Vəsvəsə nədir?

Şeytan insana hər tərəfdən yaxınlaşaraq onu Allahın yolundan uzaqlaşdırmağa çalışar. Bunun üçün müxtəlif hiylələrdən istifadə edər. Vəsvəsə də şeytanın bu hiylələrindən biridir. Vəsvəsə şeytanın insanı faydasız işlərlə məşğul etmək, onu düşünməli olduğu mühüm məsələlərdən uzaqlaşdırmaq məqsədilə qəlbinə saldığı şübhələr, əsassız qorxular, narahatlıq yaradan fikirlər, aldatmalar və pıçıltılardır. Şeytanın bu xüsusiyyəti Quranda belə bildirilir:

De: “Sığınıram insanların Rəbbinə, İnsanların hökmdarına, İnsanların ilahına, vəsvəsə verib (Allahın adı çəkildiyi zaman) gizlənənən şeytanın şərindən! O, insanların qəlbinə vəsvəsə salar. (Nas surəsi, 1-5)

Şeytan insanın zehninə Quranın hökmlərinə zidd düşüncələr gətirərək onun sağlam düşünməsinə mane olmaq, xüsusilə dini məsələlərdə, eləcə də dünya və axirət həyatı ilə bağlı zərərli xəyallara və şübhələrə qapılmasını istəyər. Bir çox məntiqsiz və əsassız fikirləri sanki insanın öz düşüncələri imiş kimi təlqin edər və onun özünə olan etibarını sarsıtmağa çalışar.

Quran əsasında yaşamayan insan şeytanın bu hiyləsini dərk etməz və onun vəsvəsələrinə qapılaraq daim şübhə və tərəddüd içində qalar. Şeytanın bu pıçıltıları insanın dini yanlış tanımasına, Allahın qüdrətini lazımınca qiymətləndirə bilməməsinə və daimi şübhə içində yaşamasına səbəb olar. Nəticədə insan Allahın böyüklüyünü və dünyada yaradılış məqsədini düşünmək əvəzinə, nə özünə, nə də başqalarına fayda verməyən məsələlərlə məşğul olaraq ömrünü keçirər.

Beləliklə, şeytan Qurandan xəbərsiz və din əxlaqından uzaq yaşayan insan üzərində məqsədinə nail olar və onun əbədi əzaba düçar olmasına səbəb olar. Quranda inkarçıların və günahkarların şeytanın təlqinlərinə açıq olduqları və onun vəsvəsələrinə uyduqları belə xəbər verilir:

Şeytanların kimə nazil olduğunu sizə xəbər verimmi? Onlar günahkar və yalançı olan hər kəsə nazil olarlar. Onlar eşitdiklərini (kahinlərə) çatdırarlar. Ancaq onların çoxu yalançıdır. (Şuəra surəsi, 221-223)