Vicdan susarsa

Maşınların sürətlə gəlib keçdiyi küçədə yolun ortasında oturmuş bala pişiyi hər kəs görər

Maşınların sürətlə gəlib keçdiyi küçədə yolun ortasında oturmuş bala pişiyi hər kəs görər, amma yanına gedib onu əzilməkdən xilas edən yalnız bir nəfər olar. İşıqforda gözləyərkən maşına yaxınlaşaraq dilənən uşağın nə qədər ac ola biləcəyini hər kəs düşünər, amma yaxındakı kafedən ona yemək alan insan barmaqla sayılacaq qədər az olar. Yüzlərlə, minlərlə insan uşağın yanından gəlib keçsə də, şahid olduqları acınacaqlı vəziyyət qarşısında faydalı bir iş görmək istəyən insan sayı çox azdır.

Uşağı və pişiyi görmələrinə baxmayaraq fikir vermədən yollarına davam edən insanlara “niyə bir şey etmədiniz” deyə soruşsalar, əksəriyyəti laqeyd cavablar verərkən, bir çoxu da özünə görə bəhanələr irəli sürəcək. Məsələn, iclasları, vaxtı əvvəlcədən müəyyən edilmiş vacib görüşləri olduqlarını deyəcəklər. Bəhanələri ilk başda məntiqli kimi görünsə də, bu insanların doğru davrandıqlarını demək mümkün deyil.

İnsanların əksəriyyəti hadisələr qarşısında məntiqlərinə görə hərəkət etməyin məqsədəuyğun olacağını düşünə bilər. Halbuki məntiq hər zaman doğrunu ilham etmir. Ən doğru olan insanın vicdanının səsinə qulaq asmasıdır.

Vicdan istisnasız hər insana gözəl olan davranışı və düşüncəni ilham edən, sağlam mühakimə etməsini, doğrunu və yanlışı bir-birindən ayırd edə bilməsini təmin edən mənəvi yol göstəricidir. İnanclı və ya inancsız olsun, hər insan vicdanı ilə birlikdə yaradılmışdır. İnsanları bir-birindən fərqləndirən isə vicdanlarının səsinə nə qədər qulaq asıb-asmağıdır.

Vicdan hər bir insanın içində var. Önəmli olan bu səsə qulaq asmaqdır. Bir insan əxlaqsızlıq edərkən bunu vicdanı olmadığı üçün deyil, vicdanının səsinə qulaq asacaq iradəsi olmadığı üçün edir. Dünyanın hər yerində yaşayan insanlar özlərinə hər zaman yaxşılığı, gözəli, doğrunu fısıldayan daxili səslərinin fərqindədirlər. Amma bir çoxu durmadan xeyiri fısıldayan bu daxili səsi dinləmir.

Doğrunun tərəfində ola bilmək üçün vicdanının səsinə qulaq asmaq vacibdir. Vicdanı kütləşdirən hərəkətlərdən diqqətlə çəkinmək lazımdır. “Bir az da məntiqli davranmalıyıq” deyərək dünyəvi mənfəətlərə görə hərəkət etməmək lazımdır. Ya da bir zülm qarşısında heç kim vicdanlı davranmırsa, bir anda şübhəyə düşüb, “tək ağıllı mənəm?” deyərək vicdanın əmr etdiyi xeyirli davranışdan üz çevirməmək lazımdır. Yaxud da bir xeyir iş görmək istəyərkən, “mənim etdiyimdən nə olacaq ki?” demədən, zərrənin belə okeanda dəyərli olduğunu unutmamaq lazımdır.