Tövbə necə edilər?

Heç kim səhv etmək istəmir (2)

Heç kim səhv etmək istəmir. Amma səhv etmək imtahanın əhəmiyyətli bir parçasıdır. İnsan səhv edərək öyrənir və çox vaxt da bir hərəkətin səhv olduğunu onu etdikdən sonra anlayır.

Səhv insanın ayrılmaz bir hissəsi olduğuna görə bu mövzu haqqında dərin düşünmək lazımdır. İnsan səhv edəndə bundan sonra nə etməli olduğunu Qurana görə təyin edə bilər.

Allahdan qorxan bir insana səhvi olduğunu deyəndə düşünmədən o səhvi düzəldər. Bu çox əhəmiyyətli bir mömin əlamətidir. Əgər səhvini qavradığı halda qavramamış kimi davranırsa, bilə-bilə doğru davranmaqda tərəddüd edirsə bu onun möminliyini şübhə altına alır. Çünki, Allah qorxusu insanı səhv hərəkətdən çəkindirər. Beləliklə səhvdən imtina etmək bundan ibarətdir. Çətin bir şey yoxdur. Günlər, həftələr ayırmaq lazım deyil bu iş üçün. Edilən səhv hər nə qədər böyük olursa olsun, insan verdiyi qərarla, Allahın ən çox razı qalacağı davranışı mənimsəməklə o səhvi də ortadan qaldırmış olar.

Allah Quranda, “sadiq bəndələrindən” başqa heç kimin xilas olmayacağını bildirmişdir (Hicr surəsi, 40). Səhv ediləndə o insanı Allaha ən çox yaxınlaşdıracaq davranış da səmimiyyətdir. Bir insan Allaha nə qədər təmiz, səmimi və dürüst şəkildə yönəlirsə, səhvini də o qədər yaxşı anlamış və o qədər dərindən peşman olmuş deməkdir. Əgər bu səhv o adamın Allah qarşısındakı acizliyini və Allaha möhtac olduğunu çox daha yaxşı qavramasına vəsilə olubsa, bu da o adamın səmimiyyətini göstərir. Səhvi üçün Allahdan qorxub-çəkinirsə, axirətdə bu rəftarına görə məsul olmaqdan qorxursa, aciz bir vəziyyətdə Allahın lütfünə və bağışlayıcılığına sığınırsa, Quran əxlaqına uyğun əxlaq göstərir. Belə bir insan, Allahın tövbəsini qəbul etməsi və özünü bağışlaması üçün qəlbən dua edər. Bir daha eyni səhvi təkrarlamamaq üçün Allaha səmimi olaraq söz verər.

Kim etdiyi (bu) haqsız əməldən sonra tövbə edib özünü islah edərsə, şübhəsiz, Allah onun tövbəsini qəbul edər. Həqiqətən, Allah bağışlayandır, rəhmlidir. (Maidə surəsi, 39)

Pis əməllər etdikdən sonra tövbə edib iman gətirənlərə gəldikdə, şübhəsiz ki, Rəbbin ondan (o tövbədən) sonra bağışlayandır, rəhmlidir. (Əraf surəsi, 153)

Möminlər çox həssas vicdana sahibdirlər. Vicdanlarına uyğun gəlməyən ən kiçik bir hərəkət belə çox böyük narahatlıq keçirmələrinə səbəb olar. Allahdan qorxduqları üçün, Allahın razı olmayacağı bir hərəkət etməmək üçün ciddi səy göstərərlər. Ancaq bu narahatlıqlarını yenə də Allaha sığınaraq, Quran əxlaqıyla hərəkət edərək ortadan qaldırarlar. Cahiliyyə insanlarında olduğu kimi narahat olduqları üçün depressiyaya girməzlər. Səhvlərini emosiyaları ilə dəyərləndirib, əziyyətə, pessimizmə ya da ümidsizliyə düşməzlər. Bu narahatlıq onlarda çox dərin və şiddətli peşmanlıq hissi meydana gətirər. Ancaq bu, “şeytandan” deyil, “rəhmandan” gələn bir peşmanlıqdır.

Bəzi cahil insanlar “peşmanlıq” deyiləndə, “insanın özünə qapanmalı, ətrafındakı insanlardan uzaqlaşmalı, günahkarlıq hissi ilə yaşamalı, depressiyaya girməli və həyatında bundan sonra həmişə bu səhvin əzabını çəkməli” olduğuna inanırlar. Bu “şeytani peşmanlıq” formasıdır. Və bu peşmanlıq o səhvin düzəlməsinə gətirib çıxarmır. Ancaq şirk əsaslı bir peşmanlıq yaşanır.

Cahil insanlar hər şeyi Allahın yaratdığını bilmədikləri və taleyə iman etmədikləri üçün həyatının sonuna qədər yaşadıqları peşmanlıq hissindən və günahkarlıq duyğusundan xilas ola bilməzlər. “Əgər belə etməsəydim bu gün bu vəziyyət də olmazdım”, “Bu adam mənə belə etməsəydi mən indi başqa bir yerdə olardım” kimi hal-hazırkı vəziyyətlərinə heç bir faydası olmayacaq fərziyyələr üzərində düşünüb, kədərlənərlər.

Allah insana ağıl, vicdan və mühakimə qabiliyyəti vermişdir. Səmimi olan hər insana bu xüsusiyyətlərin qapısı sonuna qədər açıqdır. Qəlbən iman edən, Allahdan qorxan bir insan etdiyi səhvdən sonra ağlı və vicdanı ilə hadisəni dəyərləndirər və əskik və qüsurlu olduğu tərəfləri görüb qavrayar. Qarşısına çıxan hər hadisədə əlindən gələni edərək Quran əxlaqına uyğun əxlaq göstərməyə çalışar. Allahın razı olmayacağı əxlaqdan çəkinməkdə çox qərarlıdır. Vicdanına fikir verər. Qurana uyğun olmayacağını gördüyü hər davranışdan Allaha sığınıb çəkinər.