Xəstəliklər möminlərin Allaha olan sevgi və sədaqətlərini göstərmək üçün çox gözəl vasitədir. Allaha iman gətirən, Onun yaratdığı taleyə təslim olan möminlər bütün xəstəlikləri və şəfanı ancaq Allahın yaratdığını bilir, Ondan gələn hər şeyə qəlbən razı olurlar. Xəstəlikləri Allahın rizasını qazanmaq üçün vasitəyə çevirirlər.
Xəstəliklər insana acizliyini xatırladır. Mükəmməl müdafiə sisteminə malik olan insan bədəni gözlə görünməyən, çox kiçik bir virusdan və ya mikrobdan belə ciddi şəkildə təsirlənir. Əgər fikir versək, burada fövqəltəbii hadisəni dərhal görərik. Çünki Allah insan bədənini qüsursuz şəkildə yaratmışdır. Xüsusilə, insanın müdafiə sistemi düşmənlərinə qarşı güclü “ordunu” xatırladır. Buna baxmayaraq, tez-tez xəstələnirik. Əlbəttə, bədənimizə bu qüsursuz sistemləri yerləşdirən Allah istəsəydi, heç vaxt xəstələnməzdik. Viruslar, mikroblar, bakteriyalar bədənimizə təsir etməzdi və ya bu kiçik “düşmənləri” heç yaratmazdı. Halbuki, hər birimiz çox sadə səbəblərdən ciddi xəstəliklərə düçar ola bilərik. Məsələn, dəridəki kiçik bir yaradan bədənimizə daxil olan virus qısa müddətdə bütün bədənimizə yayıla bilər. Təbabətdə texnologiya yüksək səviyyədə inkişaf etsə də, adi qrip virusu belə asanlıqla bədənimizə zərər verə bilir.
Bu sadaladıqlarımız uzaq təhlükə deyil, hər an hər kəsin başına gələ bilər. Bunu adi vəziyyət adlandırıb düşünmədən keçmək böyük qəflətdir. Bütün acizliklərimiz kimi xəstəlikləri də Rəbbimiz hikmətlə yaradır. Bu hikmətlərdən biri də, təkəbbürlü insanın öz gücsüzlüyünə və acizliyinə şahid olmasıdır. Eyni zamanda nöqsanlarımızı, qüsurlarımızı və dünyanın əsl üzünü gördüyümüz vaxtlardan biri də məhz xəstələndiyimiz dövrdür.
Xəstəliklər müsəlmanların cənnəti arzulamaları, Allahın rəhmətini, sağlamlıq kimi gözəl nemətini düşünüb şükür etmələri, acizliyini dərk edərək Ona boyun əymələri üçün xüsusi yaradılmış imtahandır.
Məsələn, əksər insan hər gün səhər yataqdan qalxdıqda asanlıqla yeriyə bilməyin nə qədər böyük nemət olduğunu düşünmür. Halbuki, ayaqlarından birində kiçik bir zədə olsa, bu, insanın həyatına birbaşa təsir edən problemə çevrilə bilər. Ağrıyan və üstünə basa bilmədiyimiz ayaq gün ərzində bəlkə də minlərlə dəfə rahat atdığmız addımların nə qədər böyük nemət olduğunu anlamağımıza səbəb olur.
Müsəlman bütün nemətlərin, o cümlədən xəstəliklərin Allaha yaxınlaşmaq üçün vasitə olduğunu bilir. Allahın ona sağlamlıq bəxş etməklə nə qədər böyük nemət lütf etdiyini xatırlayır və Allaha şükür edir. Xəstəliyi verənin də, alanın da Allah olduğunu bilib şəfanı yalnız Ondan umur. Canı ağrıdığı hər an Allahı xatırlayaraq qəlbini Allah ilə birgə tutur. Quranda hz. İbrahimin (ə.s) xəstəliklə bağlı zikri belə bildirilir:
O Rəbb ki, xəstələndiyim zaman mənə şəfa verir. (Şuəra surəsi, 80)
Xəstəlik insana acizliyini və Allaha sonsuz möhtac olduğunu xatırladır. Mikroskopik bir virusun bədənini zəiflətməsinə mane ola bilməyən insan həmin an acizliyini və Allaha nə qədər möhtac olduğunu daha yaxşı qavrayır.
Xəstəliklə yanaşı sağlamlığın da Allahın lütfü və neməti olduğunu daha yaxşı başa düşür. Uzun müddət xəstələnməyən və təbii olaraq, hər hansı nasazlıq və ya ağrı hiss etməyən insan bu vəziyyətə öyrəşir. Ancaq ani bir xəstəliklə üzləşəndə sağlamlığın Allahın böyük neməti olduğunu dərk edir.
İnsan ciddi xəstəliklə üzləşəndə dünyanın müvəqqəti yurd olduğunu, ölümü və axirəti daha çox düşünməyə başlayır. Bəzi insanlar ciddi xəstəliklə üzləşdikdə və ya bədən üzvlərindən birini itirdikdə bunu böyük bəla kimi qəbul edirlər. Halbuki, bu insanın xəstəliyi dərd, bəla deyil, axirətini qazanması və Allaha səmimi qəlbdən yönəlməsi üçün bir səbəb ola bilər. Xəstəliklə birlikdə insanın Allaha duası və yaxınlığı artır. Ciddi bir xəstəliyin bədənə təsiri artdıqca insan düşünməkdən ciddi şəkildə qaçdığı ölüm haqqında düşünməyə başlayır və bütün səmimiyyəti ilə Allaha dua edərək sağlamlıq diləyir.
Allaha tam təslim olmamış, Ona səmimi yönəlməmiş insan xəstəliyi vasitəsilə ilə bu gözəl xüsusiyyətlərə yiyələnə və müvəqqəti dünya həyatındakı qısa müddətli sıxıntılarının qarşılığında sonsuz cənnət nemətlərinə qovuşmağa ümid bəsləyə bilər.
Allah istəsə, insan heç vaxt xəstələnməz, ağrı hiss etməz və əziyyət çəkməz. Ancaq insanın bu çətinliklərlə üzləşməsinin həm dünyanın müvəqqəti, həm də Allahın sonsuz gücünü dərk etməsi baxımından böyük hikməti vardır.
Unutmamam lazımdır ki, bu həqiqəti dərindən qavramaq və belə vəziyyətlə qarşılaşdıqda gözəl əxlaq nümayiş etdirmək çox vacibdir.
Xəstəliklər insana dünyaya bağlanmağın mənasız olduğunu düşündürür. Sahib olduğu nemətləri onu sınamaq üçün Allahın bəxş etdiyini dərk edir. Öz bədənində gəzən kiçik bir mikroba gücü çatmayan, kiçik bir mikrobla həyatı təhlükə altında qalan insan hər şeyi yaradan Rəbbimizin qarşısında öz acizliyini görür və onu yaradan və bütün təhlükələrdən qoruyanın yalnız Allah olduğunu dərindən qavrayır. İnsan nə qədər təkəbbürlü olsa da, Allahın diləməsi istisna olmaqla, özü üçün heç bir xeyir əldə etməyə və ya özünü hər hansı təhlükədən qorumağa qadir deyil. Allah istəsə xəstəlik verər, insan bədənində acizliyini daha da artıran əksikliklər yaradar.
Dünya Allahın yaratdığı imtahan yeridir. Hər bir insan Rəbbimizin rizasını qazanmaq üçün yaxşı əməllər etməklə məsuldur və məhz bununla sınanır. İmtahanın sonunda Allahın əmr və qadağalarına könüldən boyun əyənlər, gözəl əxlaqla yaşayanlar əbədi cənnətlə mükafatlandırılırlar. Ancaq təkəbbürlənib qısa dünya həyatını axirətdən üstün tutanlar dünyada da, axirətdə də acizliklərdən, sıxıntılardan xilas ola bilməyəcəklər.

