Belə bir sualı verən adam yəqin ki, dünyada bir-birindən fərqli ideologiyaları, çox fərqli dünya görüşləri və həyat tərzləri olduğunu və möminlərin getdiyi yolun da bu minlərlə fərqli yoldan biri olduğunu düşünürlər. Bu halda, niyə bütün digər ideologiya və sistemləri bir kənara qoyub möminlərin yolu ilə getməli olduğunu anlamır. Halbuki bu perspektiv böyük bir səhvə əsaslanır.
İlk növbədə bunu demək lazımdır. Möminlərin getdiyi yoldan başqa bütün sistemlər, ideologiyalar, ictimai nizamlar, fəlsəfələr və ya həyat tərzləri insanlar və ya insan cəmiyyətləri tərəfindən yaradılmışdır. Bu ideologiya və sistemlərə bağlı olanlar, onları çıxaran insanların və ya cəmiyyətlərin həqiqəti tapmaq qabiliyyətinə malik olduğunu qəbul edirlər.
Məsələn, bir marksist, Karl Marksın bütün dünyanın sirlərini açmış, yaxud ən azından onların həllinə yol açmış bir “dahi” olduğunu və Marksın ardınca getməklə həqiqəti tapa biləcəyini düşünür. Cəmiyyətin tarix boyu yaratdığı adət-ənənələrə əməl etməyi həqiqəti tapmağın ən yaxşı yolu olduğunu düşünənlər, bu cəmiyyətin, daha doğrusu, onun əcdadlarının “yol göstərici” olmaq üçün ağıl, bilik və düşüncə gücünə malik olduğunu düşünürlər.
Halbuki, bu “yol göstəricilər”in heç biri insanları haqqa yönəltmək qabiliyyətinə malik deyildir. Çünki son nəticədə bu yol göstəriciləri yaradan insan ağlıdır. İnsan ağlı isə çox yetərsiz, natamam, zəif və məhdud bir yol göstəricidir. İnsan kainatda mövcud olan biliklərin milyardda birinə belə çata bilməz. Çox şeyi həll etməyə gücü çatmır.
Məsələn, tarixin əvvəlindən insanları ən çox düşündürən sualı, “ölümdən sonra nə baş verir?” sualını, Allahın Quranda bildirdiyi həqiqətləri oxumadan həll etmək qabiliyyəti yoxdur. İnsanlar bir cəmiyyət təşkil etdiyi zaman yenə insan ağlının gücü artmaz. Kainatdakı sonsuz elm qarşısında nə qədər ağıl toplasanız da, nəticə yenə də “sıfır”dır.
Ona görə də, insan ağlının Allahın diləməsi xaricində mütləq həqiqəti əldə edə biləcəyini düşünmək tamamilə əsassız bir fərziyyə və “zənn”dir. Bu məsələ Quranda tez-tez vurğulanır və bütün inkarçıların ortaq xüsusiyyət olaraq “zənnə qapıldıqları” belə bildirilir:
Əgər yer üzündəkilərin çoxuna tabe olsan, onlar səni Allahın yolundan azdırarlar. Onlar ancaq zənnə uyar və yalan danışarlar. (Ənam surəsi, 116)
Məsələn, həyatın yalnız bu dünyadan ibarət olduğunu, ölümün xüsusi olaraq yaradılmadığını, maddə əlaqələrinin təsadüf nəticəsi olduğunu iddia edən materialistlər də, məhz bunu edirlər, yəni zənnə qapılırlar. Quranda bu cür insanların vəziyyəti bu şəkildə vurğulanır:
Onlar: “Dünya həyatımızdan başqa heç bir həyat yoxdur. Ölürük və doğuluruq. Bizi yalnız zaman öldürür”, – dedilər. Bu barədə onların heç bir məlumatı yoxdur. Onlar ancaq belə zənn edirlər. (Casiyə surəsi, 24)
Cahiliyyə cəmiyyətinin digər üzvləri də əcdadlarından miras qalan batil fikir və inanclara kor-koranə bağlanır və onları “yol göstərici” kimi qəbul edirlər. Halbuki bütün bunlar daha çox şayiələrdən, toplu şəkildə əldə edilmiş vərdişlərdən, kor-koranə əməl edilən müxtəlif qaydalardan və şüuraltına yerləşdirilmiş təlqinlərdən ibarətdir.
Bu sistemdə ağıl və məntiq heç istifadə edilmir. Cahiliyyə cəmiyyətinin əksəriyyətinin izlədiyi həyat tərzi və anlayışı budur. Quranda Allahın əmrlərinə baxmayaraq atalarına kor-koranə tabe olanlara diqqət çəkilərək, onların “kar, lal və kor” olduqları və düşünmə qabiliyyətlərinin olmadığı bildirilir:
Onlara: “Allahın nazil etdiyinə tabe olun!” – deyiləndə onlar: “Xeyr, biz atalarımızın yolunu izləyirik!” – deyərlər. Bəs, əgər ataları bir şey anlamayıb doğru yolda deyildilərsə necə?! İnkar edənlərin halı çığırtı və bağırtıdan başqa heç nə eşitməyənləri qışqıraraq səsləyən kimsənin halına bənzəyir. Onlar kar, lal və kordurlar. Buna görə də onlar dərk etməzlər. (Bəqərə surəsi, 170-171)
Əcdadlara tabe olmaq, ideoloqlara bağlanmaq kimi, “zənnə uymaq”dır və insanı doğru yola aparmır. Quranda bir kitab olmadan əcdadlarına inadla bağlananların azğın yolda olduqları bildirilir:
Yoxsa bundan əvvəl onlara bir kitab vermişik və onlar ona istinad edirlər?! Xeyr! Onlar: “Biz atalarımızın bir din üzərində olduqlarını gördük. Biz də onların izindən gedirik”, – deyirlər. Səndən əvvəl də hansı məmləkətə xəbərdarlıq edən bir elçi göndərmişiksə, oranın zəngin sakinləri yalnız: “Biz atalarımızın bir din üzərində olduqlarını gördük. Biz də onların izindən gedirik”, – dedilər. (Hər bir elçi öz qövmünə:) “Əgər sizə atalarınızdan gördüyünüz dindən daha doğrusunu gətirmişəmsə, onda necə?!” – demişdi. Onlar isə: “Biz sizinlə göndərilənləri inkar edirik”, – demişdilər. (Zuxruf surəsi, 21-24)
Buna görə də ağıllı insan; nə bir ideoloqun, nə əcdadlarının, nə də “yer üzündə olanların əksəriyyətinin” ağlına etibar etməz. Güvənə biləcəyi yeganə yol göstərici, bütün kainatın elminə və daha çoxuna sahib, sonsuz ağıl və sonsuz qüdrət sahibi olan Allahdır. Quranda Allahın ən çox bəhs edilən sifətlərindən biri də “Rəbb”dir. Rəbb “yol göstərən, tərbiyə edən, hökm edən” deməkdir.
Allahdan başqa varlıqları hidayət rəhbəri kimi tanımaq, onları Rəbb olaraq qəbul etmək və ilahiləşdirmək deməkdir. Aciz varlıqları Allaha “şərik qoşmaq” olaraq tanıdacaq bu rəftar tam bir axmaqlıqdır. Quranda bu vəziyyətdə olan insanlar belə təsvir edilir:
Ey insanlar! Bir məsəl çəkildi. Elə isə onu dinləyin! Həqiqətən, Allahı qoyub dua etdiyiniz şeylər bir yerə yığışsalar da, bir milçək belə yarada bilməzlər. Əgər milçək onlardan bir şey alıb aparsa, onu geri ala bilməzlər. İstəyən də, istənilən də (müşriklər də, bütlər də) aciz qaldı. (Həcc surəsi, 73)
Ayədə bildirildiyi kimi, yol göstərməsini istənilən də, yol göstərici olaraq qəbul edənlər də aciz, gücsüz insandır. Başqa bir ayədə də eyni vəziyyət belə açıqlanır:
Onlar özlərinə yardım ediləcəyini umaraq Allahdan başqa ilahlar qəbul etdilər. (Bu bütlərin) onlara yardım etməyə gücləri çatmaz. Halbuki onlar özləri bütlər üçün hazır durmuş əsgərlərdir. (Yasin surəsi, 74-75)
Şübhəsiz ki, belə bir məntiq, yəni “zənn”ə əsaslanan sistem tamamilə səhv, batil və boş sistemdir. Yalnız Allaha itaət edilməyə və Rəbb olaraq tanınmağa layiqdir. Rəbbimiz Yunis surəsində belə buyurur:
De: “Qoşduğunuz şəriklərin arasında haqq yola yönəldən biri varmı?” De: “Allah haqq yola yönəldir. Elə isə doğru yola yönəldənmi tabe olunmağa daha çox layiqdir, yoxsa doğru yol göstərilməyincə doğru yolu tapa bilməyənmi? Sizə nə olub? Siz necə hökm verirsiniz?” (Yunis surəsi, 35)
Bütün bu izahlardan sonra mövzunun başlığı olan “hamı haqsızdır, yalnız inananlarmı haqlıdır?” sualına belə cavab verə bilərik: Allaha inanmayan, Allahın varlığını bilsə də Onun sonsuz qüdrətini təqdir edə bilməyən, Ona təslim olmayan hər kəs, şübhəsiz ki, səhv yoldadır; Allahdan qorxan və yalnız Onun rizasını istəyənlərin yolu doğrudur.
Çünki yalnız möminlər Allahdan gələn “hidayət”ə, yəni Qurana və Allahın elçisinə tabe olurlar. Buna görə də, Quran və Peyğəmbərimizin səhih hədisləri yer üzündə yeganə yol göstəricidir. Bu həqiqət ayələrdə belə bildirilir:
Şübhəsiz ki, bu Quran ən doğru yola yönəldir və yaxşı işlər görən möminləri böyük bir mükafat ilə müjdələyir. (İsra surəsi, 9)
“…Ramazan ayı insanlara doğru yolu göstərən və içində haqqı batildən ayırmanın açıq dəlilləri olan Quranın nazil edildiyi aydır… (Bəqərə surəsi, 185)
Şübhəsiz ki, bütün bunları deməklə, möminlərin heç vaxt səhv etmədikləri nəzərdə tutulmur. Əksinə, hər bir insan mütləq səhv edər. Halbuki möminlərin bağlı olduğu “yol göstərici”də, yəni Quranda heç bir səhv, xəta, əksiklik və təhrif qətiyyən yoxdur. Möminlərin yeganə səhvi, Qurana tabe olmaqda göstərdikləri əksikliklərdir. Ancaq səhvlərində inad etməzlər və səhvləri görən kimi düzəldərlər.

