İnsanların böyük əksəriyyəti taleni bilirlər, ancaq tale haqqında yanlış anlayışları var. Məsələn, sadəcə insanın saç rəngi, boyunun uzunluğu, ata-anasının kim olacağı kimi müəyyən şeylərin insanın taleyində olduğunu düşünür, digər məsələlərdə isə əgər çox çalışıb, səy göstərsələr, taleyini dəyişdirə biləcəklərini zənn edirlər. Halbuki, həqiqət budur: Bir insanın hər anı, bütün həyatı, həyatı boyu başına gələn və gələcək hər hadisə, hər söhbət, hər baxış, hər səs taleyindədir. Məsələn, hal-hazırda, bu sətirləri oxuyan insanın taleyində bu günün bu saatında bu sətirləri oxumaq mövcuddur. Allah bu anı hələ siz yaradılmadan milyon illər əvvəl də bilir. Bəlkə bu yazını oxuyana qədər insanın başına bir çox hadisə gəlib. Məsələn, elə oxumağa başlayacağı an qapının zəngi çalınıb və bir dostu gəlib. Beləliklə, yazını oxuması üç saat sonraya qalıb. Əlinə telefonu aldığı an qapının zənginin çalınması, qapını açdıqda dostunun gülər üzü, salam verməsi, yazının oxunmasının üç saat sonraya qalması siz bunları yaşamadan əvvəl Allahın hafizəsində, sizin, dostunuzun və bu yazının taleyində müəyyən olunmuşdur. Allah bir ayədə belə bildirir:
Sən nə iş görsən, Qurandan nə oxusan, nə iş görsəniz, onlara daldığınız zaman Biz sizə şahid olarıq. Yerdə və göydə zərrə qədər bir şey sənin Rəbbindən gizli qalmaz. Ondan daha böyük, daha kiçik elə bir şey də yoxdur ki, açıq-aydın kitabda olmasın! (Yunis surəsi, 61)
İnsan zaman və məkandan asılıdır. Bizim üçün keçmiş, indi və gələcək olan Allah qatında bir andan ibarətdir. Məsələn, növbəti ad günümüz bizim üçün gələcəkdir. Əslində isə, həmin an Allah qatında olub bitib, Allah o anı bilir. Yəni bizim növbəti ad günümüzdə nə geyinəcəyimizi, kimlərlə birlikdə olacağımızı, həmin gün nə edəcəyimizi Allah hal-hazırda bilir. İki il sonra, üç il sonra, on il, qırx il sonra nə edəcəyimizi də Allah hal-hazırda ən incə təfərrüatına qədər bilir.
Allah bir insanın həyatının bütün günlərini, hətta bütün dəqiqələrini, saniyələrini bir an olaraq bildiyi kimi, kainat mövcud olduğundan bəri yaşamış milyardlarla insanın və bundan sonra yaşayacaq bütün insanların həyatının hər saniyəsinə hakimdir. Allah sonsuz uzun zamanı sonsuz qısa zamanın içində, yəni bir anda yaratmışdır.
İnsanın Allahın sonsuz elmini dərk etməsi və öz taleyini izlədiyini bilməsi isə onun üçün böyük nemət və asanlıqdır. Səmimi iman gətirən, Allaha səmimi təslim olan bir mömin yaradılmış taleyini ibrət alaraq, şövqlə, şükürlə və hər an dərin düşünərək, kreslosunda oturub bir filmə baxan insan kimi rahatlıqla, təslimiyyətlə izləyər.
Allahın hər şeyi tale ilə yaratması ən böyük nemətlərdən biridir. Tale insanlar üçün çox böyük bir rahatlıqdır. Taleyə iman edən bir insan həyatı boyunca yaşadığı və yaşayacağı hər hadisənin Allahın taleyində yaratdığını bilərək bunun rahatlığını və mənəvi hüzurunu yaşayar.
Taleyə təslim olan insan rahatdır, çünki sabahından narahat deyildir. Sabah nə olacağını düşünüb narahat olmaz və sıxıntı çəkməz. Çünki, Allahın sabahı onun üçün ən xeyirli şəkildə yaradacağını bilir.
Taleyə inanan insan keçmişində etdiyi səhvlərinə görə də bədbin olmaz. Çünki keçmişdə o xətaları Allahın onun üçün yaratdığı tale çərçivəsində etdiyini bilir, bunun xeyir və hikmətləri haqqında düşünür. Peşmançılıq duyub tövbə edər, eyni səhvləri təkrarlamamağa cəhd göstərər. Taleyində Allahın həmin səhvlərini düzəltməsi, tövbə etməsi üçün bir çox hikmət və gözəlliklə yaratdığını bilir.
Taleyə inanan insan ölüm anının da taleyində olduğunu, Allahın dilədiyi vaxtda, dilədiyi yerdə və formada canını alacağını bilir. Allahın canını almaq üçün təqdir etdiyi zaman gəldiyində heç bir kəsin və heç bir şeyin onu qoruya bilməyəcəyini bilir. Bunun üçün təvəkküllüdür. Allaha inanıb dərin iman etdiyi üçün axirətdə sonsuz gözəl həyatla qarşılaşacağı ümidindədir. Allahın rizasına uyğun yaşamağın və taleyə iman edərək həyat sürməyin gətirdiyi vicdan rahatlığı duyar.

