İman gətirmiş insan digər insanlardan üstün davranışa malik olur. Lakin bu onun imtahanının sona çatması demək deyil. Möminin də bütün insanlar kimi nəfsi var.
Allah imtahanın bir zərurəti kimi ona günahlardan və pis əməllərdən çəkinməsini ilham etdiyini Quranda bildirmişdir (Şəms surəsi, 8). Paxıllıq, həsəd kimi mənfi əxlaq xüsusiyyətləri də günahlara daxildir və bu, bütün insanların nəfslərində var.
Qısqanclıq başqasında olan bir şeyin onda olmamasından, başqasının bacardığı bir işi özünün bacarmamasından, başqasının aldığı qiymət və tərifi özünün almamasından və buna bənzər hallardan irəli gələn mənfi bir hissdir. Mal-mülk, gözəllik, zənginlik, dünya və ya axirətlə əlaqədar olan dərəcələr və Allahın öz qulları arasında payladığı buna bənzər hər bir maddi və mənəvi nemətlər qısqanclığa səbəb ola bilərlər.
Möminlər imtahan məqsədilə ilham olunan belə mənfi xüsusiyyətlərdən xilas olmaq üçün öz nəfsləri ilə daim mübarizə aparır, nəfslərini təmizləyirlər. Mömin qısqanclıq hissinə səbəb olacaq hər bir hadisədə Qurana uyğun şəkildə davranır. Yəni hər şeyin Allaha aid olduğunu, hər şeyin Allahın diləməsi ilə baş verdiyini, Allahın dilədiyini seçdiyini, dilədiyinə istədiyi neməti verdiyini, seçimin və qərarın yalnız Ona aid olduğunu bilir. Rəbbimizin hər şeyi ən gözəl və xeyirli şəkildə yaratdığını, dünyada verilən hər bir nemətin insanlar üçün bir sınaq vasitəsi olduğunu, gediləcək əsl yerin axirət olduğunu, Allah dərgahındakı qiymətin təqvadan asılı olduğunu dərk edərək yaşayar.

