Müsəlmanın ən səciyyəvi xüsusiyyətlərindən biri də istənilən vəziyyətdə müsbət əhval-ruhiyyədə olmasıdır. Müsəlman hər şeydə xeyir görür, hikmət axtarır. Ən çətin anlarda belə heç vaxt ümidsiz olmur. Çünki hər şeyi Allahın yaratdığına, Onun “Ol” deməsi ilə istədiyi hər şeyi etməyə qadir olduğuna iman gətirir. Ortada mənfi kimi görünən vəziyyət varsa, bununla Allah tərəfindən imtahan olunduğunu dərk edir. Allahın o vəziyyəti yaratmasındaki xeyri, hikməti düşünür və dərhal “…Ola bilsin ki, sevmədiyiniz bir şey sizin üçün xeyirli, sevdiyiniz bir şey isə sizin üçün zərərli olsun. Allah bilir, siz isə (bunu) bilmirsiniz” (Bəqərə surəsi, 216) ayəsini xatırlayar. Belə ruh dərinliyinə sahib olan müsəlman üçün hər şey gözəlliyə çevrilir. Çətinlik də, sıxıntı da olsa, bunların hamısını ona verənin Allah olduğunu bilir. Allah müsəlmanların ən əziz dostu, köməkçisi, vəlisidir. İnsana dostundan gələn hər şey çox gözəldir, dəyərlidir. Allahın yaratdığı hər şeydə çoxlu xeyir və hikmət var.
Allah dünya həyatında Ona könüldən, şirk qoşmadan iman gətirənlərin ruhlarını cənnətə layiq olacaq şəkildə yetişdirir. Bu təlimin hər mərhələsi isə Allahın diləməsi ilə müsəlmanların cənnətə bir addım da yaxınlaşmasına vəsilə olur. Bu əxlaqla hərəkət edən müsəlman sadəcə çevrəsindəki hadisələri və ya öz vəziyyətini deyil, eyni zamanda öz əxlaqı inkişafını da dəyərləndirir. Əxlaqında ortaya çıxan əksikliklərə, davranışlarındakı yanlışlara da xeyir gözü ilə baxır. İman gətirmək səhvsiz olmaq demək deyil. Allah insanı aciz, qüsurlu və zəif yaradıb. Müsəlman da hər insan kimi səhv edir. Amma cahil insanlardan fərqi vicdanən doğrunu hiss edəndə, yaxud da özü hiss etməsə belə, biri tərəfindən xatırladılanda bilə-bilə yanlışına davam etməməsidir. Dərhal peşman olub, Allaha sığınıb tövbə etməsi və səhvindən dərs çıxarıb bir daha təkrarlamamağa niyyət etməsidir. Bu da müsəlmanın səmimiyyətinin bir göstəricisidir. Allah müsəlmanların səhv edəndə necə davranacaqlarını bizə belə bildirir:
“O kəslər ki, bir pis iş gördükdə, yaxud özlərinə zülm etdikdə Allahı xatırlayıb günahlarının bağışlanmasını diləyərlər, – günahları Allahdan başqa kim bağışlaya bilər? – onlar bilə-bilə etdiklərinə görə israr etməzlər.” (Ali İmran surəsi, 135)

