Vicdan Allahın səsidir

Vicdanlı insan Allahın razılığını axtarmaqda çox diqqətli davranar

Vicdanlı insan Allahın razılığını axtarmaqda çox diqqətli davranar. Hər zaman “Allahı ən çox necə razı edərəm” deyə düşünər. Heç bir rəftarında başqa insanların razılığını, onların gözündəki mövqeyini güdməz. Qarşılıqsız olaraq Allaha yönələr.

İnsanlardan bəziləri isə dini, vicdanından istifadə edərək deyil, atalarından gördükləri şəkildə ənənə və vərdiş olaraq yaşayarlar. İbadətləri yerinə yetirərlər, əzbərlədikləri bəzi şeyləri tətbiq edər və bunlarla kifayətlənərlər. Halbuki, vicdanı tam olaraq istifadə etmədən din əxlaqını yaşamaq mümkün deyil. Bu insanlar yaşadıqları mühitə zidd düşməmək üçün və ya elə alışdıqları üçün “dinə uyğun” görülən həyat şəkli seçmişlər. Bu səbəblə, bu kəslər dində “Allah üçün ən çox nə edərəm” deyil, “ən az nə etsəm insanları dindar olduğuma inandıraram” məntiqindədirlər.

Vicdanlı insan isə hər ibadəti, hər əməli ən gözəl şəkli ilə necə tətbiq edəcəyini düşünür. Hesab günündə heç bir əməlinin, heç bir sözünün onun üçün risk yaratmaması üçün gücünün və ağlının edəbiləcəyinin ən çoxunu edər. Çünki əməllərinin qarşılığını axirətdə alacağını bilir. Necə ki, Allah bu mövzuda insanları xəbərdar edir:

Namaz qılın, zəkat verin! Qabaqcadan özünüz üçün nə xeyir hazırlasanız onun əvəzini Allahın yanında tapacaqsanız. Şübhəsiz ki, Allah nə etdiklərinizi görür. (Bəqərə surəsi, 110)

Bir insanın etdiyi hər işdə ən gözəlini, edə biləcəyinin ən çoxunu axtarmasına Quranda nümunə, möminlər arasında “sözün ən gözəli” dən istifadə edilməsi əmridir:

Qullarıma de ki, ən gözəl sözləri danışsınlar. Çünki şeytan onların arasına ədavət sala bilər. Həqiqətən, şeytan insanın açıq-aydın düşmənidir. (İsra surəsi, 53)

Allahın bu əmrini bilən biri sözün ən gözəlini vicdanına üz tutaraq tapacaq. Danışığında “nə olursa olsun” deyib ilk ağlına gələni deyib keçməz. Əksinə, ən gözəl, ən təsiredici sözlər deyər, qarşısındakı insanları incitməmək, onların sevincini qaçırmamağa diqqət göstərər. Allahın ən razı olacağı danışığı seçər və bunda vicdanından açar olaraq istifadə edər.

Bir başqa ayədə də Allah, dinə bağlılıqları baxımından insanları üç qrupa ayırmışdır:

Sonra Kitabı bəndələrimizdən seçdiklərimizə miras etdik. Artıq onlardan kimisi özünə zülm edər, kimisi orta yol tutar, kimisi də Allahın izni ilə yaxşı işlərdə öndə gedər. Məhz, böyük lütf də budur. (Fatir surəsi, 32)

Ayədə də bildirildiyi kimi, insanlardan bir qismi din əxlaqını onsuz da heç yaşamazlar. Bir hissəsi isə vicdanlarından tam olaraq istifadə etmədikləri üçün orta yol tutarlar. Yəni vicdanlarının hər əmr etdiyini deyil, yalnız bir qisminə tabe olarlar. Maraqlarına zidd düşdüyü nöqtələrdə vicdanlarına əməl etməyə bilərlər. Məsələn, vaxtlarının və imkanlarının hamısını din üçün istifadə etmək yerinə yalnız bir qismini istifadə edərlər. Dinin və gözəl əxlaqın insanlar arasında yayılması mövzusunda ciddi səy göstərməzlər. Yerinə yetirdikləri bəzi ibadətləri, halal və haramlara diqqət etməyi önə sürərək, özlərini əxlaqi baxımdan da yetərli görərlər. Halbuki vicdana uyğun olan, halal və məşru olan əməllər içərisində əxlaqi cəhətdən də ən doğru, ən gözəl olanı seçib tətbiq etməkdir. Necə ki, Allah Quranda sözün ən gözəlinə tabe olanlardan tərifləyərək bəhs etmişdir:

O kəslər ki, sözə qulaq asıb onun ən yaxşısına tabe olurlar, onlar Allahın doğru yola yönəltdiyi şəxslərdir. Ağıl sahibləri də məhz onlardır. (Zumər surəsi, 18)

Üçüncü qrup isə xeyirlərdə yarışanlardır ki, bu kəslər vicdanlarının əmrlərinin ən çoxunu tətbiq edərlər. Hətta ən çox savabı qazanma yarışındadırlar. Hər cür xidmətdə, hər xeyir işdə önə atılarlar. Heç bir işdə başqalarının etməsini gözləməzlər, əksinə özləri ön plana çıxaraq namizəd olarlar. Edə biləcəkləri daha yaxşı işlər varkən və ya daha çoxunu edə biləcək ikən, daha az olanı seçməyi vicdanları qəbul etməz.

Mümkün olan ən yaxşısını seçmək mövzusunda digər nümunə də Nisa surəsində verilir. Bu surədə Allah, əmanət edilən şeylərin, o mövzuda layiq olan yəni səlahiyyət və qabiliyyət sahibi insanlara verilməsini əmr edir:

Həqiqətən, Allah sizə əmanətləri sahiblərinə qaytarmanızı və insanlar arasında hökm verərkən ədalətlə hökm vermənizi əmr edir. Allahın sizə verdiyi bu öyüd-nəsihət necə də gözəldir! Şübhəsiz ki, Allah Eşidəndir, Görəndir. (Nisa surəsi, 58)

Əmanət ediləcək şey vəzifə, məsuliyyət və ya qorunmalı olan qiymətli əşya ola bilər. Belə vəziyyətdə, məsələn, bəhs edilən əmanət əgər əşya isə onu, diqqəti ən açıq, ən dürüst və ən ağlı başında adama vermək bu ayənin ən doğru şəkildə tətbiq olunması deməkdir. Bir vəzifə və ya məsuliyyət verərkən də eyni şəkildə bu mövzuda ən məlumatlı, ən təcrübəli, qısacası bu məsuliyyəti ən yaxşı şəkildə yerinə yetirə biləcək adam seçilməlidir. Daha az bacarıqlı və ya daha az məlumatlı birinin seçilməsindən böyük ehtimalla nəfsani mənfəət güdülmüş deməkdir. Bir adamın etibarlılığından çox, o adamın qan bağı baxımından yaxınlığı, ya da gələcəkdə başqa mənfəətlər güdülməsi ola bilər. Ümumiyyətlə cəmiyyətdə yayılmış olan anlayış budur. Mənfəət əlaqələri birinci dərəcədən əhəmiyyətli olur. Halbuki hər mövzuda ən yaxşısını, ən doğrusunu axtarmaq Quran əxlaqının gərəyidir.

Görüldüyü kimi vicdan, yalnız Allahı tanımanı, Onun varlığını qəbul etməyi deyil, eyni zamanda Onu razı edəcək işlər görməyi və bu işlərdə də çox diqqətli olmağı tələb edir. İnsanların böyük əksəriyyəti isə Allahın varlığına inanmağın yetərli olduğunu zənn edər. Qurandakı ayələrdə bu insanlar belə bildirilir:

De: “Sizə göydən və yerdən ruzi verən kimdir? Qulaqlara və gözlərə hakim olan kimdir? Ölüdən diri çıxaran, diridən də ölü çıxaran kimdir? İşləri yoluna qoyan kimdir?” Onlar deyəcəklər: “Allah!” De: “Bəs belə olduğu halda Allahdan qorxmursunuz?” O sizin Haqq Rəbbiniz olan Allahdır. Haqdan sonra zəlalətdən başqa nə ola bilər? Siz necə də haqdan döndərilirsiniz! (Yunis surəsi, 31-32)

Ayədən görüldüyü kimi, bu insanlar Allahın varlığına inanır, hətta Allahın onlara ruzi verdiyini, onları yaradan və öldürən olduğunu, hər şeyin yaradıcısı və sahibi olduğunu da qəbul edərlər. Vicdanından ancaq bu qədər anlayış üçün istifadə edər və bunu dindarlıqları üçün yetərli görərlər. Halbuki vicdanından sonuna qədər istifadə edən biri, Allahın ucalığını qavraya bildiyi üçün Ona qarşı hörmət dolu qorxu hiss edər. Bu digər bilinən qorxulardan fərqli qorxudur; Allahın razılığını itirmə qorxusudur. Bundan qorxu duyan insanın bütün həyatı yalnız Rəbbimizin razılığını qazanmağa çalışaraq keçər. Allaha yaxınlaşmada özünə sərhəd tanımaz. Necə ki, Allah Quranda hz. İbrahimi nümunə göstərərək belə demişdir:

Yaxşı işlər görərək Allaha təslim olan və hənif olaraq İbrahim dininin ardınca gedən şəxsdən din baxımından daha gözəl kim ola bilər? Allah İbrahimi sevimli dost tutmuşdur. (Nisa surəsi, 125)

Məhz yüz faiz vicdanla hərəkət edən insan da, insan ağlının Allahı qavrayıb anlaya biləcəyi ən üst səviyyəyə çatana və Allahın yaxın dostu olana qədər səy göstərər. Ancaq heç bir zaman ən üstün dostluğu və yaxınlığı təmin etdiyindən əmin ola bilməyəcəyi üçün, ölənə qədər bu səyi və istəyi davam edər.