Vicdana uymaq ən asan yoldur

Vicdan və nəfs arasındakı seçim əslində insan üçün heç çətin deyil

Vicdan və nəfs arasındakı seçim əslində insan üçün heç çətin deyil. Çünki Allah insanı vicdanının səsinə uymaqdan zövq alacaq şəkildə yaratmışdır. Buna görə Qurana tabe olmaq və din əxlaqına görə yaşamaq da insanların təbiətinə uyğundur. Aşağıdakı ayədə Allah bu həqiqəti belə xəbər verir:

Sən bir hənif kimi üzünü dinə tərəf çevir! Allahın insanlara – xəlq etdiyi şüurlu məxluq kimi verdiyi fitrət budur. Allahın yaratdığını heç cür dəyişdirmək olmaz. Doğru din budur, lakin insanların çoxu bunu bilmir. (Rum surəsi, 30)

Və Allah vicdanlara bu fitrətə uyğun rəftar və düşüncələri ilham edər. Bu səbəblə, hər insanın vicdanı əslində Allahı məmnun etmək istəyər. Buna görə insanın vicdanına uyğun olmayan şeyləri etməsi çətin və əzab verici işdir. Vicdana tabe olmadan edilən şeylərdə qəlb sıxıntısı, narahatlıq və ya gərginlik meydana gələr. Qəlbin rahatlaması isə, ancaq Allahın xatırlanması və Onun razılığının axtarılması ilə olar.

Vicdana uymağın asanlığı Quranda bir çox ayədə bildirilir. Həmçinin Allah Öz razılığına uyan insanlar üçün xüsusilə asanlıq təmin edəcəyini deyir:

…Allah sizin üçün çətinlik deyil, asanlıq istəyir… (Bəqərə surəsi, 185)

…Kim Allahdan qorxsa (Allah) onun işini asanlaşdırar. (Təhrim surəsi, 4)

İman gətirib yaxşı iş görən kimsəyə isə ən gözəl mükafat veriləcəkdir. Biz ona əmrimizdən asan olanı buyuracağıq”. (Kəhf surəsi, 88)

Səni ən asan olana müvəffəq edərik. (Əla surəsi, 8)

Allah səmimi qullarına, çətinlik kimi görünən hadisələrin ardından da asanlıq verəcəyini xəbər verir:

…Allah heç kəsin üzərinə Özünün ona verdiyi nemətdən artıq yük qoymaz. Allah hər bir çətinlikdən sonra asanlıq verir. (Talaq surəsi, 7)

Sözsüz ki, hər çətinliyin ardınca asanlıq gəlir. Əlbəttə ki, hər çətinliyin ardınca asanlıq gəlir. (İnşirah surəsi, 5-6)