Biz heç bitməyən, heç tükənməyən və qəlbimizdə daim var olan bir hisslə yaşayırıq: Ümid. İnsan yeməklə, oksigenlə, qanla yaşamır əslində. Qəlbində daşıdığı iman, Allah sevgisi və bir-birindən gözəl ümidləri ilə yaşayır. Əks təqdirdə həyat deyil çünki, içi boş kötük kimi bomboş ruhla, ümidsiz, sevgisiz, imansız, bomboş, Allahdan bixəbər şəkildə yaşamaqdır.
Möminlər üçün necə?
- Möminlər qəlbində hər gün yenilənən ümidlərlə,
- Allaha daha yaxşı bəndə olmaq ümidi ilə,
- Allahın günahları bağışlayacağı ümidi ilə,
- Hər gün əvvəlkindən daha yaxşı olmaq üçün Allaha daha da yaxınlaşmaq ümidi ilə,
- Bir gün Allahın razı olduğu bəndələrindən biri olub cənnətə girmə ümidi ilə yaşayırlar.
Təbii ki, dünya həyatında insan imtahan olunur. Xəstələnir, bəzən darlıqla, yoxluqla, müxtəlif çətinliklərlə imtahan olunur. Dünya bütün məxluqat üçün cənnətə və cəhənnəmə keçid yeridir. Bitməyən bir imtahan dünyasıdır bura. Biri bitir, qısa müddət sonra digəri başlayır. Müsəlman bu qısa müddətdə başına gələn imtahanlara təvəkkül, səbir edərək həmişə Allahdan yana olur. Heç vaxt, hansı vəziyyətdə olursa-olsun, Rəbbindən ümid kəsmir.
…Allahın mərhəmətindən ümidinizi üzməyin. Çünki Allahın mərhəmətindən ancaq kafir adamlar ümidlərini kəsər. (Yusif surəsi, 87)
Dedi: “(Doğru yoldan) azanlardan başqa Rəbbinin mərhəmətindən kim ümidini üzər?” (Hicr surəsi, 56)
İnkar edənləri iman gətirənlərdən ayıran ən vacib xüsusiyyətlərdən biri də budur. Onlar başlarına gələn ən kiçik hadisədə dərhal ümidsizliyə qapılıb ümidlərini itirirlər. Allahın rəhmətindən ümid kəsirlər. Bu qısa dünya həyatında Allahın bizləri bəzən bolluqla və zənginliklə, bəzən də darlıqla, xəstəliklə, çətinliklərlə sınadığını unudurlar. Çox böyük nemət içində olmalarına baxmayaraq, şükür etmir, üsyan edirlər. Beləliklə, qəlbində ümid olmadan, kədərlənərək, üsyan edərək yaşamağa məhkum olurlar.
Əgər insana Özümüzdən bir nemət (mərhəmət) daddırsaq, sonra da onu geri alsaq, şübhəsiz ki, o, məyus (ümidsiz) və nankor olar. (Hud surəsi, 9)
Məhz Mənim mərhəmətimdən ümidlərini kəsənlər Allahın ayələrini və Onunla qarşılaşacaqlarını inkar edənlərdir. Elə onlar üçün ağrılı-acılı bir əzab vardır. (Ənkəbut surəsi, 23)
İnsanlara mərhəmət göstərdikdə ona sevinərlər. Öz əlləri ilə etdikləri günahlara görə onlara bir bəla üz verdikdə isə dərhal ümidlərini üzərlər. (Rum surəsi, 36)
İnsana nemət verdiyimiz zaman (anlamayaraq) üz çevirib uzaq durar. Ona bir zərər toxunduqda isə məyus olar. (İsra surəsi, 83)
İnsan özünə xeyir diləməkdən usanmaz. Lakin ona bir pislik dəysə, məyus olub ümidini itirər. (Fusillət surəsi, 49)
Möminin içində daşıdığı ən gözəl ümid şübhəsiz, Allahın razı olduğu bəndə olmaq, bir gün Rəbbinə qovuşacağı, Onun sözlü salamını alacağı o möhtəşəm günə qovuşmaq, cənnətdə salamla yuxudan oyanmaq. Mömin belə gözəl ümidlərlə yaşayır. Hər keçən gün Rəbbini daha böyük məhəbbət və şövqlə sevir, hər keçən gün Ona daha yaxın dost olmaq üçün çalışır. Bilir ki, Allah onu heç vaxt tərk etməz, onu heç vaxt unutmaz, onu heç vaxt tək qoymaz. Mömin də Rəbbindən heç vaxt ümidini kəsməz, əsla Rəbbini tərk etməz.

