Uzun və sağlam həyatın sirri: Bağışlamaq

İnsanlar yüz illərdir ki, uzun və sağlam həyatın sirlərini araşdırırlar

İnsanlar yüz illərdir ki, uzun və sağlam həyatın sirlərini araşdırırlar. Bunun üçün mütəxəssislər bəzən pəhrizi, bəzən də idmanla məşğul olmağı tövsiyə edirlər. Məhz bu mövzuda mütəxəssislər yeni bir kəşf ediblər: Uzun və sağlam həyatın sirlərini araşdıran Amerikanın nüfuzlu xəbər jurnallarından biri olan “News week”də verilən məlumata görə uzun həyatın ilk açarı bağışlayıcı olmaqdır.

İnsanın ruh halı ilə sağlamlığı arasında bir əlaqə olduğunu bildirən həftəlik “News week” jurnalı birini bağışlamamağın orqanizmə verdiyi zərərləri belə açıqlayır:

“Kortizol (stress) hormonu səviyyəsi artır. Ürək xəstəlikləri, nevroloji pozuqluq və yaddaş itkisi riski böyüyür.”

“News week” jurnalının apardığı araşdırmanın nəticələri insanın psixologiyası ilə sağlamlığının bir-biri ilə nə dərəcədə əlaqəli olduğunu bir daha ortaya qoydu. Harvard universitetinin mütəxəssisləri birini bağışlamağın fiziki bir çox xəstəliklərdən qoruduğunu müəyyən ediblər. Jurnalda bildirilənlərə görə sağlam bir həyat üçün hər şeydən əvvəl “bağışlayıcı” olmaq lazımdır. “News week” jurnalı bağışlamamağın və qisas almaq hissinin insana aid olduğunu qeyd edərək “bu mövzuda 1200 kliniki tədqiqatın mənfi duyğuların insanın həm psixoloji, həm də fiziki sağlamlığına zərər verdiyini göstərir” deyə bildirdi. İnsanın bir hadisəni və ya bir nəfəri bağışlamaması həmin insan üzərində psixoloji təzyiq yaradır.

Bu təzyiq də zaman içində ürək təzyiqinin artmasına, ürək xəstəliklərinə səbəb olan hormonal dəyişikliklərə, nevroloji pozuqluğa və yaddaş itkisinə səbəb olur. Aparılan başqa bir araşdırmada bağışlamamaq kimi mənfi hisslər bəsləyən insanlarda “kortizol hormonu”nun səviyyəsinin artdığı ortaya çıxdı. Bu hormonun artması immunitet sistemindəki pozulmalar başda olmaqla şəkər, yüksək təzyiq kimi xəstəliklərə səbəb olur.

Yaxın dövrlərdə aparılan daha bir çox araşdırmada amerikalı elm adamları bağışlamağı bacaran insanların həm ruhən, həm də fiziki olaraq daha sağlam olduqlarını müəyyən etdilər. Stanford universitetindən tanınmış alim Fridrik Laskin (Frederic Luskin) və qrupu San Fransisko şəhərində yaşayan 259 insan üzərində araşdırma apardı. Alimlər təcrübə aparılması üçün bu insanlara 6 dəfə 1.5 saatlıq söhbətlərdə bağışlamağı öyrətməyi göstərdilər. Təcrübəyə qatılanlar özlərinə zərər verən kəsləri bağışladıqdan sonra daha az sıxıntı çəkdiklərini bildirdilər. Aparılan araşdırmalar bağışlamağı bacaran insanların sadəcə ruhən deyil, fiziki olaraq da özlərini daha yaxşı hiss etdiklərini göstərmişdi.

Məsələn, təcrübə nəticəsində stressdən qaynaqlanan bel ağrısı, yuxusuzluq və mədə ağrısı kimi ruhi və fiziki göstəricilərin də bu insanlarda əhəmiyyətli ölçülərdə azaldığı təsbit edildi.

Stanford universitetində Rəhbərlik və Sağlamlıq Psixologiyası sahəsində professor olan Fridrik Laskin (Frederic Luskin) Forgive for Good (Yaxşılıq üçün Bağışlayın) adlı kitabının təqdimatında bağışlama ilə əlaqədar olaraq “Sağlamlıq və xoşbəxtlik üçün sübut olunmuş bir resept” ifadəsinə yer vermişdi. Bu kitabda bağışlamağın əsəb, sıxıntı, depressiya və stressi azaldaraq ümid, səbir və özünə güvənmək kimi müsbət ruh hallarının yaşanmasını təmin etdiyindən bəhs olunur. Dr. Laskinə görə uzun müddətli əsəb yaşamaq insanların fiziki sağlamlığında da gözlə görülən mənfi təsir yaradır. Dr. Laskin mövzu ilə əlaqəli bunlari ifadə etmişdir:

“Uzun müddətli və davam edən əsəbin zərəri bədən içindəki termostatı sıfırlamasıdır. Əgər siz müntəzəm olaraq aşağı səviyyədə əsəbə vərdiş etsəniz, nəyin normal olduğunu ayırd edə bilməzsiniz. İnsanların vərdişə çevirə biləcəyi bir növ adrenalin hücumuna yol aça bilir. Bədənə zərər verir və sağlam düşünməyi çətinləşdirir, bu da vəziyyəti daha da pisləşdirir.”

Dr. Laskin bədənin əsəb və stress əsnasında müəyyən fermentlər ifraz etdiyinə görə xolesterol və təzyiqin yüksəldiyini və bütün bunların da insan üçün çox zərərli vəziyyət yaratdığını bildirir.

Elm bağışlamağın insan sağlamlığı üzərindəki bütün bu müsbət təsirlərini yeni kəşf edərkən uca Allah bağışlamağı 14 əsr əvvəl Quranda insanlara tövsiyə etmişdir. Quranda tövsiyə edilən gözəl əxlaq xüsusiyyətlərindən biri də “bağışlayıcı və əfv edici olmaq”dır:

Sən bağışlama yolunu tut, yaxşı iş görməyi əmr et və cahillərdən üz döndər. (Əraf surəsi, 199)

Bir başqa ayədə Allah “…Qoy əfv edib bağışlasınlar. Məgər siz Allahın sizi bağışlamasını istəmirsinizmi? Allah Bağışlayandır, Rəhmlidir” (Nur surəsi, 22) şəklində buyurur. Quran əxlaqından uzaq yaşayan insanlar üçün bağışlamaq olduqca çətindir. Çünki edilən bir səhv qarşısında dərhal əsəbiləşirlər. Ancaq Allah möminlərə bağışlamağın daha gözəl davranış olduğunu bildirmişdir.

Quranda “Hər kim səbir edib bağışlasa, şübhəsiz ki, bu məqsədə uyğun işlərdəndir” (Şura surəsi, 43) ayəsi ilə də bağışlamağın üstün əxlaq xüsusiyyəti olduğu xəbər verilir. Beləliklə, möminlər bağışlayıcı, mərhəmətli, yumşaq davranır və Quranda bildirildiyi kimi “qəzəblərini udar, insanların günahlarından keçərlər.” (Ali İmran, 134)

Möminlərin bağışlama anlayışları Quran əxlaqını yaşamayan insanlardan çox fərqlidir. Bəzi insanlar, qarşısındakı birini bağışladıqlarını desələr də, qəlbindəki kin və nifrətdən qurtulmaları çox vaxt alır. Çox vaxt göstərdikləri reaksiyada bu əsəblərini büruzə verirlər.

Möminlərin bağışlayıcılığı isə səmimidir. Möminlər insanın dünyada imtahan verən, səhv edərək öyrənən bir varlıq olduğunu bildikləri üçün incə düşüncəli və şəfqətlidirlər. Eyni zamanda möminlər tamamilə haqlı olduqları və qarşı tərəfin tamamilə haqsız olduğu bir vəziyyətdə belə heç tərəddüd etmədən bağışlaya bilirlər. Bağışlayarkən xətaları böyük və ya kiçik olaraq ayırmazlar. Bir insan səhv ilə böyük itkiyə səbəb ola bilər. Ancaq meydana gələn hər hadisənin Allahın idarəsində və taledə baş verdiyini bilən möminlər bu cür hadisə qarşısında təvəkküllü davranır və daxildə əsəb yaşamazlar.

Qısaca, əsəbiləşmək ən başda insanların ruh halına mənfi təsir edən və buna paralel olaraq sağlamlığına zərər yetirən səhv davranışdır.

Bağışlamaq isə insana çətin görünsə də, əsəbin yaratdığı bütün mənfi halları aradan qaldıran, insanın həm fiziki, həm də ruhən sağlam həyat yaşamasına kömək olan gözəl davranış şəkli, üstün əxlaq xüsusiyyətidir. Lakin bağışlamadakı əsas məqsəd hər şeydə olduğu kimi Allahın rizasına uyğun əxlaqı yaşamaqdır. Faydaları indiki dövrdə elmi yolla müəyyən edilən bu əxlaq xüsusiyyətinin Quranda bir çox ayədə bildirilməsi isə Qurandakı hikmətlərdən sadəcə biridir.