Xəstəlik, əlillik, yoxsulluq və ya hər hansı bir fiziki qüsur qarşısında şikayət etmək doğrudurmu?

Xəstəlik, əlillik və ya yoxsulluq kimi çatışmazlıqlar insanın dünya həyatının keçici olduğunu dərk etməsi, cənnətə qovuşmağı arzulaması və bu istiqamətdə səy göstərməsi üçün Allahın yaratdığı xüsusi hallardır. Buna görə də bunlar əslində Allahın qullarına olan lütfündən qaynaqlanır. Dünyada çatışmazlıq kimi görünən bu hallar, ibrət almağı bacaran bir insan üçün əbədi həyatı baxımından böyük bir nemətə çevrilər. Allah dünya həyatının çatışmazlıqları və çətinlikləri qarşısında Öz razılığını qazanmaq məqsədilə təvəkkül edib səbir göstərən qullarına cənnətini vəd etmişdir. Bundan əlavə, Allah orada bu insanların həm mənəvi, həm də fiziki baxımdan bütün bu çatışmazlıqlarını aradan qaldıracaq, onları ən gözəl surətdə və əbədi bir yaradılışla yaradacaqdır.

Məhz buna görə də insanın belə bir acizlik qarşısında dünya həyatında etməli olduğu şey, bu həqiqəti heç vaxt unutmadan sonsuz ağıl sahibi olan Rəbbimizə tam təslim olmasıdır. Çünki Allahın bir insan üçün təyin etdiyi taledə həmin insanın bilmədiyi çoxlu xeyirlər və hikmətlər vardır. İnsanların yoxsulluq, zahiri gözəlliyin olmaması və ya xəstəlik kimi xoşlarına gəlməyən hallara qarşı üsyankar və şikayətçi mövqe tutmaları Quran əxlaqına uyğun deyildir. İnsana düşən, Allahın onun üçün müəyyən etdiyi taleyə razı olmasıdır. Unutmamaq lazımdır ki, hər hansı bir vəziyyətdən şikayət edən və narazı olan insan əslində Allahın onun üçün dilədiyi bir gözəlliyə qarşı narazılıq göstərmiş olar. Bu isə Allaha qarşı böyük bir nankorluqdur. Çünki Allah hər bir hadisəni insanı sınamaq məqsədilə yaradır və onu insanın əbədi qurtuluşuna bir vəsilə edir. Möminlərin bu mövzuda göstərməli olduqları ən gözəl davranış Quranda belə bildirilmişdir:

De ki: “Allahın bizim üçün yazdığından başqa bizə heç bir şey üz verməz. O bizim Himayədarımızdır. Və möminlər yalnız Allaha təvəkkül etməlidirlər.” (Tövbə surəsi, 51)