliklə və diqqətlə fərqli xəstələrə eyni üsullarla tətbiq olunsa da, eyni xəstəliyə düşmüş insanlardan birinə təsir edib, digərinə təsir etməyə bilər. Bu, dərmanın yalnız bir səbəb olduğuna dəlildir. Xəstəliyi yaxşılaşdıran dərman olsa idi, üzərində eyni müalicə eyni şəkildə tətbiq olunan xəstələrin hamısı yaxşılaşardılar.
Xəstəliklər, qəzalar və bir çox hadisələr möminlərin səbri və əxlaqının gözəlliyini ortaya çıxaran və Allaha yaxınlaşdıran çox əhəmiyyətli fürsətdir. Allah Quranda çətinliklər qarşısında göstəriləcək səbrin xəstəlik dövründə də vacib olduğunu ifadə etmişdir:
Yaxşı əməl (ibadət vaxtı) üzünüzü şərqə və qərbə tərəf çevirməyiniz deyildir. Yaxşı əməl sahibləri o kəslərdir ki, Allaha, axirət gününə, mələklərə, kitablara və peyğəmbərlərə inanar, mal-dövlətini sevməsinə baxmayaraq onu qohum-əqrəba, yetimlər, yoxsullar, yolda qalanlar, dilənçilər və qulların azad olunması üçün sərf edər, namazı qılar, zəkatı verər, əhd etdikləri zaman əhdlərinə sadiq qalar, darlıqda, çətinlikdə, eləcə də döyüş vaxtı səbir edərlər. Onlar sadiqlərdir, əsil müttəqilərdir. (Bəqərə surəsi, 177)
Xəstəliklər Allaha yaxınlaşmağa vəsilədir. Fiziki narahatlıqla qarşılaşan insan gözəl əxlaq göstərmək üçün bütün bunların imtahan olduğunu, xəstəliyi də, şəfanı da yaradanın yalnız Allah olduğunu düşünməlidir. Əgər insan xəstəliyindəki və ya başına gələn qəzadakı xeyri və hikməti düşünsə (bunları o an görə bilməsə də), səbir göstərsə, Allahın izni ilə, qarşılaşdığı çətinlikdən həm dünyada, həm də axirətdə çox savab alar. Dünyada keçici çətinlik yaşaya bilər, amma Allahın izni ilə, axirətdə Rəbbimizə qəlbən təslim olmağın sonsuz gözəlliyi ilə mükafatlandırılar.
Xəstəliklərdə bəzi hikmətlər:
– Xəstəlik insana acizliyini və Allaha möhtac olduğunu xatırladır. Mikroskopik virusun bədənində meydana gətirdiyi xəstəliyə mane ola bilməyən insan, belə anlarda acizliyini və Allaha nə qədər möhtac olduğunu daha yaxşı dərk edir.
– Xəstələnərkən sağlam olmağın Allahın lütfü və neməti olduğu daha yaxşı aydın olur. Uzun müddət xəstə olmayan, bu səbəbdən narahatlıq, ağrı-acı hiss etməyən insan bu vəziyyətə öyrəşir. Amma ani xəstəlik ilə qarşılaşdıqda, əslində, sağlam olmağın Allahın lütfü olduğunun fərqinə varır.
– İnsan ağır xəstəlik keçirdikdə dünyanın keçiciliyini, ölümü və axirəti daha dərindən düşünə bilir. Bəzi insanlar həyati əhəmiyyəti olan xəstəliyə düçar olduqda ya da bədən üzvlərini itirdikdə, bunu bədbəxt hadisə kimi qiymətləndirirlər. Bəlkə də, bu adamın xəstəliyi dərd və ya bəla kimi deyil, axirətdə qurtuluş tapması və yalnız Allaha yönəlməsi üçün vəsilə kimi ona verilib.
– İnsanın Allaha etdiyi duası və yaxınlığı artır. Ağır xəstəliyin bədən üzərindəki əlamətləri artdıqca, bir çox insan düşünməkdən qaçdığı ölümü düşünməyə başlayır və belə hala düşmüş adam bütün səmimiyyəti ilə Allaha dua edərək sağalmağını istəyir.
– Xəstəlikdən əvvəl Allaha tam təslim olmamış insan, bəlkə də, xəstəliyi sayəsində bu gözəl xüsusiyyətləri qazana bilər. Keçici dünya həyatındakı müvəqqəti çətinliklərin əvəzinə sonsuz cənnət həyatının nemətlərinə qovuşmağı ümid edər.
Allah diləsə, insan heç bir zaman xəstə olmaz və ağrı-acı çəkməzdi. Ancaq insan belə çətinliklərlə qarşılaşırsa, bilməlidir ki, bu çətinliyi yaşamasının həm dünyanın keçiciliyini, həm də Allahın sonsuz gücünü anlaya bilməsi üçün bir çox hikmətləri vardır. Bu həqiqəti dərindən qavraya bilmək və belə hadisə ilə qarşılaşdıqda gözəl əxlaq göstərmək çox əhəmiyyətlidir.

