Bakteriyalar çox ağıllı canlılardır. Onların heç bir insanın sahib olmadığı (Allah istəmədikcə) bacarıqları var. Yer üzündə demək olar ki, bir çox şey bakteriyaların əməyi və birgə çalışması ilə düzəlir. Onların faydalı xüsusiyyətləri saysızdır. Bakteriya deyiləndə ilk olaraq zərərli patogen (xəstəlik törədən) növlər düşünülür. Halbuki onların faydalarını saymaqla qurtarmaq olmur. Onlar, əslində, dünyaya infrastruktur xidməti göstərən, səssizcə və fədakarca işləyən işçilərdir.
Üstəlik onlar da öz aralarında əlaqə yaratmaq üçün bir-biriləri ilə danışırlar. Onların danışmasına, yəni bir-biriləri ilə əlaqə yaratmasına qısaca “QS” (Quorum Sensing) deyilir.
Bakteriyaların bu xüsusiyyətləri, yəni yetərsay olduqlarını hiss edərək (“QS”) bir-biriləri ilə əlaqə yaratmaları osminoq növü olan Havay mürəkkəb balığının (“Euprymna scolopes”) tədqiqi zamanı ilk dəfə 1960-cı illərdə təsbit edilmişdi.
Gecə vaxtı ova çıxan və qarnındakı işıqdan istifadə edən bu mürəkkəb balığı elm adamlarının diqqətini özünə çəkmişdi. Mürəkkəb balığında işığı əmələ gətirən orqanı araşdırdıqda burada “Vibrio fischeri” adlı bakteriya növü aşkar edilmişdi.
“Vibrio fischeri” mürəkkəb balığının içində özünə bir növ yaşayış yeri tapıb. Bakteriyalar mürəkkəb balığı ilə ortaq həyat sürür, bir tərəfdən onun bədənində yaşayır, digər tərəfdən ona işıq istehsal edirlər. Bakteriyanın mürəkkəb balığının içinə nə zaman yerləşdiyi məlum deyil, amma orada doğuşdan mövcud olmadığı, sonradan yerləşdiyi məlumdur.

