İnsanların çoxunda din əxlaqını tətbiq etməyin, fədakarlıq etməyin, dürüst olmağın, qısacası vicdana tabe olaraq davranmağın insana bəzi şeyləri itirdəcəyinə dair səhv inanc vardır. Halbuki bu çox böyük yanılmadır. Hər şeydən əvvəl, Allah Quranda, əmrinə tabe olub gözəl əməl göstərənlərə sonsuz cənnət həyatı vəd etmişdir. Bu, qazancların ən böyüyüdür. Ancaq bilinməlidir ki, Allah iman gətirənlərə sonsuza qədər tükənmədən davam edəcək olan bu fövqəladə həyatla yanaşı, dünyada da gözəl həyat yaşayacaqlarını ifadə edir:
Mömin olaraq yaxşı iş görən kişi və qadınlara, əlbəttə, gözəl həyat bəxş edəcək və etdikləri ən yaxşı əməllərə görə onları mütləq mükafatlandıracağıq. (Nəhl surəsi, 97)
Müttəqilərə: “Allah nə nazil etmişdir?” – deyildikdə, onlar: “Xeyir nazil etmişdir!” – deyərlər. Bu dünyada xeyirli işlər görənlər üçün gözəl mükafat hazırlanmışdır. Axirət yurdu isə daha xeyirlidir. Müttəqilərin yurdu necə də gözəldir! (Nəhl surəsi, 30)
Allah dünyada möminlərə həm maddi, həm mənəvi cəhətdən zənginlik verir. Bu, bir çox adamın düşünmədiyi, ya da fərqinə belə varmadığı həqiqətdir. Hətta möminlərin dünyada həmişə yoxluq içində yaşadığı kimi səhv anlayış yayılmışdır. Halbuki bir çox Quran ayəsində Allahın tarix boyunca möminlərə verdiyi zənginlik və güc bildirilmişdir. Məsələn, Allah hz. Məhəmmədə (s) “Yoxsul ikən səni tapıb dövlətli etmədikmi?” (Duha surəsi, 8) ayəsini nazil etdi. Həmçinin Quranda Allahın hz. Süleymana, hz. Davuda, hz. Yusifə, hz. Zülqərneynə və hz. İbrahimə bu dünyada böyük mülk bəxş etdiyindən bəhs edilir, bütün inananlara keçmişdəkilərə verilən imkanların veriləcəyi də müjdələnilir.
Zənginlik, ehtişam, gözəllik, estetika cənnətin xüsusiyyətləridir. Vicdanına uyan insanların ən böyük hədəfi isə Allahın razılığını və cənnətini qazanmaqdır. Allah bu insanlara, böyük həsrət duyduqları cənnəti xatırlatmaq və cənnətə olan arzularını artırmaq üçün onlara zənginlik və ehtişamı dünyada da yaşadar. Həmçinin Allah vicdan sahibi, seçilmiş və şərəfli insanların dünyada digər şəxslərə qarşı hər tərəfli üstün və güclü olmalarını da istəyir.
Ancaq bunu da qeyd etmək lazımdır ki, Allah dünya həyatındakı imtahanın gərəyi olaraq bəzi qullarına burada zənginlik verməyə bilər. Belə vəziyyətdə də möminlər Allahın dilədiyi adama, dilədiyi qədər ruzi verdiyini bilir və olduqları vəziyyətdən razı olurlar. Axirəti düşündükləri üçün qısa dünya həyatındakı heç bir şərt onları çətinliyə salmaz. Hər cür vəziyyətdə Allaha şükür edərək, axirəti istəyərlər. Quranda bu həqiqət belə bildirilir:
Allah istədiyinin ruzisini bol edər, istədiyininkini də azaldar. Onlar dünya həyatı ilə sevinirlər. Halbuki dünya həyatı axirətlə müqayisədə keçici bir zövqdür. (Rad surəsi, 26)
Dünyadakı maddi zənginlik və rifahla yanaşı Allah bu üstün əxlaqlı insanlara əsas mənəvi rifah verir. Bu insanlar vicdanlarından istifadə etmələrinə və Allahın razılığını axtarmalarına cavab olaraq, insan üçün ən əhəmiyyətli xüsusiyyətlərdən biri olan hüzura sahibdirlər. Ruhlarında heç bir sıxıntı və qarışıqlıq olmaz. Dürüstlüyün və səmimiyyətin rahat və etibarlı halını yaşayarlar. Allahdan başqa heç kimdən qorxmadıqları və çəkinmədikləri üçün çətinlik, narahatlıq, qorxu kimi hissləri yaşamazlar. Dünyəvi ehtirasın, qısqanclığın, eqoizmin olmaması onların xoşbəxt, rahat və hüzurlu olmalarını təmin edər.
Allah bir çox ayəsində o nicat tapanları, yəni qurtuluş və xoşbəxtlik içində olanları belə bildirir:
… Nəfsinin tamahından qorunan kimsələr nicat tapanlardır. (Həşr surəsi, 9)
Günahlardan təmizlənən kimsə isə uğur qazanmışdır. O kimsə ki, Rəbbinin adını xatırlayıb namaz qılmışdır. (Əla surəsi, 14-15)
Namaz başa çatdıqdan sonra yer üzünə dağılıb Allahın lütfünü axtarın və Allahı çox zikr edin ki, bəlkə nicat tapasınız. (Cümə surəsi, 10)
Vicdan sahibi insanlar yalnız özləri kimi gözəl xasiyyətli insanların yanında rahatlıq tapa bilər. Çünki insanın başqası ilə dost ola bilməsi üçün onun əxlaqından və xarakterindən xoşlanması lazımdır. Vicdan isə yalnız vicdanlı davranışdan zövq alır. Nəfsindəki istək və ehtiraslara uyan kəslərin qərarları, rəftarı, söhbətləri həmişə Allahdan uzaq olar. Allaha yaxınlaşmaq üçün səy göstərən insan isə belə mühitdən uzaq durar, Allahın məmnun olacağı mühitdə olmaq istəyər.
Səhər və axşam çağı Rəbbinin Üzünü diləyərək Ona dua edənlərlə birlikdə özünü səbirli apar. Dünyanın bərbəzəyini istəyərək nəzərlərini yoxsullardan çevirmə. Qəlbini Bizi anmaqdan xəbərsiz etdiyimiz, nəfsinin istəklərinə uyan və işləri səmərəsiz olan bir kimsəyə itaət etmə! (Kəhf surəsi, 28)
Əslində vicdanlı insanın meyarı cənnətdir; cənnətə böyük həsrət duyduğuna görə dünyadakı şərtlər üçün də oradakı vəziyyətin bənzərini meydana gətirməyə çalışar. Cənnətdəki insanlarla necə danışılarsa möminlərlə elə danışar, cənnətdəki nemətlərə baxan insanın üz ifadəsi necədirsə, o baxışdan istifadə edər, cənnətdə deyə bilməyəcəyi sözü deməz, cənnətdə düşünə bilməyəcəyi pisliyi düşünməz. Həmçinin cənnət necə maddi və mənəvi olaraq qüsursuz təmizliyə sahibdirsə, dünya şərtlərində də mümkün ola biləcək ən çox təmizliyi yaradar; cənnətdə olmayacaq, cəhənnəmə xas bütün xüsusiyyətlərin hamısını dünyada da aradan qaldırmağa çalışar.
Bu səbəbdən vicdanına tabe olmaqla insan özünü cənnətdəki həyatına hazırlayır və cənnətə layiq olmaq üçün təhsil alır deməkdir. Bir ayədə Allah, gözəl davrananların cənnətdəki yerlərini hazırladıqlarını belə bildirir:
Kim küfr edərsə, küfrü öz əleyhinə olar. Yaxşı iş görənlər isə özləri üçün Cənnətdə yer hazırlamış olarlar. (Rum surəsi, 44)

