Təkəbbür hissi

İman gətirmək üçün hər şeydən əvvəl insanın ağlı və şüuru açıq olmalıdır

İman gətirmək üçün hər şeydən əvvəl insanın ağlı və şüuru açıq olmalıdır. Quranda iman gətirməyənlərin əsas xüsusiyyətlərindən biri kimi təkəbbür hissindən bəhs edilir. Bəs nə üçün təkəbbürlü insan ibadətlərini qəlbən yerinə yetirmir və uca Allahdan haqqı ilə qorxub çəkinmir?

İnsan uca Allahın yoxdan yaratdığı aciz quldur və həyatını davam etdirə bilmək üçün daima bir çox ehtiyacı vardır. İnsan hər an, hər saniyə, etdiyi hər işdə onu yoxdan var edən, sonsuz nemətlər lütf edən Allaha möhtacdır. İnsanın bu acizliyi Quranda belə bildirilir:

Ey insanlar! Siz Allaha möhtacsınız. Allah isə Zəngindir, Tərifəlayiqdir. (Fatir surəsi, 15)

Bu qədər aciz varlığın heç bir şeyə ehtiyacı olmadığını düşünməsi, özünü Allahdan müstəqil görməsi ağılsız davranışdır. Ancaq qəflət halındakı bəzi insanlar “… O inkar edənlər təkəbbür və nifaq içindədirlər” (Sad surəsi, 2) ayədə bildirildiyi kimi, bütün acizliklərinə baxmayaraq, nəfslərindəki qürur və təkəbbürə görə həyatının hər anında pis əxlaq göstərərək Allahı unudub təkəbbürlənirlər. Nəticə etibarilə, həm bu dünyada, həm də axirətdə peşman olanlardan olurlar.

İnsanlar içərisində eləsi də vardır ki, heç bir biliyi, doğru yolu göstərən rəhbəri və nur saçan bir kitabı olmadan Allah haqqında mübahisə edir. O, başını (təkəbbürlə) o yan bu yana çevirir ki, (insanları) Allahın yolundan sapdırsın. O, bu dünyada rüsvay olacaq, Qiyamət günü isə Biz ona Cəhənnəm məşəqqətini nəsib edəcəyik. (Həcc surəsi, 8-9)

Ayədə də bildirildiyi kimi, peşman olanların təkəbbür hissi bir çox yanlış hərəkətlərə səbəb ola bilər. Bunları belə ümumiləşdirə bilərik:

  • Qürur hissi taleyə təslim olmağa mane olur

Qürurlu insanlar özlərini çox bəyəndikəri və hər kəsdən üstün gördükləri üçün öz ağıllarına görə müəyyənləşdirdikləri prinsiplər əsasında hərəkət edirlər. Buna görə də, həyatındakı hər hadisənin özlərinin qurduqları plan əsasında cərəyan etdiyini zənn edirlər. Onlara görə istək və arzularında hər hansı xəta varsa bunun səbəbi keçmişdəki təcrübəsizlikdən irəli gəlir.

Bu vəziyyəti “indiki ağlım olsaydı” və ya “kaş ki” kimi ifadələrlə dilə gətirərək hal-hazırkı ağıllarını bəyəndiklərini bildirirlər. İndiki ağılları olsa keçmişdəki xətalarını yaşamayacaqlarını güman edirlər.

Ancaq bu vəziyyət onların təkəbbürlərindən irəli gəlir və uca Allahın yaratdığı taleyə təslim olmaqdan qafil olduqlarını göstərir. Özlərini uca Allaha şirk qoşan bu insanlar həyatını idarə etmək gücünün əllərində olmadığını və keçmişdə olduğu kimi indi və gələcəkdə də Rəbbimizin müəyyən etdiyi taleyi yaşadıqlarını qəbul etmək istəmirlər. Halbuki, düşdükləri bu vəziyyət çox alçaldıcıdır. Çünki yer üzündə hər şeyin öz idarəsi altında olduğunu zənn edərək qürurlanan bu insanlar cəhənnəmə boyun əyərək girəcəklər. Rəbbimiz qürurlu insanların düşdükləri bu vəziyyəti belə xəbər verir:

Rəbbiniz dedi: “Mənə dua edin, Mən də sizə cavab verim. Həqiqətən, Mənə ibadət etməyə təkəbbür göstərənlər Cəhənnəmə zəlil olaraq girəcəklər”. (Ğafir surəsi, 60)

  • Qürur hissi razı olmağa mane olur

Təkəbbürlü insanlar hər şeyin ən yaxşısına sadəcə özlərinin layiq olduğunu düşünürlər. Əgər ətrafdakı insanlar özlərindən daha gözəl, varlı və ya müvəffəqiyyətlidirlərsə, bundan narahat olar və qısqanclıq hissi keçirirlər. Halbuki, uca Allah qullarına bütün xüsusiyyətlərdən istədiyi qədərini vermişdir. İnsanların başqasının malik olduğuna paxıllıq etməsi isə çox alçaldıcı vəziyyətdir və bu insanın dünyaya duyduğu ehtirasın bir göstəricisidir. İnsana düşən uca Allahın qullarına bəxş etdiyi nemətləri qısqanmaq yerinə, Rəbbimizin bəxş etdiyi nemətlər haqqında düşünüb şükür etməkdir. Çünki şükür etmək “Siz Məni yad edin ki, Mən də sizi yad edim! Mənə şükür edin, Məni inkar etməyin!” (Bəqərə surəsi, 152) ayəsi ilə xəbər verildiyi kimi, Allahın razı olacağına ümid edilən bir ibadətdir.

  • Qürur həqiqi sevgiyə mane olur

Qürurlu insanlar uca Allahın bəxş etdiyi ən gözəl nemət olan və imandan yaranan həqiqi sevgini heç vaxt yaşaya bilmirlər. Çünki həqiqi sevgi fədakarlıq tələb edir. Bu insanlar ən çox özlərini sevdikləri üçün fədakarlıq etməyi, başqalarını sevməyi heç düşünmürlər. Əksinə, hər zaman sevilən, maraq dairəsində olan, şəxsi xüsusiyyətləri ön plana çıxarılıb təriflənən insan olmaq istəyirlər.

İmanda dərinləşən möminlər isə cənnətdə sonsuza qədər yaşayacaqları həqiqi sevgini “İman gətirib yaxşı işlər görənlər üçün Rəhman bir sevgi yaradacaq” (Məryəm surəsi, 96) ayəsi ilə bildirdiyi kimi, Allahın izni ilə dünya həyatında yaşamağa başlayırlar. Uca Allaha, peyğəmbərimiz Hz. Məhəmməd ilə birlikdə bütün peyğəmbərlərə və bir-birlərinə böyük sevgi və sədaqətlə bağlıdırlar. Buna görə də canları və malları ilə Allah yolunda olan möminləri və elçini dəstəkləyirlər. Haqq dinin və gözəl əxlaqın insanlar arasında yayılması üçün ixlasla hərəkət edir, yaşadıqları sıxıntılarla heç vaxt öyünmür, insanlar arasında etibar qazanmağa çalışmırlar. Kamil iman sahibləri göstərdikləri gözəl davranışların sadəcə uca Allahın bilməsinin kifayət etdiyini bilirlər. Və bunu Rabbimizin rəhmətinə vasitə kimi dəyərləndirirlər.

  • Qürur hissi xətalı olduğunu etiraf etməkdən çəkindirir

Təkəbbürlü insanların bütün hərəkət və düşüncələri insanların gözündə dəyər qazanıb üstün olmağa əsaslanır. Buna görə də qürurlu insanlar xəta etməkdən çox qorxurlar. Çünki səhv edərkən insanların gözündə qazandıqları dəyəri itirəcəklərindən çəkinirlər. Özlərini hər cür xətadan uzaq tutmağa çalışır, heç bir xətanı özlərinə yaraşdırmır və qəbul etmirlər. Heç vaxt xəta etməyəcəklərini düşündüklərindən uca Allahın çox böyük nemət olaraq verdiyi tövbə ibadətindən məhrum qalırlar. Quran ayəsində bu belə buyurulur:

…Əgər onlar özlərinə zülm etdikləri zaman sənin yanına gəlib Allahdan bağışlanma diləsəydilər və Peyğəmbər də onlar üçün bağışlanma diləsəydi, əlbəttə ki, Allahın tövbələri qəbul edən və Rəhimli olduğunu görərdilər. (Nisa surəsi, 64)

Bu insanlar səhvlərini görmədikləri, nəfislərini tənqid etmədikləri üçün özlərini düzəltməyə ehtiyac duymur, haqqı və gözəl olanı tapmağa cəhd etmirlər. Qurduqları kiçik dünyada səhvləri, xətaları ilə yaşamağı qəbul edərək dəlalətə doğru addımlayırlar. Çünki yaxşı və gözəl olan, özlərini xoşbəxt edəcək imanın gözəlliklərini – vicdanları qəbul etdikləri halda – sırf qürurlarına görə qəbul etmirlər.

  • Qürur gözəl sözə tabe olmaqdan çəkindirir

Uca Allah insanlara “Qoy sizin içərinizdən xeyirə çağıran, yaxşı işlər görməyi buyuran və pis əməlləri qadağan edən bir camaat çıxsın. Məhz onlar nicata qovuşanlardır”. (Ali İmran surəsi, 104) ayədə bildirildiyi kimi yaxşılığı əmr edib, pislikdən çəkindirməyi əmr etmişdir. Möminlər bu ayənin hökmünə tabe olub, qardaşlarının səhvlərini düzəltməklə məsuliyyət daşıyırlar. Qürurlu insanlar isə tənqid kimi qəbul etdikləri üçün bu vəziyyəti heç bəyənmirlər. Çünki onlar hər zaman ən üstün əxlaqlı insanların özləri olduqlarını düşünürlər. Allah isə “…Biz istədiyimiz kəsi dərəcə-dərəcə yüksəldirik. Hər bilik sahibindən də üstün bir bilən vardır”. (Yusif surəsi, 76) ayəsi ilə insanları bu xətalı düşüncədən çəkindirmişdir.

  • Qürur səmimiyyətdən çəkindirir

Qürurlu insanlar heç vaxt həqiqi şəxsiyyətlərini büruzə vermirlər. Çünki hədəfləri daima hər kəsin təqdirini toplayaraq yaxşı insan modeli formalaşdırmaq, bu modellə insanların razılığını qazanaraq təriflənməkdir. Belə insanlar gözəl əxlaqlı, təqva sahibi, imanlı və ağıllı tanınmaq üçün daima diqqətlidirlər. Bu davranış özlərini sıxmalarına, baxışlarının donuqlaşmasına, üzlərinin heykəl kimi mənasız olmasına səbəb olur və dərin imanın gətirdiyi həqiqi səmimiyyəti yaşamalarının qarşısını alır. Çünki hər an xətaları, çatışmazlıqlarına görə ələ salınmaqdan qorxur, insanlara qarşı hər zaman məsafəli davranırlar. Həm özləri səmimi davranmır, həm də baxışları ilə qarşısındakı insanın onunla səmimi davranmasına mane olurlar. Bu səmimiyyətsiz davranışlarını imani kamilliyə malik insanlar dərhal hiss etdikləri halda, ətrafdakı insanlardan müəyyən qədər gizlədə bilirlər. Ancaq uca Allahdan əsla gizlədə bilməzlər. Rəbbimiz bu insanların səmimiyyətdən uzaq, insanlara göstəriş üçün etdikləri ibadətlərin qəbul olunmadığını belə xəbər verir:

Vay halına namaz qılanların -o şəxslərin ki, onlar namazlarında səhlənkardırlar. Onlar riyakadırlar. (Maun surəsi, 4-6)

  • Qürur hissi imanın gətirdiyi geniş düşüncə tərzi və dərin düşünməkdən çəkindirir

Ağlı örtən, gözləri kor edən təkəbbür hissi insanları dünya ilə məhdudlaşan çox bəsit həyata məhkum edir. Bu insanlar ancaq öz haqlarını qorumağı, öz doğrularını yaşamağı, Quran əxlaqından uzaq öz qaydalarını tətbiq etməyi hədəfləyirlər. Buna görə də ətrafdakı gözəl insanların əxlaqlarını görə bilmir, onları nümunə götürmür, bununla yanaşı ətrafda və dünyada baş verən hadisələrlə maraqlanmırlar. Halbuki, möminlər Allahın razılığını qazanmaq üçün özlərini hazırlayır, ibadətlərini əksiksiz yerinə yetirir, dünyadakı haqları tapdalanan zəif insanları qorumaqla məsuliyyət daşıdıqlarını da bilirlər. Dünyada əzilən, haqsızlığa məruz qalan insanların qalmaması üçün Quran əxlaqının dünyaya hakim olmasının zəruri olduğunu bilir və bu məqsədlə də ciddi şəkildə fikri mübarizə aparırlar.

Təkəbbürlü olmaq imanın qarşısındakı ən böyük maneədir, çünki “Ayələrimizə ancaq o kəslər iman gətirirlər ki, ayələrimiz onlara xatırlanarkən təkəbbür göstərmədən səcdəyə qapanır, Rəbbinə həmd-səna ilə təriflər deyirlər” (Səcdə surəsi, 15) ayəsində, imanının ən açıq göstəricilərindən birinin təkəbbürlənməkdən çəkinmək olduğu bildirilmişdir.

Quran əxlaqı insana uca Allaha təslimiyyəti öyrədir, bununla yanaşı insanın nə qədər aciz olduğunu göstərir. Hər şeyin Allaha aid olduğunu, Allaha möhtac olduğunu bilən möminlər imanın qazandırdığı əliaçıq, fədakar, səbirli, anlayışlı, mərhəmətli, qərarlı, vəfalı və bunun kimi bir çox üstün əxlaq xüsusiyyətlərinə sahib olurlar. Allahın rizasını qazanmaq eşqi və şövqü ilə daima gözəlliklər və yeniliklər haqqında düşünürlər. Allah qorxularından yaranan gözəl əxlaqları sayəsində ətrafdakı insanlarla da çox gözəl münasibətlər və dostluqlar qururlar. Məqam, mövqe kimi dünya istəklərinin arxasına düşərək hər cür yola əl atan insanların əksinə, qısqanclıq və ixtilafdan uzaq olurlar. Əməklərinin qarşılığı dünya həyatında nə olursa-olsun, buna görə sıxıntı çəkmir, uca Allahdan Onun rizası və cənnətini ümid etməyin hüzur və xoşbəxtliyini yaşayırlar. Rəbbimiz imanın gözəlliklərini yaşayan möminləri belə müjdələyir:

“Ey rahatlıq tapan nəfs (insan)! Sən Rəbbindən, Rəbbin də səndən razı qalmış halda Ona dön! Beləcə, (yaxşı) bəndələrimin arasına daxil ol, və cənnətimə gir!” (Fəcr surəsi, 27-30)