Vəhy nə deməkdir?

Vəhy Allahın istədiyi bir mövzuda, istədiyi bir məlumatı insanın qəlbinə ilham etməsidir. Quranda vəhy ilə bağlı verilən nümunələrdən görünür ki, bu vəhy bəzən mələklər vasitəsilə, bəzən “bir pərdə arxasından”, bəzən isə Allahın heç bir vasitə olmadan birbaşa insanın qəlbinə bildirməsi şəklində olur. Allah Quranda bu mövzunu belə açıqlamışdır:

Allah insanla yalnız vəhy (ilham) vasitəsilə, yaxud pərdə arxasından danışar, ya da bir elçi (mələk) göndərər. O da Allahın izni ilə Onun istədiklərini vəhy edər. Həqiqətən, O, ucadır, hikmət sahibidir. (Şura surəsi, 51)

Bu mövzuda Quranda çoxlu nümunələr vardır. Məsələn, ayələrdə hz. Musanın bir od gördüyü və onun nə olduğunu öyrənmək üçün getdiyi yerdə vəhy aldığı bildirilir:

Musa ora gəlib çatan zaman ona belə bir nida gəldi: “Ey Musa! Həqiqətən, Mən sənin Rəbbinəm. Dərhal çarıqlarını çıxart. Çünki sən müqəddəs vadi olan Tuvadasan! Mən səni seçdim. Ona görə də vəhyə qulaq as! Şübhəsiz, Mən Allaham. Məndən başqa heç bir ilah yoxdur. Ona görə də Mənə ibadət et və Məni anmaq üçün namaz qıl! (Taha surəsi, 11-14)

Başqa bir ayədə isə hz. Məhəmmədə (s.ə.v.) Quranın Cəbrail vasitəsilə vəhy edildiyi bildirilir:

Onu qüdrətli (mələk Cəbrail) öyrətdi – Gözəl görünüşlü (Cəbrail). O, öz surətində göründü – Ən uca üfüqdə ikən. Sonra (Məhəmmədə) yaxınlaşıb aşağı endi. O, (birləşdirilmiş) iki yay arası qədər, hətta daha çox yaxınlaşdı. Bu zaman Allah Öz bəndəsinə vəhyini nazil etdi. (Nəcm surəsi, 5- 10)

Allah bəzən də ortada görünən heç bir vasitə olmadan, yalnız bir səsin xitab etməsi şəklində vəhy edə bilər. Ayələrdə buna hz. Musa ilə bağlı nümunə verilmişdir:

Təyin etdiyimiz vaxtda Musa gəlib Rəbbi onunla danışdığı zaman o dedi: “Ey Rəbbim! Özünü mənə göstər ki, Sənə baxım!” Allah dedi: “Sən Məni əsla görə bilməzsən. Lakin bu dağa bax. Əgər o yerində dura bilsə, sən də Məni görəcəksən”. Rəbbi dağa təcəlla etdiyi zaman onu parça-parça etdi. Musa da bayılıb yerə yıxıldı. Ayıldığı zaman: “Sən pak və müqəddəssən! Sənə tövbə etdim və mən iman edənlərin birincisiyəm!” – dedi. (Əraf surəsi, 143)

Hz. Məryəmə isə Allah bir su arxının altından gələn səs vasitəsilə xitab etmişdir:

Aşağı tərəfindən ona belə səsləndi: “Kədərlənmə! Rəbbin sənin (ayağının) altında bir su arxı yaratmışdır. Xurma ağacının gövdəsini özünə tərəf silkələ ki, üstünə yetişmiş təzə xurmalar tökülsün. (Bunlardan) ye, iç! Gözün aydın olsun! Əgər insanlardan kimisə görsən, de ki: “Mən Rəhman (olan Allah) üçün (susma) orucu tutmuşam. Ona görə də bu gün heç bir insanla danışmayacağam!” (Məryəm surəsi, 24-26)

Hz. Musanın anasının qəlbinə isə Allah birbaşa vəhy etmişdir:

Biz Musanın anasına: “Onu əmizdir! Ona zərər gəlməsindən qorxduğun zaman onu dənizə (Nil çayına) at! Heç qorxma və kədərlənmə! Şübhəsiz, biz onu sənə qaytaracaq və onu elçilərdən edəcəyik”, – deyə vəhy etdik. (Qəsas surəsi, 7)