Xəstəliklərin və acizliyin hikməti

Cahiliyyə əxlaqını yaşayan insanlar başlarına gələn hər çətinliyi, sıxıntını ya da xəstəliyi

Cahiliyyə əxlaqını yaşayan insanlar başlarına gələn hər çətinliyi, sıxıntını ya da xəstəliyi fəlakət kimi düşünürlər. Bu çətinliklərin onların qurduğu nizamı pozduğunu, həyatını alt-üst etdiyini düşünürlər. Çünki bu insanlar həmişə gələcəklə bağlı planlar qurur və bu formada getməsini gözləyərlər.

Onların planlarında ani bir xəstəliyin və ya bir qəzanın yeri yoxdur. Hətta bir çoxu, sağlam bədənə sahib ikən (hər gün minlərlə adamın başına gələ bilən) bu tərz hadisələrlə qarşı-qarşıya gələ biləcəyini düşünməyib belə. Buna görə də, Quran əxlaqından uzaq yaşayan insanlar belə bir vəziyyət meydana gəldiyində dərhal üsyan edərlər. Nə üçün başlarına belə bir hadisənin gəldiyini sorğulayan üslubla tale həqiqətinə son dərəcə əks davranarlar.

Tale həqiqətini qavraya bilməmiş olan bu insanlar, başlarına gələn xəstəliyin səbəbi olaraq yalnız virusları və ya mikrobları görərlər. Yenə eyni şəkildə yol qəzası keçirdikdə, bunun tək səbəbinin avtomobili pis sürən sürücü olduğunu zənn edərlər. Halbuki həqiqət belə deyil. Xəstəliyə səbəb olan hər mikroorqanizm və ya insana zərər verən hər vasitə, hər insan Allahın səbəb olaraq yaratdığı varlıqlardır. Və bu varlıqların hamısı ancaq və ancaq Allahın idarəsi ilə hərəkət etməkdədirlər.

Əgər virus səbəbindən bir insan ağır xəstəliyə tutulursa, bu, Allahın məlumatı daxilindədir. Əgər avtomobil hansısa bir insana vurub onu şikəst edirsə, bu da Allahın yaratdığı taleyə tabe olan hadisədir. Bir insan nə edirsə etsin bunları dəyişdirə bilməz; taleyindən tək bir anı çıxara bilməz. Çünki tale bir bütün olaraq yaradılır. Və sonsuz qüdrət sahibi Allaha təslim olan, Onun sonsuz ağlına və Rəhmətinə güvənib səbir edən insan üçün xəstəlik də, qəza da, müsibət də sonu xeyirlə bitəcək müvəqqəti imtahanlardır.

Əhəmiyyətli olan, Allaha iman edən, Onun yaratmış olduğu taleyə təslim olan insanların bu cür çətinlik və xəstəlik anında göstərəcəkləri gözəl əxlaqdır. Xəstəliklər və qəzalar, möminlərin səbrinin və əxlaqının gözəlliyini göstərə biləcəkləri və Allaha yaxınlaşmaq üçün çox əhəmiyyətli fürsətlərdir.

Sonsuz mərhəmət sahibi olan Rəbbimiz xəstəlikləri, çətinlikləri və sıxıntıları insanları sınamaq üçün yaratmaqda, bunlarla iman edən bəndələrinin xeyrini istəməkdədir. Allah Quranda çətinliklər qarşısında göstəriləcək səbrin əhəmiyyətini izah edərkən xəstəlik dövrünü də ifadə edib:

Yaxşı əməl üzünüzü şərqə və qərbə tərəf çevirməyiniz deyildir. Yaxşı əməl sahibləri o kəslərdir ki, Allaha, axirət gününə, mələklərə, kitablara və peyğəmbərlərə inanar, mal-dövlətini sevməsinə baxmayaraq onu qohum-əqrəba, yetimlər, yoxsullar, yolda qalanlar, dilənçilər və bəndələrin azad olunması üçün sərf edər, namazı qılar, zəkatı verər, əhd etdikləri zaman əhdlərinə sadiq qalar, darlıqda, çətinlikdə, eləcə də döyüş vaxtı səbir edərlər. Onlar sadiqlərdir, əsil müttəqilərdir. (Bəqərə surəsi, 177)

Ayədə xəstəlik dövrünün də ifadə edilmiş olması düşündürücüdür. Fiziki narahatlıqla qarşılaşan insanın gözəl əxlaq göstərmək üçün bütün bunların imtahan olduğunu; xəstəliyi də, şəfanı da yaradanın yalnız Allah olduğunu düşünməsi lazımdır.

Əgər insan xəstələndikdə və ya başına gələn qəzadakı xeyiri və hikməti düşünsə, bunları həmin anda görməsə belə, başına gələn çətinlikdən çox qazanclı çıxar. Dünyada müvəqqəti çətinlik yaşayar amma Allahın icazəsi ilə, axirətdə Rəbbimizə qəlbən təslim olduğuna görə sonsuz gözəlliyi ilə mükafatlandırılar.

Ancaq unutmamaq lazımdır ki, bu həqiqəti qavraya bilmək və belə hadisə ilə qarşılaşdıqda gözəl əxlaq göstərə bilmək çox əhəmiyyətlidir. Bunun üçün də, insanın bütün xəstəlikləri bir hikmətlə yaradıldığını unutmamaq lazımdır. Allah diləsə insan xəstə olmaz, ağrı hiss etməz və ya əzab çəkməz. Amma əgər insan belə bir çətinliklə qarşılaşsa da, bilməlidir ki, bu çətinliyi yaşamasının, həm dünyanın müvəqqəti olması, həm də, Allahın sonsuz gücünü anlaya bilməsi baxımından bir çox hikməti var.

Xəstəlik zamanı insanın həmin günə qədər sağlam olan bədəni, gözlə belə görə bilmədiyi viruslara və mikroblara qarşı məğlub olur. Və bilindiyi kimi bir çox xəstəlik halsızlıq, müxtəlif ağrı ilə özünü göstərir. Hətta bəzi xəstəlik növlərində insan yataqdan belə qalxa bilməyəcək qədər yorğun və ya şiddətli ağrı ola bilir.

Mikroskopik bir virusun, onun bədəni üzərində meydana gətirdiyi bu zəifliyə mane olmağa güc çatdıra bilməyən insan, belə anlarda acizliyini və Allaha nə qədər möhtac olduğunu daha yaxşı qavrayır. Beləcə sağlam ikən təkəbbürə qapılan, eqoistlik edən, sahib olduqları ilə qürrələnən adam bəlkə də, gərəyi kimi düşünmədiyi bu həqiqəti dərk edə bilər. Hər şeyin Yaradıcısı olan, sonsuz rəhmət və şəfqət sahibi olan Rəbbimizin qüdrətini daha yaxşı təqdir edə bilər.

Gündəlik həyatda çox vaxt düşünülməyən mövzulardan biri də, sağlam olmanın əslində nə dərəcə böyük nemət olmasıdır. Uzun müddət xəstə olmayan, buna görə də, narahatlıq, ağrı hiss etməyən insan bu vəziyyətə öyrəşir. Amma bir xəstəliklə qarşılaşdıqda əslində sağlam olmağın Allahın çox böyük lütfü olduğunu anlayar.

İnsanların böyük hissəsi həyati əhəmiyyəti olan bir xəstəliyə tutulduqda və ya hər hansı bir orqanını itirdikdə bunu özləri üçün pis hadisə olaraq düşünə bilərlər. Halbuki bəlkə də xəstəlik bu adama axirətdə qurtulması və yalnız Allaha yönəlməsi üçün vəsilə olaraq verilmiş ola bilər.

Çünki ciddi xəstə olan insanın təbii olaraq şüuru daha çox açılır. Bu vəziyyət qəflət halından çıxaraq həyatının mənasını və axirət həqiqətini daha çox düşünməsinə vəsilə olur. Bu adam dünyaya bağlılığın mənasızlığını və ölümün nə qədər yaxınında olduğunu qavrayır.

Bütün həyatını qəflət içərisində keçirəcək ikən, heç gözləmədiyi bir anda xəstələnməsi ilə birlikdə bəlkə də, axirət həyatının və Allahın razılığını qazanmanın əhəmiyyətini qavrayıb sonsuz həyatında qurtuluş tapa bilər. Bu baxımdan düşündükdə xəstəliyin mömin üçün nə qədər böyük xeyir olduğu, Rəbbimizin xəstəliklər var edərək insanlara böyük lütf etdiyi daha yaxşı aydın olur.

Ciddi bir xəstəliyin bədən üzərindəki əlamətləri artdıqca insan həmişə düşünməkdən qaçdığı ölümü düşünməyə başlayır və bu vəziyyətdə insan bütün səmimiyyəti ilə Allaha dua edərək sağlam hala gəlməyi istəyir. Həyatı boyu heç dua etməmiş bir insan belə amansız bir xəstəlik qarşısında Allaha yalvarma ehtiyacı hiss edər. Rəbbimizə qarşı son dərəcə səmimi dua edər; bu səbəbdən, Allaha olan yaxınlığı arta bilər.

Və əgər bu adam yaxşılaşdığında da eyni səmimiyyətlə dualarını davam edərsə, (sağlamlığına qovuşduğunda nankorluq etməsə) xəstəlik onun üçün böyük xeyirə, ixlaslı həyat sürməsinə vəsilə olmuş olar. Buna görə də, xəstəlik hər şeyə xeyir gözü ilə baxan, dərin düşünən və başına gələn hər hadisədə Allaha yönələn bir insan üçün çox böyük rəhmətdir, Allahdan çox böyük lütfdür. Allah Quranda belə çətinlik anlarında Özünə yönələn insanların varlığını xəbər verib. Yunis surəsində belə buyurulur:

İnsana bir ziyan dəydiyi zaman uzanaraq və ya oturaraq, yaxud ayaq üstə Bizə dua edər. Ancaq onu ziyandan xilas etdiyimiz zaman özünə dəymiş ziyan üçün Bizə dua etməmiş kimi keçib gedər. Həddi aşanlara, etdikləri əməllər bu şəkildə gözəl göstərildi. (Yunis surəsi, 12)

Ayədə də bildirildiyi kimi insanın çətinlik anında dua etməsi kifayət deyil; insan Allaha qarşı acizliyini anladığında dua etdiyi kimi, özünə nemət verildiyində də, Allaha sığınması lazımdır. Və bəlkə də, bir xəstəlik və çətinlik, bu çətinliyə məruz qalan adamın acizliyini anlayaraq tövbə etməsinə və geri qalan ömrünü təslimiyyətlə keçirməsinə vəsilə olacaq.

Beləcə Rəhman və Rəhim olan Rəbbimizin mərhəməti sayəsində xəstəlik insanın axirətinə vəsilə olacaq, sonsuz nemətlərlə qarşılıq görməsini təmin edəcək. Allah Quranda çətinlik görən Hz. Əyyubu insanlara nümunə verir. Daim Rəbbimizə yönəlib sığınan, çox səbirli mömin olan Hz. Əyyuba, Allah rəhmətinin təcəllisi olaraq yollar göstərmiş, kömək etmiş, nemətlər bəxş etmiş, ondan razı olmuşdur:

Bəndəmiz Əyyubu da yad et! Bir zaman o: “Şeytan mənə zərər və əziyyət verdi!” – deyə Rəbbinə səslənmişdi. “Ayağını yerə vur! Bu, yuyunacaq və içiləcək sərin sudur”. Bizdən bir mərhəmət və ağıl sahibləri üçün bir ibrət olsun deyə ona həm ailəsini, həm də onlarla birlikdə bir o qədərini verdik. “Əlinə bir dəstə çubuq götür və (zövcəni) onunla vur. Andını da pozma!” Biz onu səbir edən gördük. O nə gözəl bəndədir! Həqiqətən, o, daim Allaha yönəlirdi. (Sad surəsi, 41-44)