Vicdanlı insanların vətəni: Cənnət

Allah, dünyada maddi və mənəvi gözəlliklər verdiyi vicdanlı insanlara, ölümdən sonra əsl

Allah, dünyada maddi və mənəvi gözəlliklər verdiyi vicdanlı insanlara, ölümdən sonra əsl vətənləri olan cənnətlə müjdələyir. Cənnət, dünya tarixi boyunca içlərindəki “doğruya yönəldən səs”ə uymuş, vicdanı ən yüksək olan kəslərin bir yerə gəldikləri məkandır. Cənnətdə vicdana zidd nə bir söhbət, nə bir baxış, nə də bir rəftar olmayacaq. Cənnətdə, dünyada xeyir əməllərin qarşılığını ən gözəliylə almış olan insanların sevinci və xoşbəxtliyi hakim olacaq və bu mühit sonsuza qədər davam edəcək. Cənnətin gözəlliyi, Yasin surəsində belə izah edilir:

Bu gün heç kəsə heç bir haqsızlıq edilməyəcəkdir. Siz ancaq etdiyiniz əməllərin qarşılığını alacaqsınız. Həqiqətən cənnətliklər bu gün nemətlər içində səfa sürərlər. Onlar və zövcələri kölgəliklər altındakı taxtlara söykənib oturarlar. Orada onlar üçün meyvə və istədikləri hər şey mövcuddur. Rəhmli Rəbb tərəfindən (onlara) “salam” deyilər. (Yasin surəsi, 54-58)

İnsan dünya həyatında nəfsindəki fücura qalib gəlib ömrünü Allahın razı olacağı şəkildə keçirməklə məsuldur. Bunun üçünsə ona təxminən 60-70 il kimi çox az müddət verilmişdir. Allah, razılığını qazanan qulları üçün dünyadakı bu qısa həyatdan sonra sonsuz və bənzərsiz bir həyat yaratmışdır. Dünya həyatındakı bu ömür göz açıb bağlayana qədər sürətlə tükənib keçir. Bu müddət ərzində səbirli, həmişə gözəl əxlaqlı və Allahın səmimi bir qulu olan kəslər axirətdə çox böyük mükafatla, yəni sonsuz cənnət həyatı ilə qarşılaşacaqlar. Şübhəsiz ki, bu Rəbbimizin qullarına olan lütfkarlığının, rəhmətinin və sevgisinin çox əhəmiyyətli təcəllisidir.

Rəbbinizin məğfirətinə və genişliyi göylər və yer qədər olub müttəqilər üçün hazırlanmış olan cənnətə tələsin! (Ali İmran surəsi, 133)

Allah hər insanı, hər şeyin ən gözəlindən, ən mükəmməlindən zövq alacaq və bunları çox arzulayacaq bir ruh ilə yaratmışdır. Bu səbəblə də insan həyatı dərk etməyə başladığı andan etibarən bu mükəmməlliyə həmişə nail olmağı çox istəyər. Daimi gözəllik və nemət axtarar.

Ancaq bunu nə qədər çox istəyirsə istəsin və bunun üçün nə qədər çox səy göstərirsə göstərsin, dünya həyatında heç vaxt axtardığı mükəmməlliklə qarşılaşa bilməz. Çünki Allah dünya həyatını xüsusi olaraq qüsurlu və nöqsanlı şəkildə yaratmışdır.

Əlbəttə ki, Allahın belə yaratmasında bir çox hikmət vardır. Çünki, “O Allah ki, yaradandır, (ən gözəl bir şəkildə) qüsursuzca var edəndir, “şəkil və surət” verəndir. Ən gözəl adlar Onundur. Göylərdə və yerdə olanların hamısı Onu təsbeh edir. O, Əzizdir, Hakimdir” (Həşr surəsi, 24) ayəsi ilə bildirildiyi kimi, Allah qüsursuz yaradır. Rəbbimiz hər şeyə qadirdir, istədiyini yaratmağa qadirdir. Bu səbəbdən də dünya həyatındakı bu çatışmazlıqların bir məqsədi vardır. Rəbbimizin bu cür yaratmasının hikmətlərindən biri, insanın cənnətin varlığını qavraması və bunun üçün səmimi səy göstərməsini təmin etməkdir.

Allah insanın fitrətini ancaq Cənnətdə rahatlıq tapa biləcəyi və nəfsinin istəklərini ancaq burada təmin edə biləcəyi şəkildə yaratmışdır. Quranın bir çox ayəsində bu həqiqət insana bildirilmişdir. Əsl həyatını cənnətdə yaşayacağını, bu səbəblə də bütün səyini sonsuz gözəlliklər yurdu olan Cənnətə qovuşmağa yönəltməsini xatırlatmışdır. Bu mövzudakı Quran ayələrindən bəziləri belədir:

Bu dünya həyatı əyləncə və oyundan başqa bir şey deyildir. Axirət yurdu isə əsl həyatdır. Kaş ki, biləydilər! (Ənkəbut surəsi, 64)

Həqiqətən, yaxşı əməl sahibləri, doğru olanlar nemətlər içində olacaqlar. Onlar taxtlar üstündə seyrə dalacaqlar. Sən onların çöhrəsində səadət parlaqlığı görəcəksən. Onlara möhürlü, xalis şərabdan içirdiləcəkdir. Onun sonu müşkdür. Buna görə də yarışmaq istəyənlər, bunun üçün yarışsınlar! (Mutaffifin surəsi, 22-26)

Allah istədiyinin ruzisini artırar və azaldar. Onlar dünya həyatı ilə sevindilər. Halbuki dünya həyatı axirətdəki əbədi xoşbəxtliklə müqayisədə müvəqqəti bir faydadır. (Rad surəsi, 26)

Orada onlar üçün istədikləri hər şey hazırlanmışdır. Üstəlik hüzurumuzda bundan da artığı vardır. (Qaf surəsi, 35)