Quran əxlaqından uzaq yaşayan cəmiyyətdə insanların çox əhəmiyyət verdikləri və əldə edə bilmək üçün bütün həyatı boyu səy göstərdikləri bəzi dəyərlər vardır. Bu dəyərləri qiymətli edən şey cəmiyyətin bu yöndəki fikirləridir.
Quran əxlaqını yaşamayan insanlar həyatını cəmiyyətin qoyduğu ölçülərə görə istiqamətləndirirlər. Bu ölçülər insanların öz ağıllarına görə düşündükləri mənfəətlərdən ibarətdir. İnsanların öz qoyduqları qaydalara uymanın yanlış olmasını Allah Quran ayəsində belə bildirir:
Yoxsa onlar (İslamdan əvvəlki) cahiliyyə dövrünün hökmünümü istəyirlər? Yəqinliklə inanan bir qövm üçün Allahdan daha yaxşı hökm verən kim ola bilər?! (Maidə surəsi, 50)
Cahiliyyə inanclarına görə əsas məsələlərdən biri üstünlük anlayışıdır. Yalnız dünya həyatı üçün yaşayan insanlara görə üstünlük və imtiyaz qazandıran xüsusiyyətlər çox məhduddur. Kiminsə var-dövlət sahibi, etibarlı olması, müəyyən karyeraya sahib, şöhrətli, fiziki baxımdan daha cəlbedici olması bu düşüncədə olan insanlar üçün böyük əhəmiyyət daşıyır. Onlara görə bütün bunlar bir insanın bütün həyatı boyu əldə edə biləcəyi ən üstün xüsusiyyətlərdir. Əgər özləri bu insanlarda olan xüsusiyyətlərə sahib deyillərsə, onlara böyük hörmət edər və onlarla müqayisə etdiklərində özlərini daha dəyərsiz hesab edərlər.
Bu dəyərlər baxımından gündəlik qarşılaşdıqları detallara da böyük əhəmiyyət verir və insanları bu ölçülərə görə qiymətləndirirlər. Məsələn, kiminsə yaşadığı yerin adresi, istifadə etdiyi avtomobilin köhnə və ya son model olması, atasının hansı işdə işləməsi, özünün hansı məktəbdə oxuması, peşəsi, geyim tərzi, qohumlarının mövqeyi bu insanlar üçün çox əhəmiyyətlidir. Yoldaş olacaqları, birlikdə vaxt keçirəcəkləri, evlənəcəkləri insanları seçərkən bu xüsusiyyətləri əvvəlcədən araşdırar və seçimlərini ona görə edərlər.
Dünyanın bir çox ölkəsində bəzi insanlar digərlərinə dərisinin rəngi, danışdığı dil, mənsub olduğu millətə görə dəyər verir. Bu üstünlük meyarları bəzi cəmiyyətlərdə bir az fərqlənsə də, demək olar ki, eyni ölçüdədir.
Qadınlar haqqında illərlə davam edən müzakirələrin mərkəzində də bu fikirlər rol oynayır. Çoxları qadını qiymətləndirərkən cəmiyyətin təyin etdiyi meyarları əsas götürür və ona uyğun hərəkət edirlər. Buna görə də bəziləri qadını ikinci təbəqəli insan hesab edir və onların həyatını bu yöndə istiqamətləndirirlər.
Halbuki, Allah Quranda insanlar üçün ən gözəl və ən doğru hökmün Allahın hökmü olduğunu bildirir. Qurana əsasən tək üstünlük ölçüsü təqvadır:
Ey insanlar! Biz sizi bir kişi və bir qadından yaratdıq. Bir-birinizlə tanış olasınız deyə sizi xalqlara və qəbilələrə ayırdıq. Şübhəsiz, Allah yanında sizin ən dəyərliniz ən təqvalı olanınızdır. Şübhəsiz ki, Allah hər şeyi biləndir, hər şeydən xəbərdardır. (Hucurat surəsi, 13)
Ey Adəm oğulları! Sizin üçün ayıb yerlərinizi örtən geyim və bər-bəzəkli libas nazil etdik (yaratdıq). Təqva geyimi isə daha xeyirlidir. Bu, Allahın dəlillərindəndir ki, bəlkə, düşünüb öyüd alalar. (Əraf surəsi, 26)
Başqa bir ayədə isə Allah “… Allah, gördüyünüz hər bir yaxşı işi bilir. Tədarük görün. Ən yaxşı tədarük isə təqvadır. Ey ağıl sahibləri, Məndən qorxun!” (Bəqərə surəsi, 197) deyə buyuraraq insanlara əldə edə biləcəkləri ən xeyirli xüsusiyyətin təqva olduğunu bildirmişdir. Buna görə də insanların ən əsas hədəfi mal-mülk, şan-şöhrət kimi maddi dəyərlər deyil, onları həm dünyada, həm də Allah Qatında əsl dəyərli edəcək və üstünlük qazandıracaq olan təqva olmalıdır.
Allah bir ayəsində isə bəzi insanlar arasında üstünlük ölçüsü olmuş zənginlik əvəzinə Allahın lütfünü istəməyin daha məqbul olduğunu belə bildirir:
Allahın birinizi digərindən üstün tutduğu şeyi (birinizə digərinizdən artıq verdiyi mal-mülkü) arzulamayın! Kişilər üçün qazandıqlarından bir pay, qadınlar üçün də qazandıqlarından bir pay vardır. Allahdan, Onun lütfünü istəyin! Şübhəsiz ki, Allah hər şeyi biləndir. (Nisa surəsi, 32)
Allahın bildirdiyi bütün bu ayələrdən aydın olduğu kimi üstünlüyü qadın və ya kişi olmaqda, fiziki gücdə, ya da başqa cahillik meyarında axtarmaq böyük bir yanlışdır. Yeganə üstünlük Allahın bizə bildirdiyi kimi iman və təqva üstünlüyüdür.
“Şübhəsiz ki, sədəqə verən kişi və qadınlar, Allah yolunda gözəl borc verənlər üçün qat-qat artırılacaqdır. Onları həm də çox qiymətli bir mükafat gözləyir!” (Hədid surəsi, 18) ayəsi ilə bildirilmişdir ki, həm kişilər, həm də qadınlar yalnızca Allahın bildirdiyi əxlaqı yaşayarlarsa, üstün və şərəfli qarşılığı qazanmış olarlar.

