Təvəkküldəki sirlər

Təvəkkül qəti imanla yaşanar

Təvəkkül sadəcə güclü imanı olan və Allahın gücünü təqdir edən möminlərə xas olan xüsusiyyətdir. Dərk edənlər üçün təvəkküldə vacib sirlər var. Təvəkkül Allaha və yaratdığı taleyə təslimiyyət və güvən deməkdir. Allah, insanlar da daxil olmaqla, canlı–cansız bütün varlıqları tale ilə yaratmışdır. Məsələn, günəşin, ayın, dənizlərin, göllərin, ağacların, çiçəklərin, kiçik bir qarışqanın, budaqdan düşən bir yarpağın, stolunuzun üstündəki toz zərrəciyinin, yolda yeriyərkən ayağınıza dəyən daşın, aldığınız paltarın, soyuducunuzdakı meyvənin, ananızın, atanızın, qohumllarınızın, sinif yoldaşlarınızın, sizin, qısaca desək, hər kəsin və hər şeyin Allah Qatında milyonlarla il öncə müəyyən edilmiş taleyi vardır. Hər varlığın taleyi Allah Qatında “Lövhi–Məhfuz” adlı kitabda yazılmışdır. Kimin nə zaman öləcəyi, hansı yarpağın nə vaxt hansı sürətlə yerə düşəcəyi, soyuducunuzdakı meyvənin nə vaxt, haradan çürüməyə başlayacağı, daşın ayağınıza dəyənə qədər keçəcəyi mərhələlər, qısaca desək, böyük-kiçik hər hadisə bu kitabda qeyd olunmuşdur.

Möminlər taleyə iman gətirərlər və Allahın yaratdığı talenin ən xeyirlisi və ən gözəli olduğunu bilərlər. Buna görə də həyatının hər anında təvəkküllüdürlər. Yəni hadisələri Allahın müəyyən hikmətlə yaratdığını və şahid olduqları hadisə nə olursa olsun, Allahın bunda bir xeyir gördüyünü bilirlər. Məsələn, ölümcül xəstəliyə tutulmaq, çox güclü və amansız bir düşmən ordusu ilə qarşılaşmaq, günahsız olmasına baxmayaraq, iftiralara məruz qalmaq və ya insanın ağlına gələn ən ürküdücü hadisələr belə möminləri həyəcana və ya qorxuya salmaz. Onlar Allahın yaratdığı hər hadisəyə səbir edər və əzmlə gözləyərlər.

İman gətirməyən insanın dəhşətə və ümidsizliyə qapılacağı hadisələr qarşısında, iman edənlər böyük zövq alarlar. Çünki ən ürküdücü görüntülər və hadisələr belə Allah Qatında əvvəlcədən planlaşdırılmış və insanın imtahanı üçün yaradılmışdır. Bunları səbir və təvəkküllə qarşılayanlar Allaha və Onun yaratdığı taleyə təslim olub güvənənlər Allahın razılığını və sevgisini qazanacaqlar, əvəzində isə sonsuza qədər Cənnətdə yaşayacaqlar.

Beləliklə, möminlər həyatı boyu təvəkkülün rahatlığını və imanın sevincini yaşayarlar. Bu, Allahın möminlərə bildirdiyi sirdir. Allah Quranda təvəkkül edənləri sevdiyini bildirir.

…Allaha təvəkkül et. Əlbəttə, Allah təvəkkül edənləri sevər. (Ali İmran surəsi, 159)

Təvəkkül haqqında Quranda bildirilən başqa bir mövzu isə tədbir ilə əlaqədardır. Quranın bir çox ayəsində möminlərin müxtəlif vəziyyətdə tədbirləri bildirilir. Bununla belə, Allah tədbirlərin Onun yazdığını dəyişdirməyəcəyini, amma bunların ibadət olaraq qəbul ediləcəyini də başqa ayələrində insanlara sirr olaraq verir. Hz. Yaqubun oğullarına şəhərə girərkən tövsiyə etdiyi tədbirlər və bunun ardınca təvəkkülü xatırlatması buna nümunədir.

(Sonra Yaqub) dedi: “Ey oğullarım! (Şəhərə) eyni qapıdan deyil, ayrı-ayrı qapılardan girin! Yenə də Allahdan gələn heç bir şeyi mən sizdən dəf edə bilmərəm. Hökm yalnız Allahındır. Mən Ona təvəkkül etmişəm. Qoy təvəkkül edənlər də yalnız Ona təvəkkül etsinlər!” (Yusif surəsi, 67)

Hz. Yaqubun sözlərindən də göründüyü kimi möminlər hər məsələdə mütləq tədbir görürlər. Ancaq Allahın taleyində onlar üçün dilədiyini dəyişdirə bilməyəcəklərini bilirlər. Məsələn, bir insan yol-hərəkət qaydalarına diqqət yetirməli, avtomobilini təhlükəli şəkildə sürməməlidir. Bu, onun və digər insanların həyatı üçün vacib tədbir və ibadətdir. Ancaq Allah əgər bir insan üçün yol qəzasında ölməyi yazmışsa, heç bir tədbir onun ölümünə mane ola bilməz. Bəzən bir insanın aldığı xəbərdarlıq və ya etdiyi bir hərəkət onu ölümdən qurtarmış kimi görünə bilər və ya bir insan həyatında ani bir qərara gələrək həyatının gedişatını tamamilə dəyişə bilər, başqa birisi ölümcül bir xəstəliyə tutulduqda güc və iradə göstərərək xəstəliyə qalib gələ bilər. Ancaq bütün bunlar həmin insanların taleyində olduğu üçün belədir.

Bəzi insanlar bu cür hadisələri “Taleyinə qalib gəldi”, “Taleyini dəyişdirdi” kimi məntiqsiz və yanlış yozurlar. Halbuki heç bir insan, ən güclü və əzmli görünsə belə, Allahın onun və ya başqaları üçün yazdığı taleyi dəyişdirə bilməz. Heç bir insan bu gücə malik deyil. Əksinə, hər varlıq Allahın yaratdığı tale qarşısında acizdir. Sadəcə bir çoxları bunu qəbul etmək istəmir. Talenin varlığını inkar etmək də, əslində, onun taleyindədir.

Nəticə etibarilə xəstəlikdən və ya ölümdən xilas olan və ya həyatını tamamilə dəyişən insanların hamısı taleyində olduğu üçün bunları yaşayarlar. Allah bunu ayədə belə bildirir:

Yer üzündə baş verən və sizin başınıza gələn elə bir müsibət yoxdur ki, Biz onu yaratmazdan əvvəl bir kitabda (Lövhi-məhfuzda yazılmış) olmasın. Şübhəsiz ki, bu, Allah üçün asandır. (Allah bunları ona görə yazmışdır ki,) əlinizdən çıxanlara görə kədərlənməyəsiniz və Allahın sizə verdiklərinə görə sevinib qürrələnməyəsiniz. Allah özünü bəyənib qürrələnənləri sevməz. (Hədid surəsi, 22-23)

Allahın ayədə də bildirdiyi kimi insanın qarşılaşdığı hər hadisə Allah Qatındakı bir kitabda əvvəlcədən müəyyənləşdirilərək yazılmışdır. Allah bu səbəbdən insanın əlindən çıxana görə üzülməməsini söyləyir. Məsələn, böyük yanğında və ya ticarət həyatında bütün mal-mülkünü itirən bir insan bunu taleyində olduğu üçün yaşayır. Bunun qarşısını ala bilməz. Ona görə də onun kədərlənməsi də mənasızdır. Allah insanları taleyində yazdığı bir çox hadisə ilə qiymətləndirir. Bu hadisələrə təvəkkül edənlər Allahın razılığını və sevgisini qazanırlar. Təvəkkülsüz insanlar isə sıxıntı və narahatlıq yaşayırlar. Təvəkkülün insan üçün həm dünyada, həm də axirətdə böyük qazanc və rahatlıq olması aşkar həqiqətdir. Allah təvəkkül ilə bağlı sirləri möminlərə bildirərək onların üzərindən çətinlikləri götürmüş və onlar üçün dünya həyatındakı imtahanı asanlaşdırmışdır.