Yer üzündə Allahın möminlərə yaşatdığı imtahanın çox əhəmiyyətli bir sirri var. Bu sirdən agah olan möminlər qarşılaşdıqları çətinliklərə böyük şövq və sevinclə səbir göstərirlər. Bu sirrin əsasında “tale” həqiqəti dayanır. Müsəlman Allahın hər şeyi bir tale üzrə yaratdığını və başına gələnlərin yalnız Allahın diləməsi ilə baş verdiyini bilir. İnsanların həyatında yaşadıqları hər hadisəni yaradan Allahdır. “Ənam” surəsində yer üzündə baş verən kiçik-böyük bütün hadisələrin Allahın diləməsi ilə reallaşdığı belə ifadə edilir:
Qeybin açarları Onun yanındadır, Onları yalnız O bilir. O, quruda və dənizdə nələr olduğunu bilir. Onun xəbəri olmadan yerə düşən bir yarpaq belə yoxdur. Yerin qaranlıqlarında elə bir toxum, elə bir yaş və elə bir quru (şey) yoxdur ki, açıq-aydın Yazıda (Lövhi-Məhfuzda) olmasın. (Ənam surəsi, 59)
İnsan zamandan asılı yaşayan və hadisələri yalnız yaşadığı andan baxaraq qiymətləndirən varlıqdır. Beləliklə, insan gələcəyi bilmədiyi üçün qarşılaşdığı hadisələrdəki hikmətləri, gözəllikləri və xeyirləri də hər zaman görə bilmir. Lakin zamandan münəzzəh olan və zamanı yaradan Allah, bütün varlıqların həyatını “zamanın xaricindən” görə bilir. Bu məqamda qarşımıza çıxan da məhz tale həqiqətidir. Tale Allahın keçmiş və gələcək bütün hadisələri tək bir anda bilməsidir. Yəni “sonu bilinməyən hadisələr” yalnız bizim üçün “naməlum”dur. Allah bizim bilmədiyimiz bu hadisələrdən agahdır.
Buna görə də insanın imtahanı əvvəli və sonu məlum olan imtahandır. Keçmiş, gələcək və hal-hazırda yaşadığımız an Allah Qatında birdir, hamısı olub bitmişdir. Biz isə bu hadisələri ancaq zamanı gələndə yaşayaraq öyrənirik.
Beləliklə, bu “tale elmi” inkarçıların agah ola bilmədikləri böyük elmdir. Müsəlmanların dünya və axirət həyatındakı bütün çətinliklərə və sınaqlara səbir göstərmələrinə səbəb olan da bu elmdir. İman gətirənlər “Allahın izni olmadan (heç kəsə) bir müsibət üz verməz. Hər kəs Allaha iman gətirsə, Allah onun qəlbini haqqa yönəldər. Allah hər şeyi bilir.” (Təğabun surəsi, 11) ayəsində də bildirildiyi kimi, başlarına gələn hər şeyin tale üzrə reallaşdığını bildiklərinə görə bunun rahatlığını və hüzurunu yaşayırlar.
Möminlərin imtahanı Allahdan rəhmət olaraq çox asan yaradılmışdır. Lakin bu asanlıq yalnız səmimi iman gətirən və taleyə təvəkkül edənlər üçündür. Haqqı ilə iman gətirən, səmimiyyətlə Allaha təslim olan müsəlman qarşılaşdığı hadisələrin durmadan dəyişməsini ibrət, həyəcan, şükür və təfəkkürlə seyr edir. Kresloya oturub filmi izləyən insan kimi onun üçün hazırlanmış taleyi rahat və sevinclə izləyir. Bəzən hərəkətli, bəzən ürküdücü, bəzən nəfsə xoş gələn, bəzən sakit kimi görünən hadisələrin hamısında mömin üçün iman zövqü və həyəcanı vardır. Ürküdücü epizodlar onun üçün xüsusi hazırlanmış görüntülərdir. Ən incə xüsusiyyətinə qədər planlanıb. Nəticə etibarilə, bunların hamısı Allahın məlumatı daxilində və Onun idarəsindədir.
Tale həqiqətini bilən və imtahanın bu sirrini qavrayan müsəlman başına gələn hər cür müsibəti, aclığı ya da yoxsulluğu nemət kimi görür və bunlardan çox böyük zövq alır. Çünki bu sınaqlar qarşısında göstərdiyi gözəl əxlaqın Allah Qatında çox qiymətli olduğunu bilir. Bu, möminlərə xas xüsusiyyətdir. Müsəlmanlar bu cür çətinliklər qarşısında kədər, stress, acı, narahatlıq, qorxu kimi duyğular yaşamırlar. Çünki Allahın xeyir-şər kimi görünən bütün hadisələri müsəlmanların lehinə yönəldəcəyini bilirlər. Allah möminlərə, “Allah heç vaxt kafirlərə möminlərin əleyhinə olan bir yol göstərməz!” (Nisa surəsi, 141) ayəsi ilə xəbər vermişdi.
Ancaq burada bir şey səhv başa düşülməməlidir: Möminlər dünyada hər cür çətinlik və sıxıntılarla qarşılaşa bilər. Mallarını itirə, fiziki olaraq zəifləyə, xəstələnə, yaxud da yaralana bilər, hətta ölə və öldürülə bilərlər. Ancaq bunların heç biri müsəlmanlar üçün “şər” deyil. Allah bunlarla iman gətirən qullarını sınaqdan keçirir və göstərdikləri səbrin əvəzini də həm dünyada, həm də axirətdə qat-qat verir. Müsəlmanlar bu qısa imtahan nəticəsində sonsuz cənnət həyatı ilə mükafatlandırılırlar.
Buna görə də bu əhəmiyyətli həqiqəti dərk edən müsəlmanlar çətinliklərlə qarşılaşdıqda şövqlənirlər. Möminlərin bu şövqləri eyni zamanda inkar edənlərin qurduqları tələləri puça çıxaran və onların qalib gəlməsinə mane olan bir vəziyyətdir. İnkarçılar möminləri çətin vəziyyətdə buraxdıqlarını zənn etdikləri anlarda onlardakı bu sevinc və şövqü görərək əsla zərər verə bilməyəcəklərini də başa düşürlər. Üstəlik, müsəlmanların çətinlik anlarında dedikləri gözəl sözlər da onların yaşadıqları təslimiyyəti və təvəkkülü inkarçılara göstərir. Quranda möminlərin çətinlik qarşısında söylədikləri sözlər belə bildirilmişdir:
(Allah) bizə yollarımızı göstərdiyi halda, biz nə üçün Allaha təvəkkül etməyək? Sizin bizə verdiyiniz əziyyətlərə dözəcəyik. Qoy təvəkkül edənlər ancaq Allaha təvəkkül etsinlər. Kafir olanlar öz elçilərinə dedilər: “Sizi ya öz torpağımızdan qovacağıq, ya da mütləq dinimizə qayıdacaqsınız!” Rəbbi də onlara belə vəhy etdi: “Biz zalımları mütləq məhv edəcəyik və onlardan sonra sizi o yerdə sakin edəcəyik.” Bu, hüzurumda durmaqdan qorxanlar və təhdidimdən çəkinənlərə aiddir. (İbrahim surəsi, 12-14)
De: “Allahın bizim üçün yazdığından başqa bizim başımıza heç nə gəlməz. O bizim Himayədarımızdır. Qoy möminlər Allaha təvəkkül etsinlər! (Tövbə surəsi, 51)
Şübhəsiz, bütün bunlar müsəlmanların Allahın yaratdığı taleyə təslimiyyətinin nəticəsidir. Allaha etibar edən insan artıq heç bir qorxu və kədər yaşamayacaq:
Həqiqətən də: “Rəbbimiz Allahdır!”– deyib sonra düz yol tutanlara heç bir qorxu yoxdur və onlar kədərlənməyəcəklər. (Əhqaf surəsi, 13)
Xeyr! Kim yaxşı işlər görüb Allaha təslim olarsa, Rəbbi yanında onun mükafatı olar. Onlara heç bir qorxu yoxdur və onlar kədərlənməyəcəklər. (Bəqərə surəsi, 112)
Şübhəsiz ki, Allahın dostlarının heç bir qorxusu yoxdur və onlar kədərlənməyəcəklər. Onlar iman gətirmiş və (Allahdan) qorxmuşlar. Dünya həyatında da, axirətdə də onlara müjdə vardır. Allahın kəlmələri əsla dəyişilməz. Bu, böyük uğurdur. (Yunis surəsi, 62-64)
Allah başqa ayələrində də Özünə inanan və təslim olan qullarının əsla qopmayacaq bir “ipə” yapışdıqlarını bildirmişdir:
Yaxşı əməl sahibi olub özünü Allaha təslim edən şəxs ən möhkəm dəstəkdən (ipdən) yapışmış olar. Bütün işlərin sonu Allaha qayıdır. (Loğman surəsi, 22)
Dində məcburiyyət yoxdur. Artıq doğru yol azğınlıqdan aydın fərqlənir. Hər kəs tağutu inkar edib Allaha iman gətirərsə, heç vaxt qırılmayan ən möhkəm dəstəkdən (ipdən) yapışmış olar. Allah Eşidəndir, Biləndir. (Bəqərə surəsi, 256)

